Accessibility links

"Abzas Media"nın direktoru Ülvi Həsənli qızına həbsdən məktub yazıb


Ülvi Həsənli
Ülvi Həsənli

Febralın 28-də "Abzas Media"nın həbsdə olan direktoru Ülvi Həsənlinin Facebook hesabında qızı Suada açıq məktubu paylaşılıb.

Paylaşımda Həsənlinin 90 gündən artıq müddət ərzində qızını görə bilmədiyi bildirilir: "Biz həbs olunanda sən hələ yerimirdin, amma bir ay əvvəl məhkəmələrimizin birində vəkilim Zibeydə xanım dedi ki, Suad artıq yeriməyə başlayıb."

"Abzas Media"nın həbsdə olan direktorunun adından paylaşılan məktubda Azərbaycanın dünyanın ən repressiv ölkələrindən birinə çevrildiyi, müstəqil jurnalistlər təhlükələr və təzyiqlər altında fəaliyyət göstərdikləri qeyd olunur.

Ülvi Həsənli məktubunda qeyd edir ki, "Abzas Media"nın həbs olunan əməkdaşları 3 ay ərzində ən sərt formada təcrid olunublar.

"Hələ də atalara, analara görə övladlar, övladlara görə valideynlər, ailə üzvləri cəzalandırılır. Analarımızın yeganə gəlir yeri olan pensiya kartları bloklanıb, ailə üzvlərimizin, dostlarımızın bank hesablarına həbs qoyulub və onların ölkədən çıxışı qadağan olunub", deyə o bildirir.

Vəkil Zibeydə Sadıqova Amerikanın Səsinə bildirib ki, "Abzas Media"nın əməkdaşlarına ailəsi və yaxınları ilə görüş və telefon qadağası mövcud idi, bu qadağa yaxın vaxtlarda götürülsə də, onlar ailəsi ilə şüşə arxasından görüşə bilirlər:

"Ülvi qızını qucağına almaq istəyir, lakin həbsxanada birbaşa görüşə icazə verilmir, yalnız şüşə arxasından görüşə bilirlər. Ümumiyyətlə, birbaşa görüşlə bağlı qanunvericilikdə nəzərdə tutulan hər hansı bir qadağa yoxdur, amma onlar bu hüquqlarından məhrum edilirlər".

Yanvarın 15-də Xətai Rayon Məhkəməsi "Abzas Media"nın əməkdaşı, jurnalist Elnarə Qasımova barəsində 2 ay 17 günlük həbs qətimkan tədbiri seçib. Ona qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci (qrup halında qaçaqmalçılıq) maddəsi ilə ittiham irəli sürülüb.

"Abzas Media" ilə bağlı cinayət işi üzrə ötən ilin noyabrın 20-də saytın direktoru Ülvi Həsənli saxlanılıb. Həmin gün onun evində və "Abzas Media"nın ofisində axtarış aparılıb və ofisdən 40 min avro pul tapıldığı iddia edilib.

Daha sonra noyabrın 20-də direktor müavini Məhəmməd Kekalov, 21-nə keçən gecə xaricdən qayıdanda hava limanında təyyarənin içində Sevinc Vaqifqızı saxlanılıb. Bir müddət sonra jurnalist Nərgiz Absalamova, ardınca da dekabrın 13-də araşdırmaçı Hafiz Babalı həbs olunub.

Fevralın 24-də Xətai rayon Məhkəməsi Nərgiz Absalamova barəsində həbs qətimkan tədbirnin müddətini daha 3 ay (mayın 29-dək) uzadıb.

Jurnalistlərin hamısına Cinayət Məcəlləsinin 206.3.2-ci (öncədən əlbir bir qrup şəxs tərəfindən qaçaqmalçılıq) maddəsi ilə ittiham verilib. Bu maddənin sanksiyasında 5 ildən 8 ilədək həbs cəzası nəzərdə tutulub.

Onların heç biri özünü təqsirli bilmir, həbslərinin peşə fəaliyyətləri ilə bağlı olduğunu bildirir.

Beynəlxalq media müdafiə təşkilatları Azərbaycan hakimiyyətini saxlanan jurnalistləri dərhal azad etməyə, müstəqil mediaya təzyiqləri dayandırmağa çağırıb.

Azərbaycan hökuməti isə ölkədə insanların siyasi baxışlarına görə təqib edilmədiyini və bütün fundamental hüquqların tam təmin edildiyini bəyan edir.

Forum

XS
SM
MD
LG