Accessibility links

Ukrayna rəsmiləri Rusiya dronunun hücumu nəticəsində Odesada azı 3 nəfərin öldüyünü bildirib


Ukrayna rəsmiləri cümə günü Rusiyanın pilotsuz təyyarəsinin gecə saatlarında ölkənin Qara dəniz sahilindəki Odesa limanının ticarət sahəsinə zərbə endirdiyini, yanğın baş verdiyini və azı 3 nəfərin öldüyünü bildiriblər.

Ordu keçən gecə hava hücumundan müdafiə vasitələrinin Rusiyanın Ukraynaya qarşı istifadə etdiyi 31 pilotsuz uçuş aparatından 23-nü məhv etdiyini bildirib. Cənub qüvvələri 9 dronun qarşısını aldıqlarını, lakin birinin limanın yaxınlığındakı ərazini vurduğunu və yanğına səbəb olduğunu deyib.

Dnepropetrovsk vilayət qubernatoru Sergiy Lısak Telegram kanalında Rusiya dronunun yaşayış binasını vurduğunu, 8 nəfərin yaralandığını yazıb. O, xilasedicilərin dağıntılar altında axtarış apardıqlarını və sakinlərin hələ də dağıntılar altında ola biləcəyini bildirib.

Rusiyanın Ukraynaya təcavüzü 2022-ci il fevralın 24-də başlayıb və ikinci ildönümü yaxınlaşdıqca dünyanın aparıcı sənaye ölkələrindən ibarət Böyük Yeddilərin liderləri Ukraynaya dəstəklərini müzakirə etmək üçün şənbə günü virtual görüş keçirəcək.

Ağ Evin mətbuat katibi Karin Jan-Pyer çərşənbə günü jurnalistlərə deyib ki, Ukrayna prezidenti Volodimir Zelenski danışıqlarda iştirak edəcək və qrup "Rusiyanı məsuliyyətə cəlb etməyə davam etmək üçün birlikdə atılacaq addımları" müzakirə edəcək.

Birləşmiş Ştatlar həmçinin cümə günü Rusiyanın Ukraynaya təcavüzü və müxalifət lideri Aleksey Navalnının həbsdə ölümünə görə ona qarşı sanksiyaların yeni mərhələsini açıqlamağa hazırlaşır.

ABŞ maliyyə nazirinin müavini Uolli Adeyemo Reuters xəbər agentliyinə yeni sanksiyaların 500-dən çox hədəfə qarşı olacağını deyib.

Avropa Birliyi çərşənbə günü Rusiyaya qarşı özünün yeni sanksiyalarını tətbiq etməyə razılıq verib.

Sanksiyalara 200-ə yaxın şəxsə və quruma Avropa İttifaqındakı şirkətlərlə iş görmək və ya oraya səyahət etmək qadağası daxildir.

Forum

XS
SM
MD
LG