Accessibility links

Qalib Toğrul: Qubad İbadoğlunun səhhəti kəskin pisləşib


Qubad İbadoğlunun qardaşı Qalib Toğrul
Qubad İbadoğlunun qardaşı Qalib Toğrul

Azərbaycan Demokratiya və Rifah Hərəkatının sədri, iqtisadçı Qubad İbadoğlunun səhhətinin pisləşdiyi bildirilir. Bu barədə onun qardaşı Qalib Toğrul məlumat verib. Onun sözlərinə görə 7 aya yaxındır ki, qanunsuz olaraq Bakı İstintaq Təcridxanasında saxlanlan qardaşının səhhətində son günlər kəskin pisləşmələr qeydə alınıb.

"Növbəti endokrinoloq müayinəsindən sonra II tip şəkərli diabet xəstəsi olan qardaşıma polineyropatiya diaqnozu qoyulub, 10 günlük sistem köçürülməsi və sistem bitdikdən sonra bir aylıq dərman müalicəsi (Alfa lipoy turşusu) təyin edilib. Şənbə günü sistem üçün tələb olunan dərmanları və ləvazimatları Bakı İstintaq Təcridxanasının Tibbi Sanitar Hissəsinə təqdim etmişik. Şəkərin son 7 ayda bir gün belə aşağı düşməməsinin səbəbi bərbad saxlanma şəraiti, stress və qardaşımın gündə ən azı 2 saatlıq gəzinti hüququnun təmin olunmamasıdır. Analiz və müayinələrin nəticələrinin Ədliyyə Nazirliyi tərəfindən saxtalaşdırılması qardaşımın müvafiq keyfiyyətli tibbi yardımla əhatə olunmasını istisna edir ki, bu da hüquqi nöqteyi-nəzərdən (beynəlxalq insan hüquqları könvensiyalarına müvafiq olaraq) qeyri-insani rəftar və işgəncə hesab olunur", o bildirib.


Qalib Toğrul bildirib ki, Qubad İbadoğlunun səhhətinin kəskin pisləşməsinə baxmayaraq Ədliyyə Nazirliyi və Penitensiar Xidmət onun müalicə müəssisəsinə köçürülməsinə imkan vermir.

"Analiz və müayinələrin nəticələrinin saxtalaşdırılmasının bir səbəbi Avropa İnsan Hüquqları Məhkəməsini yanlış yönləndirməyə (aldatmağa) cəhddirsə, digər bir səbəbi yerli və beynəlxalq ictimaiyyətdə qardaşımın müalicə müəssisəsinə köçürülməsinə ehtiyac olmadığı qənaətini yaratmaqdır.
Tibbi sənədlərdə saxtakarlıq edən Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsi qardaşımın səhhətinin sürətlə pisləşməsini (faktiki vəziyyəti) artıq etiraf etməli olub ki, ona müalicə kursu təyin edilib. Əgər qanda gündəlik şəkərin səviyyəsi (qlükoza) və 3 aylıq orta şəkər (qlikohemoqlobin-gizli şəkər) göstəriciləri, Ədliyyə Nazirliyinin iddia etdiyi kimi, bu günədək həmişə norma daxilində olubsa, qardaşımın periferik sinirləri niyə zədələnib?
Hələ də qanda şəkərin yüksək səviyyəsinin qardaşımın digər daxili orqanlarında (böyrək, qaraciyər, göz və sair) hansı fəsadlara yol açmasından xəbərsizik, aortanın anevrizmasının (aortanın qalxan hissəsinin) hansı mərhələdə (diametrdə) olduğunu bilmirik, qalxanabənzər vəzin böyüməsini (şişməsini) vizual olaraq şənbə günü şüşə arxasından müşahidə etsək də, xəstəliyin irəliləməsi vəziyyəti və onurğadakı fəsadlar (protuziya, degenerasiya və sinir qıcıqlanması) barədə məlumatsızıq və sair və ilaxır.
Bir həftədən sonra istintaq dövrünün ikinci uzadılma müddəti (3 ay) başa çatır və bu 3 ayda bir dəfə belə istintaq hərəkəti aparılmayıb. O zaman nədən qardaşıma belə zülm yaşadırsınız?!" - deyə, o, bildirib.

Məsələ ilə bağlı nə Ədliyyə Nazirliyinin Penitensiar Xidmətindən, nə də Bakı İstintaq Təcridxanasından mövqe almaq mümkün olmayıb.

Xatırlatma

Ötən il iyul ayında Nərimanov Rayon Məhkəməsi Qubad İbadoğlu barədə həbs qətimkan tədbiri seçib. Qubad İbadoğlu 204.3.1-ci (satış məqsədi ilə hazırlama, o cümlədən saxta pul və ya xarici valyuta əldə etmə və ya satma - eyni əməllər mütəşəkkil dəstə tərəfindən törədildikdə), 167-3.1-ci (Dini ekstremist materialları, yəni dini ekstremist fəaliyyəti həyata keçirməyə çağıran və ya belə fəaliyyəti əsaslandıran, yaxud belə fəaliyyətin zəruriliyinə bəraət qazandıran materialları hazırlama, saxlama və ya yayma) maddələri ilə ittiham olunur. İki ittiham üzrə onu 17 ilədək həbs gözləyir.

Azərbaycan Daxili İşlər Nazirliyi Qubad İbadoğlunun Türkiyədə 2016-cı ildə çevriliş cəhdində ittiham olunan, hazırda Amerikada yaşayan Fətullah Gülənin tərəfdarları ilə əlaqədar keçirilən əməliyyat tədbirləri çərçivəsində saxlanıldığını bildirib.

Qubad İbadoğlu ittihamları qəbul etmir və həbsinin siyasi sifariş olduğunu qeyd edir. Bir sıra ölkələr və beynəlxalq təşkilatlar, o cümlədən ABŞ Dövlət Departamenti, ABŞ senatorları və konqresmenləri İbadoğlunun həbsdən azad edilməsi üçün çağırışlar edib.

Forum

XS
SM
MD
LG