Toplum TV-nin 3 əməkdaşına - video redaktor Müşfiq Cabbara, sosial şəbəkələr meneceri Elmir Abbasova və müxbir Fərid İsmayılova qarşı Cinayət Məcəlləsinin 206.3.2 maddəsi (qaçaqmalçılıq) ilə cinayət işi qaldırılıb. Bu barədə Amerikanın Səsinə Toplum TV internet nəşrinin baş redaktoru Xədicə İsmayıl bildirib.
O Toplum TV-nin fəaliyyətini davam etdirəcəyini bildirib.
“İndi ofisimizin qapıları istintaq orqanı tərəfindən möhürlənib. İstintaq orqanının iradəsindən asılı olamayaraq biz Toplum TV-nin işini davam etdirəcəyik. Biz indi keçid planı üzərində işləyirik. Əlbəttə davamlılığı təmin etmək niyyətimiz var. Çünki gördüyümüz iş olduqca vacibdir”, o qeyd edib.
Onun sözlərinə görə, nəşrin bütün avadanlıqları, studiyası möhürlənmiş ofisdə qalıb.
“Əlbəttə yenidən fəaliyyətə başlamaq planımız sıfırdan başlamaq demək olacaq. Avadanlıqlarımızın qaytarılması, ofisimizin açılması üçün Toplum TV bütün hüquqi hərəkətləri edəcək. Ofisin açılması məsələsi bizdən daha çox mülk sahibinin məsələsidir,” o, qeyd edib.
Baş redaktor cinayət işinin hədəfi ilə bağlı sualın cavabında deyib ki, “cinayət işinin hədəfi tənqidi səslərdir”.
“Yəni təkcə bizimlə, Abzas Media ilə, Demokratik Təşəbbüslər İnstitutu ilə uğraşmırlar. Onlar üçün hamı hədəfdir. Kim səsini çıxarmağa cürət edirsə hədəfdir. Kim nəzarətdə deyilsə hədəfdir. Sadəcə geci-tezi var”.
Baş redaktor deyib ki, Toplum TV-nin avadanlıqları götürülən kimi birinci işləri nəşrin YouTube kanalının materiallarını silmək və adını dəyişmək olub.
“Bunun özü də bir gösətricidir ki, ola bilsin ki, tam məqsədləri olmasa da, məqsədlərinin bir hissəsi medianı susdurmaqdır”, İsmayıl qeyd edib.
Xatırladaq ki, martın 6-da istintaq orqanı Toplum TV-nin və Deokratik Təşəbbüslər İnstitutunun ofislərində, çoxsaylı əməkdaşların evlərində axtarışlar aparıb. Bu qurumların məlumatlarına görə, iyirmidən çox əməkdaşları polis tərəfindən saxlanılıb. Sonradan əməkdaşların əksəriyyəti sərbəst buraxılıb. Onlardan 7 nəfərinə Toplum TV-nin əməkdaşları Fərid İsmayılova, Müşfiq Cabbara, Elmir Abbasova və Demokratik Təşəbbüslər İnstitutunun fəalları Akif Qurbanova, Əli Zeynala, Ramil Babayevə, İlkin Əmrahova qaçaqmalçılıq ittihamı ilə cinayət işi qaldırılıb.
Forum