Accessibility links

Azərbaycan qlobal azadlıq indeksində azad olmayan ölkələr sırasında yer alıb


Bakı, Azərbaycan
Bakı, Azərbaycan

"Freedom House" təşkilatı fevralın 29-da "Dünyada azadlıq 2024: Qüsurlu seçkilərin və silahlı münaqişələrin artan zərəri" adlı hesabatını açıqlayıb.

Hesabatda Azərbaycan qlobal azadlıq indeksində 100 mümkün baldan yalnız 7 bal toplayraq azad olmayan ölkələr sırasında yer alıb.

Hesabatda dünyada azadlıq hesabatı vasitəsilə 210 ölkə və ərazidə insanların siyasi hüquq və vətəndaş azadlıqlarına çıxışı qiymətləndirilib. Belə ki, sənəddə fərdi azadlıqlar - səsvermə hüququ, ifadə azadlığı, qanun qarşısında bərabərlik, dövlət və ya qeyri-dövlət subyektlərinin durumu əks olunub.

Sənəddə bildirilir ki, 2023-cü ildə dünya əhalisinin beşdə birinin yaşadığı 52 ölkədə siyasi hüquqlar və mülki azadlıqların durumu pisləşib. Azadlıqların geriləməsinin səbəbi kimi müharibələr, seçkilərin qeyri-azad keçirilməsi, plüralizm mühitinə basqılar göstərilib.

Beləliklə, dünya əhalisinin 38 faizi azad olmayan, 42 faizi qismən azad, 20 faizi isə azad ölkələrdə yaşayır.

Sənəddə deyilir ki, ​Azərbaycanın avtoritar rejimində güc hələ də 2003-cü ildən prezident vəzifəsini icra edən İlham Əliyevin, onun qohumlarının və ailəsinin əlində cəmləşib.

Hesabatda qeyd edilir ki, ölkədə illərdir davam edən təqdiblər nəticəsində siyasi müxalifət zəiflədilib, hakimiyyətin vətəndaş azadlıqlarına qarşı həyata keçirdiyi basqılar nəticəsində müstəqil ifadə və ya fəallıq üçün yer azalıb. Sənəddə həmçinin deyilir ki, 2023-cü ildə Azərbaycanın keçirdiyi hərbi əməliyyat nəticəsində Qarabağ bölgəsinə nəzarəti ələ keçirdikdən sonra demək olar ki, bütün erməni əhali bölgəni tərk edərək, Ermənistana qaçıb.

Sənədin “2023-cü ildə əsas inkişaflar” bölməsində deyilir ki, Azərbaycan hakimiyyəti noyabr ayında ölkədə qalan müstəqil mediaya qarşı intensiv repressiyaya başlayıb.

“Bir neçə jurnalist və media rəhbəri qaçaqmalçılıq, qeyri-qanuni tikinti və polisə müqavimət kimi ittihamlarla məhkəməyə qədər həbs edilib”, Freedom House qeyd edib.

Hesabatda əlavə edilir ki, millət vəkilləri siyasi partiyaların qeydiyyatı üçün ciddi şərtlər qoyan mübahisəli bir qanun qəbul edib.

“Qanun etirazlara və beynəlxalq tənqidlərə səbəb oldu, xüsusən də partiyaların qeydiyyatdan keçməsi üçün əvvəlki 1000 üzvdən ən azı 5000 üzv olması tələbi tənqidlərlə qarşılandı”.

Sənədin “Siyasi hüquqlar” bölməsində deyilir ki, 1990-cı illərin əvvəllərindən bəri seçkilər beynəlxalq müşahidəçilər tərəfindən etibarlı və rəqabətli sayılmayıb.

“2023-cü ilin dekabrında növbədənkənar prezident seçkiləri bir il tez təyin edilərək 2024-cü ilin fevralında keçirilib. Müxalifətin əsas iki partiyası Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) və Müsavat Partiyası seçkini boykot edib. AXCP sədri seçkini “demokratiyanın imitasiyası olan seçki adı altında saxtakarlıq” adlandırıb”, Freedom House qeyd edib.

“Siyasi plüralizm və iştirak” bölməsində deyilir ki, Azərbaycanda siyasi mühit nə plüralist, nə də rəqabətə davamlıdır.

“Müxalifət partiyalarının fəaliyyət göstərməsi və ictimaiyyətlə əlaqəsi YAP-ın üstünlüyü ilə məhdudlaşır. Müxalifətin televiziyada yayıma çıxışı faktiki olaraq yoxdur. Rejim milli şöhrət qazanan istənilən islami siyasi hərəkatı şiddətlə təqib edir”.

Freedom House bildirir ki, 2023-cü ilin iyulunda Azərbaycan Demokratiya və Rifah Hərəkatının lideri Qubad İbadoğlu saxta əməliyyatda iştirak ittihamı ilə həbs edilib.

“O, həmçinin Fətullah Gülən hərəkatı ilə əlaqədə olduğu iddiası ilə dini ekstremizmdə ittiham olunub. Ədliyyə Nazirliyi İbadoğlunun şəkərli diabet xəstəliyindən əziyyət çəkdiyi və skoliozdan yaranan ağırlaşmalarla bağlı həbsxana xəstəxanasına yerləşdirməkdən imtina edib. Vəkillər ittihamları siyasi motivli adlandırıb, Avropa Parlamentinin, ABŞ Senatının və beynəlxalq insan haqları ictimaiyyətinin üzvləri onun həbsindən narahat olduqlarını bildiriblər”.

Sənəddə iddia edilir ki, Azərbaycanda avtoritar sistem ictimaiyyəti istənilən siyasi iştirakdan kənarda qoyur.

“Rejim öz siyasi üstünlüyünü saxlamaq üçün dövlət resurslarından sui-istifadəyə, korrupsiyalaşmış himayədarlıq şəbəkələrinə, təhlükəsizlik qüvvələrinə və ədliyyə sisteminə nəzarətə arxalanır”.

​“Hökumətin fəaliyyəti” bölməsində deyilir ki, ölkədə nə prezident, nə də parlament üzvləri azad və ədalətli şəkildə seçilmir, parlament qüdrətli prezidentlik üzərində mənalı yoxlama rolunu oynaya bilmir.

“Qanunvericilər və aşağı səviyyəli seçilmiş məmurlar mahiyyətcə hakim partiyanın göstərişlərini yerinə yetirir”.

Sənəddə deyilir ki, məmur korrupsiyasına qarşı təminatlar güclü və effektiv deyil.

“Korrupsiya geniş yayılıb. Azad mətbuatın və müstəqil məhkəmə sisteminin olmadığı bir şəraitdə məmurlar korrupsiyaya görə yalnız daha güclü və ya yaxşı əlaqələri olan şəxsin ehtiyaclarına uyğun gələndə məsuliyyət daşıyırlar”.

Freedom House hesab edir ki, hökumətin fəaliyyəti qeyri-şəffafdır.

“Dövlət məmurlarından nominal olaraq maliyyə hesabatlarını təqdim etmələri tələb olunsa da, prosedurlar və uyğunluq aydın deyil, hesabatlar ictimaiyyət üçün açıq deyil”.

“İfadə və inanc azadlığı” bölməsində deyilir ki, mətbuat azadlığı üçün konstitusiya təminatları müntəzəm və sistematik şəkildə pozulur, çünki hökumət informasiya mənzərəsini sıx nəzarətdə saxlamağa çalışır.

“Diffamasiya cinayət məsuliyyəti olaraq qalır. 2017-ci ildə qəbul edilmiş qanunvericilik dəyişiklikləri onlayn media üzərində hökumət nəzarətini genişləndirərək, dövlət və ya cəmiyyət üçün təhlükə yaradan məzmunu ehtiva edən saytların məhkəmə qərarı olmadan bloklanmasına imkan verir. Müstəqil xəbər saytları mütəmadi olaraq bloklanır və ya kiberhücumlara məruz qalır”.

Sənəddə deyilir ki, jurnalistləri səyahət qadağaları ilə yanaşı saxta ittihamlarla həbs gözləyir. Jurnalistlər nəzarət altındadır.

“2023-cü ilin noyabrında hakimiyyət qalan müstəqil mediaya qarşı intensiv repressiyaya başlayıb. “Abzas Media” və “Kanal 13” telekanallarının direktorları və redaksiya qrupları da daxil olmaqla, bir neçə jurnalist və media rəhbəri qaçaqmalçılıq, qanunsuz tikinti və polisə müqavimət kimi ittihamlarla məhkəməyə qədər həbs edilib”.

Freedom House bildirir ki, rejim din üzərində nəzarəti Qafqaz Müsəlmanları İdarəsi kimi dövlətə bağlı qurumlar vasitəsilə həyata keçirir. Təşkilat müstəqil dini təşkilatların çoxsaylı üzvlərinin təqiblə üzləşdiyi qənaətindədir.

“2023-cü ildə Azərbaycan hakimiyyəti yüzlərlə dindar şiə müsəlmanı həbs edib. Hökumətyönlü media bəzilərini İran üçün işləyən casuslar kimi qələmə verir, hətta əksəriyyəti narkotiklə əlaqəli ittihamlarla həbs olunur. Hüquq müdafiəçiləri 500-dən çox dindar şiənin həbs edildiyini, bəzilərinin isə həbsdə işgəncələrə məruz qaldığını bildirib”.

Hesabatda deyilir ki, qeyri-hökumət təşkilatları (QHT) haqqında repressiv qanunlar həm yerli, həm də xarici təşkilatlara təzyiq göstərmək üçün istifadə edilib, onların bir çoxu bank hesabları dondurulduğunda və ya ofislərinə basqın edilərkən fəaliyyətini dayandırıb.

“İnsan hüquqları ilə məşğul olan demək olar ki, bütün təşkilatlar və ya şəbəkələr dövlət tərəfindən boz zonada fəaliyyət göstərməyə məcbur edilir”.

Sənədə görə, vətəndaş fəalları müntəzəm olaraq polis tərəfindən təqiblərə, hədə-qorxulara, həbslərə və zorakılığa məruz qalır.

“Fəalların saxta ittihamlarla həbsi davam edir. Hüquq müdafiəçisi Bəxtiyar Hacıyev 2022-ci ilin dekabrında xuliqanlıq ittihamı ilə həbs edilib. Vəkili işi “siyasi” adlandıraraq, bunun onun fəallığı ilə əlaqəli olduğunu söyləyib”.

Sənədin həmkarlar ittifaqı ilə bağlı bölməsində deyilir ki, qanunvericilik müstəqil həmkarlar ittifaqları yaradılmasına imkan versə də işçilərin hüquqlarını müdafə edən fəallar həbsə məhkum edilir.

“2023-cü ilin avqustunda müstəqil həmkarlar ittifaqı konfederasiyasının sədri Afiəddin Məmmədov kuryerlər ittifaqı ilə mətbuat konfransında iştirak etdikdən sonra həbs edilib”.

​“Qanunun aliliyi” bölməsində deyilir ki, məhkəmə sistemi korrupsionerdir və icra hakimiyyətinə tabedir.

“Məhkəmələrin siyasi müstəqilliyinin olmaması müxalifət xadimlərinə, fəallara və tənqidçi jurnalistlərə qarşı qaldırılan bir çox qondarma və ya başqa cür qüsurlu işlərdə xüsusilə aydın görünür”.

“Əsassız həbslər adi haldır və məhbuslar çox vaxt məhkəmədən əvvəl uzun müddət saxlanılır. Siyasi məhbuslar hüquqi məsləhətə çıxışının məhdudlaşdırıldığını, sübutların uydurma və gizlədilməsini, etirafları çıxarmaq üçün fiziki zorakılığa məruz qaldıqlarını bildirib”, Freedom House əlavə edib.

Hesabatda deyilir ki, beynəlxalq müşahidəçilər ardıcıl olaraq belə qənaətə gəliblər ki, həm işgəncə, həm də bu cür sui-istifadə edənlərin cəzasız qalması Azərbaycanın ədliyyə sistemində endemikdir.

“Polis şübhəliləri həbs zamanı və ya etirazları dağıdarkən müntəzəm olaraq döyür. Həbsxana şəraiti qeyri-standartdır. Tibbi yardım ümumiyyətlə qeyri-kafidir və həddindən artıq sıxlıq adi haldır”.

Təşkilat bu sırada misal kimi “Tərtər işi”ni və “işgəncələr altında dünyasını dəyişən bloger Mehman Hüseynov və Elxan Ağazadənin ölümünü” göstərir.

Freedom House hesab edir ki, gender əsaslı zorakılığın digər formaları da davamlı problemdir.

“Cinsi zorakılıqlar tez-tez qeydə alınmır və bəzi hallarda bunu bildirənlər cinayət məsuliyyətinə cəlb edilmir”, sənəddə qeyd edilir.

Rüfət Səfərov- hüquq müdafiəçisi
Rüfət Səfərov- hüquq müdafiəçisi

"Müdafiə Xətti" hüquq müdafiə təşkilatının icraçı direktoru Rüfət Səfərov Amerikanın Səsinə deyib ki, əvvəlki dövrlərin hesabatlarında Azərbaycan qismən azad ölkə qismində göstərilir.

“Xüsusilə, son bir ildə davam etdirilən repressiv hərəkətlar, siyasi ağırlıqlı təqiblər, fundamental hüquq və azadlıqların məhdudlaşdırılması Azərbaycanı qeyri-azad ölkələr sırasına endirib”, o belə hesab edir.

Hüquq müdafiəçisinin fikrincə, ölkədə demokratiyanın mühüm atributu olan seçmək, birləşmək hüquqları, sərbəst toplaşmaq, fikir və söz, mətbuat və məlumat azadlıqları formal olaraq mövcuddur, faktiki surətdə aradan qaldırılıb.

“Hüquq və azadlıqların məhkəmələrdə müdafiəsinə təminat yoxdur. İnsanların cəmiyyətin və dövlətin siyasi həyatında maneəsiz iştirak etmək haqqı məhdudlaşdırılıb. Respublika vətəndaşlarının dövlətin idarə olunmasında iştirak etmək hüququ aradan qaldırılıb. Adamlar bilavasitə və ya nümayəndələri vasitəsilə dövlətin idarə olunmasında iştirak edə bilmirlər. Azərbaycanda hər kəs qanun və məhkəmə qarşısında bərabər deyil. Ölkə insanı əqidəsindən, siyasi partiyalara, ictimai birliklərə mənsubiyyətindən asılı olaraq qanun önündə mövqe tuturlar”.

O hesab edir ki, korrupsiya hazırkı kleptokrat sistemin əsas mövcudluq şərtidir.

“Bəzi hallarda klanlararası münasibətlərin qurbanı olan ayrı-ayrı məmurların həbsi korrupsiyaya qarşı mübarizədən xəbər vermir, bu, olsa-olsa, insanların gözünə kül üfürmək məqsədi daşıyır”.

Forum

XS
SM
MD
LG