Accessibility links

Bakı Fransanın jurnalist həbslərindən narahatlıq ifadə etməsini ölkənin daxili işinə müdaxilə hesab edir


Toplum TV-nin ofisində axtarış
Toplum TV-nin ofisində axtarış

Fransa Azərbaycanda növbəti dəfə vətəndaş cəmiyyəti və müstəqil medianın səslərini hədəf alan həbslər dalğasından dərin narahat olduğunu bildirib.

“Biz Azərbaycanı beynəlxalq öhdəliklərinə uyğun olaraq fundamental azadlıqlara, xüsusilə ifadə və mətbuat azadlığına hörmət etməyə və özbaşına həbs edilənləri azad etməyə çağırırıq”, Fransanın Avropa və Xarici İşlər Nazirliyini martın 8-də yaydığı bəyanatında qeyd edir.

Fransa həmçinin Beynəlxalq Qadın Hüquqları günündə azərbaycanlı müstəqil qadın jurnalistlərin rolunu və cəsarətini alqışlayıb.

ABŞ və Böyük Britaniyanın oxşar bəyanatlarına reaksiya verməyən rəsmi Bakı Fransaya dərhal cavab verib.

“Azərbaycanda guya fikir və mətbuat azadlığının hədəf alındığı, əsassız həbslər həyata keçirildiyi barədə 8 mart tarixli bəyanatını qətiyyətlə rədd edirik”, Azərbaycanın Xarici İşlər Nazirliyi cavab bəyanatında qeyd edib.

Nazirlik əlavə edib ki, “bu cür əsassız və qərəzli bəyanatları” Azərbaycanın daxili işlərinə, istintaq prosesinə və məhkəmə hakimiyyətinin müstəqilliyinə müdaxilə kimi qiymətləndirir.

“Azərbaycanda fundamental hüquq və azadlıqlar, eləcə də media azadlığı tam olaraq təmin edilir. Bir daha, Azərbaycanın daxili işlərinə qarışmamağı Fransa tərəfindən tələb edirik”, Bakı bəyan edib.

Martın 8-də Bakı Şəhəri Xətai Rayon Məhkəməsində “Toplum TV” işinə görə saxlanılanlar barəsində həbs qətimkan qərarı seçilib.

Vəkillərin Amerikanın Səsinə verdiyi məlumata görə, bu iş üzrə saxlanılan jurnalistlər Əli Zeynal, Ramil Babayev, İlkin Əmrahov, Müşfiq Cabbar və Demokratik Təşəbbüslər İnstitutunun (DTİ) rəhbəri Akif Qurbanov barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.

Vəkillərin əlavə edib ki, jurnalistlər və Akif Qurbanov ittihamlarla razı deyil. Onlar ictimai-siyasi və jurnalist fəaliyyətlərinə görə həbs edildiklərini hesab edirlər.

Martın 6-da hüquq-mühafizə orqanları Toplum TV-nin, Demokratik Təşəbbüslər İnstitutunun, həmçinin III Respublika Platformasının ofislərində, bir neçə əməkdaşın evində axtarış aparıb. Axtarış zamanı ofisdə olan iyirmidən çox jurnalist və fəal polis tərəfindən saxlanılıb.

Toplum TV-nin baş redaktoru Xədicə İsmayıl bildirib ki, “cinayət işinin hədəfi tənqidi səslərdir”.

ABŞ və Böyük Britaniya həbslərlə bağlı “dərin narahatlıq” ifadə edib, Freedom House, Avropa Jurnalistlər Federasiyası, Sərhədsiz Reportyorlar da həbsləri pisləyib.

“Azərbaycanı öz fundamental azadlıqlarından istifadə edənlərə qarşı təzyiqlərə son qoymağa və siyasi motivlərlə haqsız yerə həbs edilən bütün şəxslərin azadlığa buraxılmasına çağırırıq”, ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller çərşənbə günü keçirdiyi brifinqdə deyib.

Azərbaycanda ötən ilin noyabrından başlayaraq Abzas Medianın 6 jurnalisti də daxil olmaqla 10-dan çox jurnalist həbs edilib.

Forum

XS
SM
MD
LG