Yanvarın 22-də Ukrayna və Azərbaycan diasporları arasında əməkdaşlıq və qarşılıqlı fəaliyyət haqqında Memorandum imzalanıb.
Bu barədə Ukraynanın Azərbaycandakı səfiri Vladislav Kanevski facebook səhifəsində məlumat yayıb.
“Bu hadisənin bütün dünyada ukraynalıların Birlik Gününü qeyd etdiyi bu gün baş verməsi simvolikdir. Axı bütün ukraynalıların səylərinin birləşdirilməsi Ukraynanın qaçılmaz qələbəsinə, suverenliyin və ərazi bütövlüyünün bərpasına zəmanət verən ən güclü silahdır.
Ukrayna Azərbaycanlılarının Birləşmiş Diasporu ilə Azərbaycandakı Ukraynalıların Birləşmiş İcması arasında Memorandum xalqlarımız arasında dostluğun möhkəmləndirilməsi üçün möhkəm zəmin yaradır və Ukrayna ilə strateji tərəfdaşlığın inkişafı çərçivəsində birgə layihələrin həyata keçirilməsinə töhfə verəcək. Memorandumun məqsədi, həmçinin Rusiyanın Ukraynaya qarşı davam edən silahlı təcavüzü kontekstində Ukrayna və Azərbaycan diasporlarının səylərini və birgə fəaliyyətini əlaqələndirməkdir”, səfir bildirib.
Kanevski Ukraynadakı Azərbaycan diasporunun rəhbəri Hikmət Cavadovu və Azərbaycandakı Ukrayna İcmasının rəhbəri Tamila Musayevanı səfirliyin binasında qəbul edib, Ukraynaya dəstək məqsədilə layihələrin həyata keçirilməsində mümkün töhfələrinə görə onlara təşəkkürünü bildirib.
Müxtəlif mənbələrin məlumatına görə, Ukraynada müharibədən öncə təxminən 500 min azərbaycanlı yaşayıb. Bu ölkənin çoxsaylı şəhərlərində Azərbaycan diaspor təşkilatları fəaliyyət göstərir. Azərbaycanda isə rəsmi statistikaya görə, 21.5 min ukrayn yaşayır.
Forum