Accessibility links

ABŞ və Ukraynanın Azərbaycandakı səfirlikləri “Mariupolda 20 gün” filminin nümayişini təşkil edib


ABŞ və Ukraynanın Azərbaycandakı səfirləri “Mariupolda 20 gün” filminin nümayişi zamanı (Mənbə: ABŞ səfirliyi)
ABŞ və Ukraynanın Azərbaycandakı səfirləri “Mariupolda 20 gün” filminin nümayişi zamanı (Mənbə: ABŞ səfirliyi)

ABŞ və Ukraynanın Azərbaycandakı səfirlikləri Rusiyanın Ukraynaya genişmiqyaslı işğalının ikinci ildönümünə həsr olunan Oskar mükafatına namizəd “Mariupolda 20 gün” adlı sənədli filminin birgə nümayişini təşkil edib.

ABŞ səfirliyi bildirir ki, “Birləşmiş Ştatlar Ukraynanı və onun xalqını Rusiyanın təcavüzü və qəddarlığı qarşısında cəsarət və güc nümayiş etdirdiyinə görə təqdir edir.”

Mstislav Çernovun mühasirəyə alınmış Ukrayna şəhəri və Rusiyanın işğalından sonra orada qalan beynəlxalq jurnalistlər haqqında dəhşətli xronikası olan “Mariupolda 20 gün” filmi ən yaxşı sənədli film nominasiyasında Oskar mükafatına namizəddir.

Mstislav Çernovla birgə fotoqraf Yevgeni Maloletka və sahə prodüseri Vasilisa Stepanenkonun qeydə aldıqları şəkillər və hekayələrdə - 4 yaşlı qızın ölümü, təzəcə qazılmış kütləvi məzarlıqlar, doğum evinin bombalanması - mühasirənin acınacaqlı, amansız reallıqları inandırıcı şəkildə sənədləşdirilib.

Rusiyanın Ukraynaya genişmiqyaslı hücumu 2022-ci il fevralın 24-də başlayıb.

BMT-nin məlumatına görə, Rusiyanın genişmiqyaslı hərbi müdasiləsi başlayandan bəri 10 mindən çox dinc sakin həlak olub, 20 minə yaxın insan yaralanıb.

96-cı “Oskar” mükafatlandırma mərasimi martın 10-da baş tutacaq.

Forum

XS
SM
MD
LG