Accessibility links

Azərbaycanın Orta Asiya-Avropa İttifaqı əlaqələrində rolu müzakirə edilib


Ceyhun Bayramov və Terhi Hakalan (Mənbə: Xarici İşlər Nazirliyi)
Ceyhun Bayramov və Terhi Hakalan (Mənbə: Xarici İşlər Nazirliyi)

Aprelin 16-da Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Avropa İttifaqının Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Terhi Hakalanla görüşüb.

Azərbaycan Xarici İşlər Nazirliyinin məlumatında deyilir ki, görüşdə tərəflər Azərbaycan-Avropa İttifaqı əlaqələrinin cari vəziyyəti və perspektivləri, Azərbaycanın Orta Asiya-Avropa İttifaqı əlaqələrində rolu, beynəlxalq platformalar və formatlar çərçivəsində əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparıblar.

“Enerji təhlükəsizliyi, kommunikasiyalar və nəqliyyat sahəsində Avropa İttifaqı ilə əldə olunmuş razılıqlar və bu çərçivədə Orta Asiya ilə əlaqələr müzakirələrin əsas mövzusunu təşkil edib. Özündə enerji təhlükəsizliyi sahəsində birgə fəaliyyəti, habelə alternativ enerji resurslarının inkişaf etdirilməsini nəzərdə tutan Azərbaycanla Avropa İttifaqı arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumunun bu istiqamətdə əməkdaşlıqda əhəmiyyəti vurğulanıb”, məlumatda qeyd edilir.

Görüşdə həm Bakı Limanında, həm də nəqliyyat və kommunikasiyaların inkişafı sahəsində həyata keçirilən işlər də diqqət mərkəzində olub.

Avropa İttifaqı Azərbaycanı mühüm tərəfdaş hesab edir.

“Biz xüsusən energetika, islahatlar, ticarət və investisiyalar sahəsində məhsuldar əməkdaşlığımızın davam etdirilməsində və möhkəmlənməsində maraqlıyıq".

Bu barədə Avropa İttifaqının ATƏT-dəki Nümayəndəliyinin hələ 2023-cü ildə qəbul etdiyi bəyanatında deyilir.

Bəyanatda deyilir ki, energetika və rabitəlilik Aİ-nin İqtisadi və İnvestisiya Planının əsas elementlərini təşkil edir.

“Planın məqsədi Azərbaycana 2 milyard avroyadək mühüm dövlət və özəl investisiyalarının cəlb olunmasından ibarətdir. Azərbaycan Avropanı Mərkəzi Asiya və onun hüdudlarından kənarda birləşdirən Orta Dəhlizin inkişaf etdirilməsində və xüsusilə Cənub Qaz Dəhlizi vasitəsilə enerji mənbələrinin və nəqliyyat marşrutlarının şaxələndirilməsində əsas rol oynayır. 2022-ci ilin iyul ayında Bakıda Enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu imzalanıb”, Aİ-nın bəyanatında deyilir.

Forum

XS
SM
MD
LG