Accessibility links

Azərbaycan qazının Slovakiyaya tranziti müzakirə edilib


Azərbaycan Prezidenti İlham Əliyev və Slovakiyanın Baş naziri Robert Fiko (Mənbə: Azərbaycan Prezidentinin Administrasiyası)
Azərbaycan Prezidenti İlham Əliyev və Slovakiyanın Baş naziri Robert Fiko (Mənbə: Azərbaycan Prezidentinin Administrasiyası)

Mayın 7-də Slovakiyanın Baş nazirinin Azərbaycana rəsmi səfəri çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev və Slovakiyanın Baş naziri Robert Fiko təbii qaz sahəsində əməkdaşlıq məsələlərini müzakirə edib.

Bununla yanaşı danışıqların yekunu olaraq iki ölkə arasında strateji tərəfdaşlığın yaradılması haqqında birgə bəyannamə, hərbi-texniki əməkdaşlıq sahəsində anlaşma memorandumu və müdafiə sahəsində əməkdaşlıq haqqında saziş də imzalanıb.

Prezident İlham Əliyev bildirib ki, müdafiə və müdafiə sənayesi sahələri üzrə geniş fikir mübadiləsi aparılıb.

“Müdafiə sənayesi sahəsində birgə istehsal sahələrinin yaradılması haqqında artıq konkret danışıqlara da start verilib”, o qeyd edib.

Əliyevin sözlərinə görə, energetika sektorundakı əməkdaşlıq çox geniş müzakirə edilib.

“Azərbaycan hazırda 8 ölkəyə öz təbii qazını ixrac edir və ümidvaram ki, 9-cu ölkə Slovakiya olacaq. Keçən ilin aprel ayında “Həmrəylik Halqası” adlanan sənəd imzalanmışdır və beləliklə, Azərbaycan qazını Slovakiya bazarına da nəql etmək üçün yaxşı imkanlar yaradılmışdır”, o qeyd edib.

Prezident deyib ki, Avropaya təchizat 2021-ci ildəki 8 milyard kubmetrdən bu il 12 milyard kubmetrə qədər qalxacaq.

“Bu da Azərbaycanın ümumi qaz ixracının 50 faizini təşkil edir. Bizim planlarımızda 2027-ci ilin sonuna qədər təkcə Avropa İttifaqı məkanına 20 milyard kubmetr qazın nəql edilməsi məsələsi dayanmışdır və mən hesab edirəm ki, biz buna nail olacağıq”, Əliyev qeyd edib.

Robert Fiko bildirib ki, Ukraynada baş verən müharibə səbəbindən Slovakiyanın nəqliyyat infrastrukturunun istifadəsi mürəkkəbləşib.

“Azərbaycan qazının Rusiya-Ukrayna sərhədindəki məntəqə vasitəsilə Ukrayna ərazisindən idxal edilməsi layihəsi var. Söhbət 20 milyard kubmetrlik həcmdən gedirsə, bu, hamı üçün maraqlı olmalıdır”, o qeyd edib.

Baş nazirin dediyinə görə, Slovakiya təkcə Azərbaycandan qaz almaq istəmir, Azərbaycan qazını Ukrayna ərazisindən Slovakiyaya idxal etmək istəyir.

”Ukraynanın Baş nazirinin dediyi kimi, Azərbaycan qazı olduğu yerdə Rusiya ilə Ukrayna arasında müəyyən razılığa gəlmək olar. Bu, hər kəs üçün faydalı olar, həm Slovakiya üçün, həm Azərbaycan üçün, həm də Ukrayna üçün. Çünki onlar bunun tranzitini həyata keçirəcək. Bu, nümunəvi bir layihə ola bilər”, o qeyd edib.

İlham Şaban
İlham Şaban

Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban Amerikanın Səsinə bildirib ki, Slovakiya baş nazirnin Azərbaycan qazının Rusiya vasitəsi ilə Ukrayna ərazisindən tranziti ilə bağlı fikirləri mümkün ola bilər. Ancaq Ukrayna Rusiya qazının ərazisindən tranzitini dayandıracağını bəyan edib.

“Azərbaycanla Rusiya arasında qaz infrastrukturu mövcuddur. İkinci tərəfdən, hazırda Rusiya qazı da Slovakiyaya Ukrayna ərazisindən keçməklə çatdırılır. Əgər Ukrayna Rusiya qazının tranzitinə dair müqaviləni uzatmasa onda bu cür nəqletmə mümkün olmayacaq. İki il öncə, 2022-ci ildə Slovakiya Azərbaycan qazının mümkün idxalına dair bildirib ki, Macarıstan üzərindən Azərbaycan qazını almağa hazırlaşır. O zaman qeyd edilmişdi ki, bu 500 milyon kubmetr həcmlərdən başlanacaq. İndi, bu il Azərbaycan qazı artıq Macarıstana gedir. Macarıstandan da interkonnektor vasitəsi ilə Slovakiyaya çatdırıla bilər. Nədən Slovakiya Azərbaycan qazının Rusiya və Ukrayna üzərindən çatdırlmasını təklif edir? Bu onların özlərinə aid məsələdir”, təhlilçi belə düşünür.

İlham Şaban deyib ki, 2024-cü ilin 31 dekabrında Rusiya ilə Ukrayna arasında Rusiya qazının Avropaya tranzit nəqli ilə bağlı 2019-cu ildə imzalanmış beş illik müqavilə başa çatır.

“Ukrayna tərəfi bəyan edib ki, bu müqaviləni uzatmaq fikrində deyil. Avropa Komissiyası da Ukraynaya dəstək verib, onun bu istəyini alqışlayıb və Avropa İttifaqı ölkələrinə təklif verib ki, özlərinə alternativ mənbələrdən qaz idxalı barədə düşünsünlər”, o qeyd edib.

Təhlilçi deyib ki, hazırda Rusiyaya qarşı Avropa İttifaqının 14-cü sanksiyaları gündəmdədir. Gözlənilir ki, ilk dəfə olaraq təbii və maye qazın ixracına qadağanı da oraya daxil etsinlər.

Forum

XS
SM
MD
LG