Accessibility links

Nərgiz Absalamovanın həbs müddətinin uzadılmasından verdiyi şikayət təmin edilməyib


Jurnalist Nərgiz Absalamova
Jurnalist Nərgiz Absalamova

Martın 1-də Bakı Apellyasiya Məhkəməsində "Abzas Media"nın əməkdaşı, jurnalist Nərgiz Absalamovanın həbs qətimkan tədbirinin uzadılması ilə bağlı Xətai Rayon Məhkəməsinin qərarından verilmiş şikayətə baxılıb. Məhkəmə apellyasiya şikayətini təmin etməyib.

Bu barədə məlumatı vəkil Rövşanə Rəhimli verib. Vəkilin sözlərinə görə, iclasdan əvvəl özünü Penitensiar Xidmətin əməkdaşı kimi təqdim edən mülki geyimli şəxslə onun arasında gərginlik yaşanıb.

"Nərgizlə şüşə kabindən hakimlər zala daxil olana qədər şikayətimizin dəlillərini müzakirə edirdik, bu zaman Penitensiarın həmin mülki geyimli əməkdaşı məhkəmə iclas katibinə müraciət etdi ki, Nərgizi zaldan çıxarırıq və hakimlər gələndə zala qaytaracağıq. Bunu niyə edirsiniz deyəndə, həmin şəxs qayıtdı ki, bura sizin üçün görüş yeri deyil, görüşmək istəyirsinizsə gedin təcridxanada görüşün. Daha sonra bu şəxs qapalı məhkəmə iclasında bütün proses boyu zalda oturdu. Baxmayaraq ki, içəridə xeyli sayda Penitensiarın xidməti geyimli əməkdaşları vardı. Mənim çıxışımdan sonra Nərgiz Absalamova davam edərək məhkəmədən tribunaya yaxınlaşıb oradan çıxış etməsini xahiş etdi və məhkəmə Nərgizin vəsatətini təmin etdi. Lakin Penitensiar Xidmətin həmin əməkdaşları hakimlərə yaxınlaşıb təhlükəsizlik baxımından bunun mümkün olmadığını bildirdilər. Mən bunun ağlabatan səbəbini soruşanda guya ki, Nərgizin təhlükəsizliyinə görə olmaz dedilər. Nərgizi kimdən qoruyursuz dedim, müdafiəçisindən, yoxsa müstəntiqdən," vəkil bildirib.

Vəkil bildirdiyinə görə, Penitensiar Xidmətin əməkdaşlarının qanunsuz müdaxiləsi nəticəsində Nərgiz Absalamovaya kürsüdən çıxış etməyə imkan verilmədi.

"Penitensiarın əməkdaşları artıq neçənci dəfədir ki, bu qanunsuz hərəkətləri ilə süni gərginlik yaradaraq, mübahisəyə səbəb olur, əsəblərimizi pozmağa çalışırlar," vəkil qeyd edib.

Penitensiar Xidmətdən məsələ ilə bağlı mövqe almaq mümkün olmayıb.

Yanvarın 15-də Xətai Rayon Məhkəməsi "Abzas Media"nın əməkdaşı, jurnalist Elnarə Qasımova barəsində 2 ay 17 günlük həbs qətimkan tədbiri seçib. Ona qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci (qrup halında qaçaqmalçılıq) maddəsi ilə ittiham irəli sürülüb.

"Abzas Media" ilə bağlı cinayət işi üzrə ötən ilin noyabrın 20-də saytın direktoru Ülvi Həsənli saxlanılıb. Həmin gün onun evində və "Abzas Media"nın ofisində axtarış aparılıb və ofisdən 40 min avro pul tapıldığı iddia edilib.

Daha sonra noyabrın 20-də direktor müavini Məhəmməd Kekalov, 21-nə keçən gecə xaricdən qayıdanda hava limanında təyyarənin içində Sevinc Vaqifqızı saxlanılıb. Bir müddət sonra jurnalist Nərgiz Absalamova, ardınca da dekabrın 13-də araşdırmaçı Hafiz Babalı həbs olunub.

Fevralın 24-də Xətai rayon Məhkəməsi Nərgiz Absalamova barəsində həbs qətimkan tədbirnin müddətini daha 3 ay (mayın 29-dək) uzadıb.

Jurnalistlərin hamısına Cinayət Məcəlləsinin 206.3.2-ci (öncədən əlbir bir qrup şəxs tərəfindən qaçaqmalçılıq) maddəsi ilə ittiham verilib. Bu maddənin sanksiyasında 5 ildən 8 ilədək həbs cəzası nəzərdə tutulub.

Onların heç biri özünü təqsirli bilmir, həbslərinin peşə fəaliyyətləri ilə bağlı olduğunu bildirir.

Beynəlxalq media müdafiə təşkilatları Azərbaycan hakimiyyətini saxlanan jurnalistləri dərhal azad etməyə, müstəqil mediaya təzyiqləri dayandırmağa çağırıb.

Azərbaycan hökuməti isə ölkədə insanların siyasi baxışlarına görə təqib edilmədiyini və bütün fundamental hüquqların tam təmin edildiyini bəyan edir.

Forum

XS
SM
MD
LG