Accessibility links

ATƏT: Azərbaycanda media işçilərinə qarşı dəfələrlə sərt tədbirlərin görülməsi dərin narahatlıq doğurur


“Azərbaycanda media işçilərinə qarşı dəfələrlə sərt tədbirlərin görülməsi dərin narahatlıq doğurur. Jurnalistlər repressiyadan qorxmadan öz işlərini yerinə yetirməyi bacarmalıdırlar. Media platforması, eləcə də mənim əvvəllər Azərbaycan hakimiyyəti ilə müzakirə etdiyim Kanal 13 və Kanal 11 onlayn media kanalları".

Bu barədə ATƏT-in media azadlığı üzrə nümayəndəsi Teresa Ribeyro ötən gün müstəqil internet media orqanı olan Toplum TV-nin 14 əməkdaşının saxlanılmasından sonra ciddi narahatlığını bildirib.

"Mən hakimiyyəti həbs edilmiş bütün media işçilərini azad etməyə çağırıram. Bütün ATƏT-ə üzv dövlətlər, o cümlədən 2018-ci il Nazirlər Şurasının Jurnalistlərin Təhlükəsizliyi üzrə Qərarı ilə təhlükəsiz iş mühitinin yaradılması və jurnalistlərin müdafiəsinin təmin edilməsi ilə bağlı öhdəlik götürüblər", Ribeyro vurğulayıb.

ATƏT-in bəyanatında xatırladılır ki, polis martın 6-da Toplum TV-nin redaksiyasında naməlum əsaslarla axtarış aparıb, avadanlıqları müsadirə edib, media platformasının binasını möhürləyib və 14 əməkdaşını saxlayıb. Onların əksəriyyəti gecə yarısı Bakıda polis nəzarətindən azad edilsə də, ən azı üç nəfər hələ də həbsdədir və qaçaqmalçılıq ittihamı ilə üzləşirlər. Bundan başqa, həmin gün Toplum TV-nin YouTube hesabının icazəsiz dəyişdirilməsi və video yazıların yoxa çıxması barədə məlumat yayılıb.

Rəsmi Bakı ATƏT-in media azadlığı üzrə nümayəndəsinin dediklərinə hələ münasibət bildirməyib.

Azərbaycanın hakimiyyət təmsilçiləri isə indiyədək beynəlxalq təşkilatların oxşar tənqidlərini rədd edib, bu qurumların mövqeyini qərəzli adlandırıb. Rəsmi qurumlar ölkədə siyasi əqidəsinə görə insanların təqib edilmədiyini, vətəndaşların konkret cinayətlərə görə cəzalandırıldığını bildirir.

Toplum TV-nin baş redaktoru Xədicə İsmayıl media qurumuna qarşı polis əməliyyatını ölkədəki “repressiya dalğası” ilə əlaqələndirib.

Xatırladaq ki, martın 6-da istintaq orqanı Toplum TV-nin və Demokratik Təşəbbüslər İnstitutunun ofislərində, çoxsaylı əməkdaşların evlərində axtarışlar aparıb. Bu qurumların məlumatlarına görə, iyirmidən çox əməkdaşları polis tərəfindən saxlanılıb. Sonradan əməkdaşların əksəriyyəti sərbəst buraxılıb. Onlardan 7 nəfərinə Toplum TV-nin əməkdaşları Fərid İsmayılova, Müşfiq Cabbara, Elmir Abbasova və Demokratik Təşəbbüslər İnstitutunun fəalları Akif Qurbanova, Əli Zeynala, Ramil Babayevə, İlkin Əmrahova qaçaqmalçılıq ittihamı ilə cinayət işi qaldırılıb.

Forum

XS
SM
MD
LG