Accessibility links

Avropa İttifaqı Azərbaycanda insan hüquqlarının vəziyyətinə dair narahatlıq ifadə edib


"Meclis.info"nun rəhbəri İmran Əliyev barəsində həbs qətimkan tədbiri seçildikdən sonra polis maşınına mindirilərkən. (19 aprel 2024-cü il)
"Meclis.info"nun rəhbəri İmran Əliyev barəsində həbs qətimkan tədbiri seçildikdən sonra polis maşınına mindirilərkən. (19 aprel 2024-cü il)

Avropa İttifaqı Azərbaycan hakimiyyətini əsassız yerə həbs edilən bütün şəxsləri azad etməyə, həbsdə olanların hüquqlarını, o cümlədən onlar üçün ləyaqətli və təhlükəsiz şəraiti təmin etməyə çağırıb.

Aİ mayın 29-da yaydığı bəyanatında Azərbaycan prezidenti İlham Əliyevin mayın 25-də əfv sərəncamı imzaladığı, ancaq keçmişdən fərqli olaraq bu dəfə əfv edilənlər sırasında “fundamental hüquqlarını həyata keçirdiklərinə görə cəza çəkən” şəxslərin yer almadığını vurğulayıb.

Bəyanatda bildirilir ki, son aylar müstəqil jurnalistlərin, hüquq müdafiəçilərinin və siyasi fəalların siyasi motivli ittihamlarla həbslərinin narahatedici artımı müşahidə olunur. Xüsusilə Abzas Media, Toplum TV, Kanal 11 və Kanal 13 kimi müstəqil mediaların nümayəndələri, III Respublika Platforması kimi siyasi hərəkatlar, əmək hüquqlarını müdafiə edən qruplar və Demokratik Təşəbbüslər İnstitutu kimi digər təşkilatlar hədəfə alınıb və onların bir çoxunun həbs müddəti dəfələrlə uzadılıb.

“Avropa İttifaqı Azərbaycanı əsas hüquqlarını həyata keçirdiklərinə görə həbs edilən bütün şəxsləri azad etməyə, məhbuslar üçün ləyaqətli və təhlükəsiz şəraiti, o cümlədən onların sağlamlıq və müstəqil hüquqi xidmətlərdən tam istifadəsini təmin etməyə çağırmaqda davam edir”, bəyanatda qeyd edilir.

Aİ həmçinin Qubad İbadoğlu və Ələsgər Məmmədlinin səhhəti ilə bağlı narahatlıq ifadə edib və Azərbaycan hakimiyyətini İbadoğlunun xaricdə tibbi müalicə ala bilməsi üçün ona qarşı qoyulan səhayət qadağasını ləğv etməyə çağırıb.

Bəyanatda Azərbaycanın ev sahibliyi edəcəyi COP29 konfransının mərkəzində vətəndaş cəmiyyətinin dayandığı, bu tədbirin Azərbaycanın beynəlxalq hüquq üzrə öhdəliklərinə sadiqliyini təsdiqləməsi, azad və müstəqil vətəndaş cəmiyyətinin işinə şərait yaratması üçün fürsət olduğu bildirilir.

Sonda Aİ Azərbaycanda hər kəsin mənafeyi naminə insan hüquqları və qanunun aliliyi də daxil olmaqla əməkdaşlığın bütün əsas istiqamətləri üzrə dialoqu davam etdirməyə sadiq olduğunu vurğulayıb.

Azərbaycanda ötən ilin noyabrından başlayaraq 20-dən artıq jurnalist, vətəndaş cəmiyyəti nümayəndəsi “qaçaqmalçılıq” və digər cinayət ittihamları ilə saxlanılıblar. Korrupsiya araşdırmaları ilə tanınan Abzas Media və Toplum TV kimi müstəqil media orqanlarının redaksiyaları bağlanıb.

Bugünədək bir sıra ölkələr, çoxsaylı beynəlxalq hüquq-müdafiə təşkilatları Azərbaycan hakimiyyətini tənqidi səslərə qarşı siyasi təqibləri dayandırmağa, həbs edilən jurnalistləri və fəalları azad etməyə çağırıblar.

Bakı isə bu cür çağırışları və tənqidləri “Azərbaycanın daxili işlərinə, istintaq prosesinə və məhkəmə hakimiyyətinin müstəqilliyinə müdaxilə” kimi qiymətləndirir və Azərbaycanda fundamental hüquq və azadlıqların, eləcə də media azadlığının “tam olaraq” təmin edildiyini qeyd edir.

Forum

XS
SM
MD
LG