Accessibility links

Volodimir Zelenski: Biz humanitar yardıma görə Azərbaycana minnətdarıq


İlham Əliyev və Volodimir Zelenski (Mənbə: Azərbaycan Prezidentinin Administrasiyası)
İlham Əliyev və Volodimir Zelenski (Mənbə: Azərbaycan Prezidentinin Administrasiyası)

Ukrayna Prezidenti Volodimir Zelenski Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

“Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə səmimi təbriklərimi qəbul edin. Azərbaycan xalqının təhlükəsizliyinin, iqtisadi inkişafının və əmin-amanlığının təmin olunmasında Sizə yeni böyük nailiyyətlər arzu edirəm. Əminəm ki, yenidən Prezident seçilməyiniz ikitərəfli əlaqələrimizin daha da möhkəmlənməsinə töhfə verəcək və Ukrayna-Azərbaycan əməkdaşlığını yeni dinamik səviyyəyə çıxaracaq. Beynəlxalq səviyyədə tanınmış sərhədlər daxilində iki dövlətin müstəqilliyi və ərazi bütövlüyünə Ukraynanın və Azərbaycanın qarşılıqlı dəstəyi olduqca vacibdir", məktubda deyilir.

Zelenski məktubda qeyd edib ki, bu gün Ukrayna xalqı Rusiyaya qarşı mübarizədə öz azadlığını müdafiə edərkən Azərbaycan Respublikasının həmrəyliyi xüsusi əhəmiyyət kəsb edir.

"Biz humanitar yardıma, Rusiya ilə müharibədən zərər çəkmiş şəhərlərin infrastrukturunun yenidən qurulması, azad edilmiş Ukrayna ərazilərinin minalardan təmizlənməsi prosesində iştiraka görə minnətdarıq. Mən Ukrayna-Azərbaycan əməkdaşlığına mühüm dinamika verən şəxsi konstruktiv və səmimi dialoqumuzu yüksək qiymətləndirirəm. Əminəm ki, hörmət və etimada əsaslanan strateji tərəfdaşlıq bundan sonra da möhkəmlənəcəkdir. Mən Azərbaycanın Ukraynanın sülh formulunun implementasiyasına cəlb olunmasına və İsveçrədə keçiriləcək ilk Sülh Sammitində iştirakınıza ümid edirəm", o qeyd edib.

Xatırlatma

Azərbaycan Rusiya-Ukrayna müharibəsinin ilk günlərindən başlayaraq Ukraynaya humanitar yardımlarını davam etdirir.

Bu ölkənin Ukraynaya göstərdiyi humanitar, o cümlədən bərpa və yenidənqurma işlərinə dəstək xarakterli yardımlarının ümumi məbləği 33 milyon ABŞ dollarından çoxdur. Müharibədən zərər çəkmiş, ailə üzvlərini itirmiş ümumilikdə 154 ukraynalı uşaq Azərbaycanda tibbi və sosial-psixoloji reabilitasiya keçib.

Ukraynanın İrpen şəhərində hərbi əməliyyatlar nəticəsində dağılmış Zərifə Əliyeva adına “Linqvist” humanitar liseyi tam bərpa edilib, habelə həmin şəhərdə ciddi dağıntılara məruz qalmış bir sıra sosial təyinatlı obyektlərin Azərbaycan tərəfindən əsaslı bərpası ilə bağlı hazırda müvafiq işlər aparılmaqdadır.

Azərbaycan Prezidentinin 2023-cü il 17 iyul tarixli sərəncamı ilə Ukraynaya humanitar yardım kimi elektrik avadanlıqları alınması üçün 7,6 milyon ABŞ dolları ayrılıb. Elektrik avadanlılarından ibarət humanitar yardımlar artıq Ukraynaya çatdırılıb.

Forum

XS
SM
MD
LG