Accessibility links

Sevinc Vaqifqızı və Ülvi Həsənli barəsində həbs qətimkan tədbirinin müddəti uzadılıb


Sevinc Vaqifqızı və Ülvi Həsənli
Sevinc Vaqifqızı və Ülvi Həsənli

Martın 14-də "Abzas Media"nın direktoru Ülvi Həsənli barəsində həbs müddəti 3 ay, baş redaktoru Sevinc Vaqifqızının (Abbasova) həbs müddəti isə 2 ay 29 gün uzadılıb.

Xətai Rayon Məhkəməsində hakim Rəfail Sadıxovun sədrliyi ilə keçirilən prosesdə istintaq orqanının həbs müddətlərinin uzadılması ilə bağlı təqdimatına baxılıb və təmin edilib.

Məhkəmədə jurnalistlər bildirib ki, onlara verilən qaçaqmalçılıq ittihamı saxtadır, "AbzasMedia"dakı korrupsiya araşdırmalarına görə cəzalandırılıblar.

Sevinc Vaqifqızının işi ilə bağlı prosesdə onunla hakim Rəfael Sadıxov arasında mübahisə yaranıb. Vaqifqızı siyasi sifarişlə, hakimiyyət nümayəndələrinin korrupsiya əməllərini ifşa etdiklərinə görə cəzalandırıldıqlarını bildirərkən hakim onun sözünü kəsib. Sevinc Vaqifqızı hakimə cavabında deyib:

"Mənim sözümü kəsə bilməzsən. Nəinki sən, sənə göstəriş verənlər də kəsə bilməz. Səndən fərqli olaraq, mən azad insanam".

Vəkillər bildirib ki, məhkəmənin qərarından apellyasiya şikayəti verəcəklər.

Fevralın 28-də "AbzasMedia" işi ilə bağlı həbs olunan jurnalist Nərgiz Absalamova barəsində həbs qətimkan tədbiri daha 3 ay uzadılıb. Martın 7-də isə həmin iş üzrə həbsdə olan jurnalistlər Hafiz Babalı və Elnarə Qasımovanın da həbsdə saxlanma müddəti 3 ay artırılıb.

"Abzas Media" ilə bağlı cinayət işi üzrə ötən ilin noyabrın 20-də saytın direktoru Ülvi Həsənli saxlanılıb. Həmin gün onun evində və "Abzas Media"nın ofisində axtarış aparılıb və ofisdən 40 min avro pul tapıldığı iddia edilib.

Daha sonra noyabrın 20-də direktor müavini Məhəmməd Kekalov, 21-ə keçən gecə xaricdən qayıdanda hava limanında saytın baş redaktoru Sevinc Vaqifqızı saxlanılıb.

Həmin iş üzrə jurnalistlər Nərgiz Absalamova, Elnarə Qasımova və araşdırmaçı jurnalist Hafiz Babalı da həbs olunub. Jurnalistlərin hamısına Cinayət Məcəlləsinin 206.3.2-ci (öncədən əlbir bir qrup şəxs tərəfindən qaçaqmalçılıq) maddəsi ilə ittiham verilib. Bu maddənin sanksiyasında 5 ildən 8 ilədək həbs cəzası nəzərdə tutulub.

Onların heç biri özünü təqsirli bilmir, həbslərinin peşə fəaliyyətləri ilə bağlı olduğunu bildirir.

Beynəlxalq media müdafiə təşkilatları Azərbaycan hakimiyyətini saxlanan jurnalistləri dərhal azad etməyə, müstəqil mediaya təzyiqləri dayandırmağa çağırıb.

Azərbaycan hökuməti isə ölkədə insanların siyasi baxışlarına görə təqib edilmədiyini və bütün fundamental hüquqların tam təmin edildiyini bəyan edir.

Forum

XS
SM
MD
LG