Accessibility links

Hafiz Babalının müraciəti: "Jurnalistika cinayət deyil”


Hafiz Babalı
Hafiz Babalı

“Cənab Prezident, mən cinayətkar deyiləm, jurnalistika da cinayət deyildir. Fəaliyyətimdə rəhbər tutduğum prinsiplərdən biri Sizin ictimaiyyətə və jurnalistlərə bəzi məmurların qanunsuz əməllərinə dair siqnal vermək haqda müraciətiniz olmuşdur. Vəzifəsindən azad edilən və həbs olunan bəzi məmurların cəzalandırılmasını mən həm də öz araşdırmalarımın nəticəsi kimi qiymətləndirmişəm”.

Bu barədə həbsdə olan Turan agentliynin müxbiri Hafiz Babalının Azərbaycan Prezidenti İlham Əliyevə müraciətində deyilir.

Jurnalist korrupsiya halları ilə bağlı araşdrımalarına görə “Free Media Award” beynəlxalq mükafatı laureatıdır (2019), “Qafqazın qəhrəmanı 2019” adına layiq görülüb.

“Hörmətli Prezident, yazdıqlarımı nəzərə alaraq barəmdə olan cinayət işini şəxsi nəzarətə götürməyi, mənə qarşı təqibin dayandırılması haqda göstəriş verməyinizi xahiş edirəm”, Babalı müraciətində qeyd edir.

Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq) maddəsi ilə Bakı Şəhər Baş Polis İdarəsinin təqdimatı, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin qərarı ilə Turan İnformasiya Agentliyinin iqtisadiyyat redaktoru Hafiz Babalıya qarşı həbs qətimkan tədbiri seçilib.

“İttihamda əks olunan valyuta qaçaqmalçılığına dair qurama məlumatlardan mən yalnız qanunsuz olaraq saxlanılarkən xəbər tutmuşam. Qeyd olunan maddənin dispozisiyasındakı hallar, eləcə də mənə qarşı irəli sürülən ittihamların heç bir sübutu yoxdur, ola da bilməz. Belə ki, mən cinayət işində bəhs olunan 2022-2023-cü illər ərzində iddia edilən valyuta qaçaqmalçılığının heç bir mərhələsində iştirakçı deyiləm. 2019-cu ilin noyabr ayından etibarən Azərbaycanın dövlət sərhədlərini keçməmişəm. Qaçaq malı kimi xaricdən valyuta gətirilməsinin planlaşdırılması, təşkili, sərhəddən qanunsuz keçirilməsi, qəbulu və bölüşdürülməsində hər hansı şəkildə və statusda iştirak etməmişəm. Mənim ittihamda göstərilən qabaqcadan əlbir olan qrupa heç bir aidiyyatım yoxdur. Mənim heç bir kəslə cinayətkar razılaşmam olmayıb və iddia edilən bu qurama razılaşmada üzərimə qoyulan funksiya mövcud deyildir. Mən abzas.net internet saytında yayınlanmış 6 ədəd jurnalist araşdırmasının müəllifiyəm. Bunu nə ictimiayyətdən, nə də istintaq orqanından gizlətmişəm. Mənə qarşı müxtəlif maliyyə əməliyyatlarında iştirak etməklə xeyli miqdarda gəlir əldə etmək ittihamının heç bir maddi dəlili mövcud deyil”, jurnalist qeyd edib.

Babalı yazır ki, “Abzas Media" ilə əməkdaşlığının özəyində tamah niyyəti durmuş olsaydı, xeyli miqdarda pul qarşılığında araşdırmaçı-jurnalist fəaliyyətini dayandırmaq barədə şirnikləndirici təkliflərlə razılaşardı.

“Cənab Prezident, mən öz dövlətini Sizin qədər sevən, qanunun hərfinə hörmət edən vətəndaşam. Jurnalist kredom obyektivlik, qərəzsizlik, həqiqətpərvərlikdir. İndiyədək irili-xırdalı 200-dən çox müstəqil jurnalist araşdırmasının müəllifiyəm. Araşdrımalarımın mövzusu məmur sahibkarlığı, dövlət büdcəsinin talan edilməsi, çirkli pulların ölkə ərazisində və onun hüdudlarından kənarda yuyulmasıdır. Korrupsiya əməlləri araşdırmalarımın əsas mövzularıdır. Bu araşdırma məqalələri Turan İnformasiya Agentliyi, Azadlıq radiosu, Meydan TV, Sancaq Media, Open Azerbaijan, Abzas Media, eləcə də, Open Media Hub, Radio Free Europe/Radio Liberty beynəlxalq media resurslarında dərc olunub. Həmin ifşaedici təhqiqat materialları üzrə mənə qarşı böhtan və s ittihamlarla məhkəmə iddiası qaldırılmayıb”, o qeyd edib.

Azərbaycan Prezidentinin Administrasiyası jurnalist Hafiz Babalının müraciətinə hələ münasibət bildirməyib.

"Abzas Media" ilə bağlı cinayət işi üzrə ötən ilin noyabrın 20-də saytın direktoru Ülvi Həsənli saxlanılıb. Həmin gün onun evində və "Abzas Media"nın ofisində axtarış aparılıb və ofisdən 40 min avro pul tapıldığı iddia edilib.

Daha sonra noyabrın 20-də direktor müavini Məhəmməd Kekalov, 21-nə keçən gecə xaricdən qayıdanda hava limanında Sevinc Vaqifqızı saxlanılıb. Bir müddət sonra jurnalist Nərgiz Absalamova, Elnarə Qasımova, ardınca dekabrın 13-də araşdırmaçı jurnalist Hafiz Babalı həbs olunub.

Jurnalistlərin hamısına Cinayət Məcəlləsinin 206.3.2-ci (öncədən əlbir bir qrup şəxs tərəfindən qaçaqmalçılıq) maddəsi ilə ittiham verilib. Bu maddənin sanksiyasında 5 ildən 8 ilədək həbs cəzası nəzərdə tutulub.

Onların heç biri özünü təqsirli bilmir, həbslərinin peşə fəaliyyətləri ilə bağlı olduğunu bildirir.

Beynəlxalq media müdafiə təşkilatları, həmçinin ABŞ Dövlət Departamenti Azərbaycan hakimiyyətini saxlanan jurnalistləri dərhal azad etməyə, müstəqil mediaya təzyiqləri dayandırmağa çağırıb.

Azərbaycan hökuməti isə ölkədə insanların siyasi baxışlarına görə təqib edilmədiyini və bütün fundamental hüquqların tam təmin edildiyini bəyan edir.

Forum

Dünyaya Baxış

Dünyaya Baxış. Kyiv Rusiyanın Ukraynaya qitələrarası ballistik raket atdığını bildirib
please wait

No media source currently available

0:00 0:11:56 0:00
XS
SM
MD
LG