Ukraynadakı xaricilər öz ölkələrinin nisbi təhlükəsizliyində yaşamaq əvəzinə, atəş təhlükəsi ilə üzləşərək, bu ölkədə çətin vəziyyətdə yaşamağa üztünlük verir. Amerikanın Səsi onların müharibə zamanı Ukraynada qalma səbəbini öyrənmək üçün ABŞ və Danimarka vətəndaşları ilə görüşüb.
Vaşinqtondakı Kapitolidən Kyiv şəhərinin yaxınlığındakı soyuq anbara yerləşən Konqresin keçmiş aparat rəhbəri Stiven Mur Rusiyanın 2022-ci ilin fevralın 24-ü təcavüzündən sonra harada qalmalı olduğunu bilirdi. Ukraynada yaşayan amerikalı Stiven Mur: "Beləliklə, mən təyyarəyə mindim və müharibənin beşinci günündə Ukraynaya gəldim."
Və o, ləvazimatlarla gəlib. "Mən binokl, telsiz cihazlar, hər cür fənər və tibbi ləvazimatlar kimi əşyalar aldım. Mən onları dörd çamadana, dörd böyük çamadana yerləşdirdim."
Mur Ukraynaya girmək istəyəndə, insanlar oranı tərk etmək üçün uzun növbələrdə gözləyirdilər.
İlk səfərində Mur özü ödədiyi ləvazimatları gətirib. Daha sonra o, ABŞ-da qeyri-gəlir təşkilatı yaradıb və Kyivə köçüb. Mur onun bunu etməsinə nəyin səbəb olduğunu izah edir. "İki şey - mən Ukraynanı sevirəm. Mən Ukraynanı sevirəm və bu səbəblərin bir hissəsi, azadlığın mənim üçün çox vacib olmasıdır. Beləliklə, mən ukraynalıların öz azadlıqları uğrunda mübarizə apardığını görürəm".
Mur Kapitolidəki keçmiş həmkarlarına Ukraynada baş verənlər haqqında məlumat verir. Sentyabrdan bəri o, Konqresin yüzə yaxın ofisini ziyarət edib. "Amerika Avropa və Yaxın Şərqdəki müharibələrdə iştirak edib-etməmək seçiminə malik olması illüziyası ilə yaşayır. Və seçim hə və ya yox deyil. Seçim odur ki, biz indi bahalı olmayan silahları göndəririk, ya da biz qoşun - oğullarımızı və qızlarımızı göndəririk. Çünkü Putin Ukraynada döyüşlərə son qoyan deyil."
Mur yaxın zamanda vətəninə qayıtmayacaq.
Kyivin indi onun doğma şəhəri olduğunu deyən danimarkalı Karen-Mari Kragelond da eyni fikirdədir. Biz Kragelondla Ukrayna dili dərsindən dərhal sonra görüşdük. O, rus dilini mükəmməl bilir, lakin illərini Ukraynada keçdikdən sonra onun rəsmi dilində danışmaq istəyir. Ukraynada yaşayan danimarkalı Karen-Mari Kragelond: "Mən bura İT [informasiya texnologiyası] sənayesinə qoşulmaq üçün gəlmişəm və təxminən altı il əvvəl şirkətlərə transformasiya və dəyişikliklərin idarə edilməsi ilə bağlı məsləhət vermək üçün şəxsi biznesimi qurdum. Əslində, gələn həftə mənim burada 17 illim tamam olacaq".
Müharibə başlayanda Kyivdə atışma başlayanda o, Ukraynanın qərbinə köçüb və daha sonra Hollandiyada işə düzəlib. Bir ildən sonra o, Ukraynaya qayıtmaq qərarına gəlib. "Bilirsiniz, biz sərhədi keçdik və bu, sadəcə, böyük rahatlıq idi. Ukrayna torpağına qayıtmaq. Və mən "Ah, bəli. Artıq özümü yarı ukraynalı hiss edirəm. Mən burada nəyisə dəyişə bilərəm" dedim".
Münaqişədən danışanda Kragelond “bizim müharibəmiz” deyir. O, Ukraynaya mümkün qədər yardım etmək istəyir. "Maliyyə baxımından əlbəttə ki, bu, yardım etmək üçün bir yoldur. Yardım etməyin başqa bir yolu burada təşkilatlara məsləhət verməkdir. Mən hazırda çox böyük bir qeyri hökumət təşkilatı ilə həmin təşkilatı gücləndirmək üçün işləyirəm".
Həm Mur, həm də Kragelond deyir ki, dostları və qohumları onların müharibə zonasında yaşamaq seçimlərini başa düşməsələr də, onları vətənlərinə qayıtmağa inandırmaq cəhdlərini dayandırıb.
Forum