Accessibility links

Navalnının ölümündən sonra Rusiya ABŞ-da siyasi diskussiyalarda mərkəzi yer tutur


Navalnının ölümündən sonra Rusiya ABŞ-da siyasi diskussiyalarda mərkəzi yer tutur
please wait

No media source currently available

0:00 0:02:54 0:00

Rusiyanın tanınmış müxalifət lideri Aleksey Navalnının ölümündən sonra Rusiya Amerikada siyasi müzakirələrin mərkəzində yer alıb və Konqresdəki Respublikaçılara Ukraynaya dəstəklə bağlı təzyiqlər artıb. Prezident Co Bayden və onunABŞ-da noyabrda keçiriləcək seçkilərdə əsas rəqibi olacağı gözlənilən keçmiş prezident Donald Tramp əks fikirlər səsləndirirlər.

Bayden və Tramp ABŞ-da prezident seçkiləri ilə bağlı müzakirələrə başlayıb.

Müxalif siyasətçi Aleksey Navalnının Rusiya həbsxanasında ölməsi ABŞ-da Rusiya prezidenti Vladimir Putin və onun Ukraynaya müdaxiləsi ətrafında siyasi ritorikanı kəskinləşdirərək, prezident Co Bayden və onun əsas rəqibi Donald Tramp arasında aydın fikir ayrılığını ortaya qoyub.

Bayden Rusiya rəsmilərinin Navalnının Arktika koloniyasında “qəfil ölüm sindromu” ilə əlaqələndirdiyi ölümünə görə məsuliyyəti qeyd edərək, sərt sanksiyalarla hədələyib.

Prezident Co Bayden: “Məsələ ondadır ki, Putin məsuliyyət daşıyır. Onun özünün sifariş verib-verməməsindən asılı olmayaraq, o, insanın yerləşdirildiyi şəraitə görə məsuliyyət daşıyır. Və bu, onun kim olduğunu əks etdirir. Buna sadəcə dözmək olmaz. Mən demişəm ki, bunun bədəli olacaq.”

Kreml iddianın “əsassız” olduğunu bildirib.

Tramp və onun Respublikaçılar Partiyası fərqli mövqe tutub və Tramp NATO-nu Bayden qədər dəstəkləməyəcəyini bildirib. Bu yaxınlarda Fox News kanalında keçirilən tədbirdə o özünü Navalnı kimi siyasi təqib qurbanı kimi təsvir edib.

ABŞ-ın keçmiş prezidenti Donald Tramp: “Bu, dəhşətli bir şeydir, amma bizim ölkədə də baş verir. Biz bir çox cəhətdən kommunist ölkəsinə çevrilirik. Əgər baxsanız, mən əsas namizədəm. Anlayıram…Mən əvvəllər heç vaxt ittiham olunduğunu eşitməmişəm. Dörd dəfə ittiham olunmuşam, səkkiz-doqquz məhkəmə prosesim var, bunların hamısı - siz bunu bilirsiniz - hamısı siyasətdə olduğum üçündür”.

Tramp Rusiyanın Ukraynaya qarşı müharibəsini necə bitirəcəyi ilə bağlı müəyyən təsəvvür yarada bilməyib, bunun əvəzinə deyib ki, o, prezident olsaydı, Putin heç vaxt Ukraynaya müdaxilə etməzdi.

Respublikaçılar münaqişəni nəyə görə maliyyələşdirməli olduqlarını sual edirlər. Rusiya qüvvələri bu yaxınlarda mühüm şəhəri ələ keçirib və Ağ Ev bunu Ukrayna qüvvələrinin təcili yardıma ehtiyacı olduğuna sübut kimi göstərib.

Bəzi respublikaçılar dayandırılmış 95 milyard dollarlıq yardım paketini təsdiqləyəcəklərinə əmindirlər. Bu yardımın əksəriyyəti Ukrayna üçün nəzərdə tutulub.

Nümayəndələr Palatasının Respublikaçı üzvü Brayan Fitzpatrik: “Düşünürəm ki, Avropa və ABŞ-ın ləng reaksiyası, əlbəttə ki, Ukraynaya ziyan vurur. Məhz buna görə də bunun baş verməsinə icazə verə bilmərik və ona görə də nəsə edəcəyik”.

Bu arada müharibə daha böyük əhəmiyyət kəsb edir.

Cons Hopkins Universitetinin elmi işçisi Peter Pomerantsev: “Bu, Amerika ilə bağlıdır. Amerika vədlərinə əməl edən, müttəfiqlərinə hörmət edən və gücünü nümayiş etdirə bilən bir güc rolunu oynamağa davam edəcəkmi? Yoxsa, Amerika ciddi bir güc kimi bitdi? İndi sual budur. Artıq söhbət Rusiya və ya Ukraynadan getmir”.

Moskva və Vaşinqtonu təxminən 8000 kilometr məsafə ayırır. Lakin Birləşmiş Ştatlar noyabr ayına yaxınlaşdıqca, onların taleyi həmişəkindən daha çox bir-birinə bağlanır.

Forum

XS
SM
MD
LG