Accessibility links

Abzas Media Çexiyada mükafata layiq görülüb


Leyla Mustafayeva Abzas Medianın həbs edilən jurnalistləri adından mükafatı qəbul edir
Leyla Mustafayeva Abzas Medianın həbs edilən jurnalistləri adından mükafatı qəbul edir

Ötən ilin noyabrından bəri 6 jurnalisti həbs edilən və redaksiyası qapadılan Abzas Media xəbər saytı martın 19-da Çexiyada “People in Need” təşkilatının “Homo Homini” insan hüquqları mükafatına layiq görülüb.

“People in Need bu mükafatla avtoritar Azərbaycan rejimində korrupsiyanın aşkarlanması istiqamətində Abzas Media jurnalistlərin fəaliyyətini qiymətləndirir”, “People in Need” təşkilatının nümayəndəsi Nadiia İvanova qeyd edib.

Praqada baş tutan mərasimdə mükafatı Abzas Medianın müvəqqəti baş redaktoru Leyla Mustafayeva qəbul edib.

Mustafayeva çıxışı zamanı qeyd edib ki, əsas diqqəti yüksək səviyyəli korrupsiya araşdırmalarına yönəldən Abzas Media vəzifə səlahiyyətlərindən sui-istifadəni, dövlət satınalmalarında qanunsuzluqları ifşa etməkdən və məzlum insanlara səs verməkdən başqa bir iş görməyib.

“Hakimiyyət bu günə qədər jurnalistlərin araşdırdığı və dərc etdiyi işlərlə bağlı bir dənə də olsun cinayət araşdırması başlatmayıb. Əvəzində Azərbaycan hüquq-mühafizə orqanları saxlanılan jurnalistləri pul qaçaqmalçılığında ittiham edir. Bu, faktiki olaraq hakimiyyətin maliyyə cinayətlərini jurnalistlərin üzərinə yıxmaq üçün nəzərdə tutulmuş yeni strategiyadır”, Leyla Mustafayeva vurğulayıb.

Azərbaycanda insan haqlarının durumu və jurnalistlərə təzyiqlərdən, korrupsiya və korrupsiya yolu ilə əldə edilmiş gəlirlərin Avropa ölkələrinə daşınması ilə bağlı danışan Leyla Mustafayeva, Çexiya hökumətini azərbaycanlı məmurların Çexiyada yerləşən əmlaklarına həbs qoymağa çağırıb.

“Homo Homini” mükafatı Çexiyanın “People in Need” təşkilatı tərəfindən hər il insan hüquqlarını, demokratiyanı və siyasi münaqişələrin qeyri-zorakı həllini təşviq edən fərdlərə və ya qruplara verilir.

Daha əvvəl, 2013-ci ildə azərbaycanlı hüquqşünas, insan hüquqları müdafiəçisi İntiqam Əliyev sözügedən mükafata layiq görülüb.

Korrupsiya araşdırmaları ilə tanınan Abzas Medianın direktoru Ülvi Həsənli ötən il noyabrın 20-də saxlanılıb. Həmin gün onun evində və Abzas Medianın ofisində axtarış aparılıb və ofisdən 40 min avro pul tapıldığı iddia edilib.

Həsənli ilə eyni gündə saytın direktor müavini Məhəmməd Kekalov, növbəti gün isə Abzas Medianın baş redaktoru Sevinc Vaqifqızı saxlanılıb.

Daha sonra jurnalistlər Nərgiz Absalamova, Elnarə Qasımova və araşdırmaçı jurnalist Hafiz Babalı da həbs olunub.

Onların hamısına Cinayət Məcəlləsinin 206.3.2-ci (öncədən əlbir bir qrup şəxs tərəfindən qaçaqmalçılıq) maddəsi ilə ittiham verilib. Bu maddənin sanksiyasında 5 ildən 8 ilədək həbs cəzası nəzərdə tutulub.

Jurnalistlər özlərini təqsirli bilmir, həbslərinin peşə fəaliyyətləri, xüsusən də korrupsiya araşdırmaları ilə bağlı olduğunu bildirirlər.

Bugünədək bir sıra beynəlxalq mətbuat azadlığı və insan hüquqları təşkilatları Azərbaycan hakimiyyətini saxlanan jurnalistləri dərhal azad etməyə, müstəqil mediaya təzyiqləri dayandırmağa çağırıblar.

Rəsmi Bakı Azərbaycanda fikir və mətbuat azadlığının hədəf alınması, jurnalistlərin əsassız həbsi ilə bağlı ittihamları rədd edir və Azərbaycanda fundamental hüquq və azadlıqların, eləcə də media azadlığın tam olaraq təmin edildiyini vurğulayır.

Forum

Dünyaya Baxış

Dünyaya Baxış. Kyiv Rusiyanın Ukraynaya qitələrarası ballistik raket atdığını bildirib
please wait

No media source currently available

0:00 0:11:56 0:00
XS
SM
MD
LG