Energetika naziri Pərviz Şahbazov X sosial şəbəkəsindəki hesabında paylaşımda bu ilin yanvar-fevral aylarında Azərbaycanın Avropaya 2,1 milyard kubmetr təbii qaz ixrac etdiyini bildirib. Bu isə illik müqayisədə 10,5% çoxdur.
“Bu ilin yanvar-fevral aylarında Avropaya 2,1 mlrd. kubmetr, Türkiyəyə 1,4 mlrd. kubmetr, Gürcüstana isə 0.6 mlrd. kubmetr qaz ixrac olunub. Bu dövrdə TANAP-la Türkiyəyə 0.8 mlrd. kubmetr qaz nəql edilib,” paylaşımda qeyd olunub.
Eyni zamanda, Energetika Nazirliyinin açıqladığı operativ məlumatlarında deyilir ki, hesabat dövründə Türkiyəyə Trans-Anadolu Qaz Boru Kəməri (TANAP) ilə 0,8 milyard kubmetrə yaxın qaz nəql olunub. Bu da illik müqayisədə 0,1 milyard kubmetr və ya 11,12 % azdır.
TAP-ın tikintisi 2020-ci ilin oktyabrında başa çatıb. Azərbaycan qazının TAP vasitəsilə İtaliya, Yunanıstan və Bolqarıstandakı istehlakçılara tədarükü 2020-ci il dekabrın 31-dən başlayıb.
Türkiyəyə Azərbaycanın “Şahdəniz” yatağından hasil edilən təbii qaz nəql olunur. Təbii qaz həcmləri Cənubi Qafqaz Boru Kəməri (Bakı-Tbilisi-Ərzurum) və TANAP vasitəsilə Türkiyə bazarına çatdırılır.
Azərbaycan prezidenti İlham Əliyev 2022-ci ildə Bakıda Avropa Komissiyasının prezidenti Ursula fon der Leyenlə birlikdə Energetika sahəsində strateji tərəfdaşlıq haqqında memorandum imzalayıb.
Müşahidəçilər hesab edir ki, Rusiya-Ukrayna müharibəsi fonunda bir sıra Avropa İttifaqı ölkələrinin Azərbaycanın enerji resuslarına marağı getdikcə artır. Onlar hesab edir ki, xüsusilə müharibə fonunda Rusiyaya tətbiq edilən sanksiyalar nəticəsində bu ölkədən Aİ-na qaz ixracının dayandırılması Azərbaycanın qazına tələbatı artırıb.
Aİ ölkələrinə - Yunanıstan, Bolqarıstan və İtaliyaya qaz ixracı ilə yanaşı, Azərbaycan Gürcüstana və Türkiyəyə də mavi yanacaq tədarük edir.
Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban Amerikanın Səsinə bildirib ki, Azərbaycan əlavə qaz həcmlərinin Avropaya ixracı məqsədi ilə infrastrukturun genişləndirlməsini nəzərdə tutan memorandum imzalayıb.
“Bu ölkələr sırasında Türkiyə, Bolqarıstan, Rumıniya, Macarıstan və Slovakiya olacaq. Bundan nəticə çıxarmaq olar ki, Azərbaycanın genişləndirilmiş qazı Avropanın cənubuna, Balkanlara deyil, Şərqi və Mərkəzi Avropa ölkələrinə ixrac ediləcək”, o qeyd edib.
Rəsmi statistikaya görə, Azərbaycanın 800 milyon tondan çox neft, 2,6 trilyon kubmetr qaz ehtiyatları var.
Forum