Accessibility links

AŞPA məruzəçisi Toplum TV jurnalistlərinin və fəalların həbsini pisləyib


Toplum TV-nin ofisi martın 6-da keçirilən axtarışdan sonra möhürlənib
Toplum TV-nin ofisi martın 6-da keçirilən axtarışdan sonra möhürlənib

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) “Azərbaycanda jurnalistlərin və insan haqları müdafiəçilərinin həyatı və təhlükəsizliyinə təhdidlər” üzrə məruzəçisi Hanna Bardell Toplum TV jurnalistlərinin və Demokratik Təşəbbüslər İnstitutunun (DTİ) fəallarının həbslərini kəskin şəkildə pisləyib.

“Azərbaycan polisinin baş redaktoru tanınmış jurnalist və hüquq müdafiəçisi Xədicə İsmayılova olan Toplum TV-nin ofislərinə basqın etməsi xəbəri məni dəhşətə gətirdi. Polis binada olan jurnalistləri həbs etməklə yanaşı, DTİ-dən olan fəallar Akif Qurbanov və Ruslan İzzətlini, habelə tanınmış hüquqşünas Ələsgər Məmmədlini də həbs edib”, Bardell qeyd edib.

Böyük Britaniyadan olan deputat ötən il Abzas Media xəbər saytının icraçı direktoru Ülvi Həsənlinin, digər jurnalistlərin və fəalların, o cümlədən Qubad İbadoğlunun və Bəxtiyar Hacıyevin həbsini xatırladaraq, son həbslərin bu narahatlıq doğuran trendin davamı olduğunu vurğulayıb.

AŞPA yanvar ayında Azərbaycanın nümayəndə heyətinin etimadnaməsini qəbul etməyərək bir il müddətində Assambleyadan kənarlaşdırmağa qərar verib. Parlamentarlar Azərbaycanda son dönəmlərdə siyasi motivli həbslərin və təqiblərin artması, media azadlığına qarşı təzyiqlər, o cümlədən Abzas Media jurnalistlərinin həbsini pisləyib.

Assambleya “Prosedur qaydalarında nəzərdə tutulmuş şərtlər” yerinə yetirilərsə, Azərbaycanın nümayəndə heyətinin Assambleyadakı fəaliyyətini bərpa edə biləcəyini bildirib.

“Mən Azərbaycan hakimiyyətini həbsdə olan jurnalistləri və hüquq müdafiəçilərini dərhal azad edərək Parlament Assambleyası ilə dialoq yoluna qayıtmağa çağırıram”, Hanna Bardell vurğulayıb.

Martın 6-da hüquq-mühafizə orqanları Toplum TV-nin, Demokratik Təşəbbüslər İnstitutunun, həmçinin III Respublika Platformasının ofislərində, bir neçə əməkdaşın evində axtarış aparıb. Axtarış zamanı ofisdə olan iyirmidən çox jurnalist və fəal polis tərəfindən saxlanılıb. Saxlanılanların bir hissəsi sərbəst buraxılsa da, Tolpum TV jurnalistləri Fərid İsmayılova, Müşfiq Cabbara, Elmir Abbasova və Demokratik Təşəbbüslər İnstitutunun rəhbəri, həmçinin III Respublika Platformasının spikeri Akif Qurbanova, eləcə də Əli Zeynala, Ramil Babayevə, İlkin Əmrahova qaçaqmalçılıq ittihamı ilə cinayət işi açılıb.

Toplum TV-nin baş redaktoru Xədicə İsmayıl bildirib ki, “cinayət işinin hədəfi tənqidi səslərdir”.

Azərbaycan Daxili İşlər Nazirliyi martın 6-da Amerikanın Səsinə axtarışların “bir qrup şəxsin fəaliyyəti ilə bağlı daxil olan məlumat üzrə” aparıldığını bildirsə də, rəsmi qurumlar hələ də məsələ ilə bağlı ictimaiyyətə ətraflı açıqlama verməyib.

ABŞ və Böyük Britaniya həbslərlə bağlı “dərin narahatlıq” ifadə edib, Freedom House, Avropa Jurnalistlər Federasiyası, Sərhədsiz Reportyorlar da həbsləri pisləyib.

“Azərbaycanı öz fundamental azadlıqlarından istifadə edənlərə qarşı təzyiqlərə son qoymağa və siyasi motivlərlə haqsız yerə həbs edilən bütün şəxslərin azadlığa buraxılmasına çağırırıq”, ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller çərşənbə günü keçirdiyi brifinqdə deyib.

Toplum TV 2016-ci ilin oktyabr ayından fəaliyyətə başlayan müstəqil informasiya resursudur. Əsas məqsədi insan hüquq və azadlıqlarını, ifadə azadlığını ön planda tutaraq cəmiyyətin obyektiv informasiya ilə təmin olunmasına xidmət etməkdir. Sayt həmçinin Demokratik Təşəbbüslər İnstitutunun (IDI) "Demokratiya Məktəbi" proqramının jurnalistika təlimlərində iştirak edən gənclərin peşəkarlıqlarını artırmaq üçün platforma rolunu oynayır.

Forum

XS
SM
MD
LG