Accessibility links

Akif Qurbanov: İqtidarın əsas idarəetmə metodu cəmiyyəti xofda saxlamaqdır


Akif Qurbanov
Akif Qurbanov

“Toplum TV” işi üzrə həbsdə olan III Respublika Platformasının spikeri Akif Qurbanov Bakı Apellyasiya Məhkəməsindəkı çıxışında onunla bağlı yayılan məlumatları "əsassız" adlandırıb.

Akif Qurbanovun çıxışı III Respublika Platformasının facebook hesabında yayılıb.

Onun çıxışının əsas istiqmətləri barəsindəki ittihamların əsassızlığı, iqtidaryönümlü mediada yayılan məlumatların reallığı əks etdirməməsi və iqtidarın ölkəni “xof yaratma metodu ilə idarə etməsidir”.

Çıxışda deyilir ki, heç bir hüquq pozuntusuna yol vermədiyi, cəmiyyətə və ölkəyə ziyan vuracaq heç bir əməl törətmədiyi halda həbs edilib.

“Hakimiyyət bizi öz repressiya maşınının cənginə atıb. Siyasi hakimiyyət silsilə və sistemli xarakter alan bu repressiyalarla bizi təkcə fiziki cəzalandırmaq, usandırmaqla kifayətlənmir, həmçinin cəmiyyətin gözündən salmaq üçün hər cür qarayaxma və böhtandan yararlanmağa çalışır”, o qeyd edib.

Qurbanov hesab edir ki, iqtidarın əsas idarəetmə metodlarından biri "cəmiyyəti xofda saxlamaqdır".

O hakimiyyətdə çalışanların korrupsiyanı, yeyintini, özbaşınalığı həyat tərzlərinə çevirdiklərini bildirib.

“Bu düşüncənin sahibləri hər yerdə bu günün psixologiyası ilə yaşayırlar. Sabah nə olacağı onları düşündürmür. Bu günün uğuru üçünsə zorbalığa, fiziki gücə, pula və yalana arxalanaraq, insanları aldatmağa çalışırlar. Eyni zamanda, cəmiyyətin kiməsə etimadından çox narahat olurlar. Ona görə də kim parlasa, beşikdəcə boğur, müxtəlif iyrənc metodlarla cəmiyyətin gözündən salmağa çalışırlar”, o qeyd edib.

III Respublika Platformasının spikeri hesab edir ki, mövcud hakimiyyət əsas alət və iştirakçı kimi müxalif mövqeli siyasi qurumların içindən çıxan insanlardan istifadə edir.

“Özünü müxalif sayan, amma hakimiyyətin “ucuz işçi qüvvəsinə” çevrilən öz əqidəsizliklərinə, düşərgə dəyişmələrinə, karyera və məişət problemlərinin əsasında müxalifik etdiklərinin üzə çıxmasını ört-basdır etmək üçün “haqq yolu”na qayıtdıqlarına təsəlli tapmağa çalışırlar”, o fikrini belə əsaslandırıb və konkret adllar çəkməyib.

Qurbanov həbsinin və aparılan istintaqın hüquqi əsaslandırmasının tamamilə qondarma olduğunu hesab edir.

“Burada təkcə məni yox, heç bir məsuliyyəti, təşkilatçı və sərəncamverici, qərarverici rolu olmayan dostlarımın da həbs edilməsi, şəxsi ünsiyyətdə olduğum ictimai işə aidiyyatı olmayan insanların da cəzalandırılması həm bizləri sarsıtmaq, həm də ətrafımıza və cəmiyyətə qorxu mesajı verməkdir ki, bizə yaxın gəlməsinlər. Məqsəd odur ki, kimlərsə də gələcəkdə belə “xam xəyallar”a düşməsinlər”.

Qurbanov son zamanlar onunla və bu iş üzrə həbs edilənlərlə bağlı iqtidaryönümlü medada dərc olunan yazıların həqiqəti əks etdirmədiyini bildirib.

“Haqqımızda yazılan və yazdırılan mətnlərin, yayımlanan efir və videoların istinad etdiyi “fakt” və “rəqəmlər”in heç biri hökumətin əlaltı mediasının araşdırması deyil. Bunlar hüquq mühafizə orqanlarının Prezident Admintrasiyasının siyasi sifarişi ilə yalan-doğru məlumatları bir-birinə qataraq yığa bildiyi, hədə-qorxu ilə insanların boyunlarına qoyduqları söz yığınıdır”, o çıxışında barələrində dərc olunan məqalələri yayan media qurumlarının adlarıını sadalayıb.

Qurbanov barələrində dərc olunan məqalələrdə qanunsuz gəlir əldə etdiklərinin iddia olunmasını rədd edib.

“Məsələn, qeyd olunur ki, mənim və Ələsgər Məmmədlinin bank hesablarına on minlərlə pul gəlib və biz onu qanunsuz əldə etmiş və ya istifadə etmişik, guya onlar cari hesablar olub. Onu yazanlar da, yazdıranlar da gözünün içinə qədər və həyasızcasına cəmiyyətə yalan danışırlar. Çünki həmin hesablar VÖEN əsasında açılıb. Sahibkarlıqla məşğul olanlar bunu yaxşı bilirlər. Uzun illər həmin hesablardan xidmət müqaviləsi əsasında vəsait əldə etmişik və vergi daxil olmaqla bütün dövlət ödənişləri həyata keçirilib. Bizim vergilərimiz əsasında maaş alan mirzələr bax beləcə ağ yalanlarla cəmiyyətin gözünə kül üfürməyə çalışırlar”, III Respublika Platformasının Spikeri qeyd edib.

Akif Qurbanov öz gəliləri barədə də hesabat xarakterli məlumat verib.

“Açıq bəyan edirəm ki, mənim və ailəmin nə əmlakı varsa, hamısı 2019-cu ilə qədər əldə olunub. 2019-cu ildən sonra heç bir əmlak əldə etməmişəm. Əldə etdiklərim də gizli deyil, açıqdır və cəmiyyətə hesabatını vermişəm. Onların mənbəyi də açıqdır. 2006-2016-cı illərdə Mərkəzi Seççi Komissiyasının üzvü olaraq dövlət büdcəsindən o dövr üçün yüksək maaş və mükafatlar almışam. Həmçinin VÖEN əsasında fiziki şəxs kimi 2015-ci ildən etibarən xidməti müqavilə əsasında rəsmi bank hesabım üzərindən gəlir əldə etmişəm. Eyni zamanda, həyat yoldaşım 2006-cı ildən indiyə qədər beynəlxalq qurumlarda çalışır və aldığı məvacib Azərbaycanın orta göstəricilərindən xeyli yüksəkdir. Bunu da dövlət qurumları yaxşı bilirlər, çünki dövlətə hər ay ödəmələr edir və həmin vergi əsasında “mirzə və canişin”lər evlərinə çörək aparırlar”, Qurbanov qeyd edib.

III Respublika Platformasının spikeri hesab edir ki, indi Azərbaycan “Stalin və onun NKVD üsulu” ilə idarə olunur.

“Necə ki Stalin direktiv göndərərək “minin belinə, etiraf etməyincə düşməyin” üslubunu tələb edir, NKVD də icra edirdi. Stalin “ziyankarların” - müxaliflər və “daxili düşmənlər”in günahını “sübut” edən materialların mətbuatda - “Pravda”, “İzvestiya” qəzetlərində dərc edilməsini tapşırırdı. Sonra da elan verdirirdi ki, bu yaramazların hamısı güllələnəcək. İndi eyni yanaşma bizdə - müstəqil Azərbaycanda tətbiq olunur”, o bir sıra media qurumlarının hakimiyyətin sifarişi ilə məqalələr dərc etdiyini misal kimi göstərib.

Qurbanov həbs edilən şəxlsərin arxasında “xarici və xüsusi qüvvələrin olduğu” ilə bağlı iddiaları da təkzib edib

“Guya ölkəni qarışdırmaq istədiyimizi deməklə Gebbels üsulunu tətbiq edib “yalan nə qədər böyük olarsa, o qədər inandırıcı olar” prinsipi ilə davranırlar. Bu tip rejimlər cəmiyyətə guya xaricdən təhdid var, xarici düşmən obrazını diri tutmaqla həm insanların diqqətini real problemlərdən yayındırmağa, həm də özlərinin törətdiyi özbaşınalıqlara haqq və legitimlik qazandırmağa çalışırlar. Halbuki bunları azacıq tanıyan, ictimai proseslərdən xəbərdar olanlar yaxşı bilirlər ki, bizim vətən sevgimiz, xalqımızın və ölkəmizin gələcəyini düşünməyimiz daha səmimidir”.

Bu arada Akif Qurbanov ölkə rəhbərlərinin və ailələrinin gəlirlərini açıqlamağa və bu barədə xalqa hesabat verməyə çağırıb.

“Əmlaklarımı onlar kimi xaricdə, başqalarının adına deyil, öz ölkəmdə və ailə üzvlərimin adına əldə etmişəm. Əgər başqa gizli niyyət olsaydı, mən olanlar kimi davrana bilməzdimmi? Hətta onlardan fərqli olaraq halal vəsaitimizi başqa yerə aparsaydım belə, qəbahət olmazdı. Amma bütün risklərə rəğmən belə etməməyim bu təfəkkür sahibləri üçün qeyri-adi idi. İndi “oğru elə bağırır ki, doğrunun bağrı yarılsın” və onlar da oğurlamaqda davam etsinlər. Amma zaman heç vaxt onların qondarma fəaliyyətinə haqq qazandırmaz və fayda verməyəcək”, o belə hesab edir.

Qurbanov bildirib ki, III Respublika Platformasının Quruluş bəyanında qeyd edildiyi kimi, hər bir qaranlığın sonunda mütləq bir işıq var.

“Sizi o işığın mütləq gələcəyinə inama və ümidsiz olmamağa səsləyirəm. Bilin ki, indiki vəziyyət, sadəcə, belə xarakterizə oluna bilər: “Gecənin ən qaranlıq saatı gün doğandan əvvəl olur”, o qeyd edib.

Öz növbəsində Akif Qurbanovun çıxışında toxunduğu məsələlərlə bağlı Amerikanın Səsinin sorğusuna iqtidar mənsubları və rəsmi qurumlar hələ münasibət bildirməyib.

Akif Qurbanov 2024-cü ilin martın 6-da “Toplum Tv” işi ilə bağlı saxlanılıb.

Martın 8-də Xətai Rayon Məhkəməsində onun barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.

“Toplum Tv” işi üzrə həmçinin saytın təsisçisi Ələsgər Məmmədli, III Respublika Platformasının üzvü Ruslan İzzətli, “Toplum TV”-nin redaktoru Müşfiq Cabbar, Demokratik Təşəbbüslər İnstitutunun əməkdaşları Ramil Babayev, İlkin Əmrahov və Əli Zeynal saxlanılıb.

Təqsirləndirilən şəxlər qaçaqmalçılıqda ittiham edilirlər, amma onlar ittihamı qəbul etmir, siyasi sifariş sayırlar.

Beynəlxalq qurumlar, o cümlədən ABŞ Dövlət Departamenti Azərbaycan hakimiyyətini haqsız saxlanılan şəxsləri həbsdən azad etməyə çağırıb.

Rəsmi Bakı isə ölkədə siyasi məhbusların olmadığını bildirir, bu sahədə tənqidləri qəbul etmir və qərəzli sayır. Dövlət rəsmiləri bir qayda olaraq insanların qanun qarşısında bərabər olduğunu, iradəsinə görə təqib edilmədiyini bəyan edir.

Forum

XS
SM
MD
LG