Biz jurnalistlərin və vətəndaş cəmiyyəti fəallarının (Toplum TV və Üçüncü Respublika Platformasının) yeni həbsləri ilə bağlı vəziyyəti izləyirik.
Bu barədə İttifaqın Xarici Siyasət İdarəsinin mətbuat katibi Peter Stanonun Amerikanın Səsinin sorğusuna cavabında deyib.
“Aİ Azərbaycan hakimiyyətini beynəlxalq öhdəliklərinə uyğun olaraq ifadə azadlığını, o cümlədən müstəqil jurnalistika üçün azad və maneəsiz məkanı təmin etməyə çağırır”, o qeyd edib.
Rəsmi Bakı Peter Stanonun dediklərinə hələlik cavab verməyib.
Azərbaycanın hakimiyyət təmsilçiləri isə indiyədək beynəlxalq təşkilatların oxşar tənqidlərini rədd edib, bu qurumların mövqeyini qərəzli adlandırıb. Rəsmi qurumlar ölkədə siyasi əqidəsinə görə insanların təqib edilmədiyi, vətəndaşların konkret cinayətlərə görə cəzalandırıldığını bildirir.
Öz növbəsində ABŞ və Böyük Britaniya Toplum TV jurnalistlərinin və fəalların həbsindən “dərin narahatlıq” ifadə edib.
Toplum TV-nin baş redaktoru Xədicə İsmayıl media qurumuna qarşı polis əməliyyatını ölkədəki “repressiya dalğası” ilə əlaqələndirib.
Xatırladaq ki, martın 6-da istintaq orqanı Toplum TV-nin və Demokratik Təşəbbüslər İnstitutunun ofislərində, çoxsaylı əməkdaşların evlərində axtarışlar aparıb. Bu qurumların məlumatlarına görə, iyirmidən çox əməkdaşları polis tərəfindən saxlanılıb. Sonradan əməkdaşların əksəriyyəti sərbəst buraxılıb. Onlardan 7 nəfərinə Toplum TV-nin əməkdaşları Fərid İsmayılova, Müşfiq Cabbara, Elmir Abbasova və Demokratik Təşəbbüslər İnstitutunun fəalları Akif Qurbanova, Əli Zeynala, Ramil Babayevə, İlkin Əmrahova qaçaqmalçılıq ittihamı ilə cinayət işi qaldırılıb.
Forum