Accessibility links

EFJ Azərbaycanı həbsdə olan jurnalistləri və fəalları azad etməyə çağırır


Abzas Medianın direktoru Ülvi Həsənli ötən il noyabrın 20-də saxlanılıb
Abzas Medianın direktoru Ülvi Həsənli ötən il noyabrın 20-də saxlanılıb

Avropa Jurnalistlər Federasiyası (EFJ) Avropa Şurasının İnsan hüquqları üzrə Komissarının bəyanatına qoşularaq Azərbaycanda həbsdə olan jurnalistlərin və vətəndaş cəmiyyəti fəallarının azadlığa buraxılmasına çağırıb.

“EFJ Dunya Miyatoviçə qoşularaq Azərbaycan hökumətini qanuni işlərinə, fərqli və ya tənqidi fikirlərini ifadə etdiklərinə görə həbs edilmiş bütün şəxsləri, o cümlədən jurnalistləri və vətəndaş cəmiyyəti fəallarını azad etməyə çağırır”, təşkilatın sədri Rikardo Qutierrez bildirib.

Avropa Şurasının İnsan hüquqları üzrə komissarı Dunya Miyatoviç martın 25-də yaydığı bəyanatda son aylarda Azərbaycan hakimiyyətinin öz işlərini qanuni şəkildə aparan, fərqli və ya hökumətə qarşı tənqidi fikirlər səsləndirən müstəqil mediaya, vətəndaş cəmiyyətinə və fəallara qarşı repressiyaları gücləndirdiyini qeyd edib və rəsmi Bakını jurnalistlərə və vətəndaş cəmiyyəti fəallarına qarşı təhdid və təqiblərə son qoymağa çağırıb.

2019-cu ildə bəri dəfələrlə Azərbaycanda ifadə və media azadlığı ilə bağlı vəziyyətin pisləşməsinə, habelə hüquq müdafiəçiləri və vətəndaş cəmiyyəti fəallarına qarşı düşmənçilik mühitinin davam etməsinə diqqət çəkdiyini bildirən Miyatoviç Azərbaycan hakimiyyətinin insan hüquqları ilə bağlı öhdəliklərinə məhəl qoymadığını əlavə edib.

Avropa Şurasının Jurnalistlərin Təhlükəsizliyi Platformasının indeksinə əsasən Azərbaycanda 22 jurnalist və media işçisi həbsdədir. Bu baxımdan hazırda Azərbaycan Avropa Şurasına üzv olan ölkələr sırasında ən çox jurnalistin həbs edildiyi ölkədir.

Azərbaycanda ötən ilin noyabrından başlaraq korrupsiya araşdırmaları ilə tanınan Abzas Media xəbər saytının 6 jurnalisti “qaçaqmalçılıq” ittihamı ilə həbs edilib.

Abzas Media jurnalistləri ilə yanaşı ötən ilin son aylarında Kanal 13 internet televiziyasının təsisçisi Əziz Orucov və əməkdaşı Şamo Eminov, habelə Kanal 11 internet televiziyasının direktoru Teymur Kərimov, azerinfo.az xəbər saytının rəhbəri İbrahim Hümbətov və dunyaninsesi.az saytının rəhbəri Ərşad İbrahimov Cinayət Məcəlləsinin müxtəlif maddələri üzrə ittiham edilərək həbs ediliblər.

Bu ilin martında isə Toplum TV-yə qarşı polis basqınından sonra internet televiziyasının təsisçisi Ələsgər Məmmədli və əməkdaşı Müşfiq Cabbar “qaçaqmalçılıq” ittihamı ilə həbs edilib. Media orqanın digər əməkdaşları da cinayət işinə cəlb edilib.

Polis basqınından sonra redaksiyası möhürlənən Toplum TV-nin baş redaktoru Xədicə İsmayıl martın 23-də ölkədən çıxışına qadağa qoyulduğunu bildirib.

Jurnalistləri Müdafiə Komitəsi (CPJ) Xədicə İsmayılın ölkədən çıxışına qadağa qoyulmasının Azərbaycan hökumətinin müstəqil mətbuata təzyiqlərinin gücləndirməsinin bariz nümunəsi olduğunu deyib.

“Azərbaycan hakimiyyəti İsmayıl və digər jurnalistlərin sərbəst və təhlükəsiz işləməsinə imkan verməli, bütün həbs olunan jurnalistləri azad etməlidir”, CPJ vurğulayıb.

Jurnalistlərlə yanaşı ötən ilin dekabrında Milli Şuranın Koordinasiya Mərkəzinin və Müsavat Partiyasının üzvü Tofiq Yaqublu, habelə fəallar İlhamiz Quliyev və Möhyəddin Orucov saxlanılıb.

Daha sonra Toplum TV-yə qarşı açılan cinayət işi çərçivəsində vətəndaş cəmiyyəti fəalları Akif Qurbanov, Ruslan İzzətli, Əli Zeynal, Ramil Babayev və İlkin Əmrahov da “qaçaqmalçılıq” ittihamı ilə həbs edilib.

Azərbaycan Siyasi Məhbusların Azadlığı Uğrunda İttifaqın martın 18-də yenilədiyi siyasi məhbuslar siyahısına görə, hazırda Azərbaycanda 288 nəfər siyasi məhbusun olduğu qeyd edilir.

Bugünədək bir sıra dövlət və beynəlxalq təşkilatlar Azərbaycan hakimiyyətini jurnalistlərə və fəallara qarşı təqibləri dayandırmağa çağırsa da, rəsmi Bakı Azərbaycanda fikir və mətbuat azadlığının hədəf alınması, jurnalistlərin əsassız həbsi ilə bağlı ittihamları rədd edir və ölkədə fundamental hüquq və azadlıqların, eləcə də media azadlığının tam olaraq təmin edildiyini vurğulayır.

Forum

XS
SM
MD
LG