Accessibility links

Emin Şaiq İbrahimov: Azərbaycan səmimi olaraq öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməlidir


Emin Şaiq İbrahimov-keçmiş diplomat
Emin Şaiq İbrahimov-keçmiş diplomat

Keçmiş diplomat Emin Şaiq İbrahimov Amerikanın Səsinə müsahibəsində Azərbaycan parlamentinin nümayəndə heyətinin Avropa Şurası Parlament Assambleyasında (AŞPA) səsvermə hüququndan məhrum edilməsinin səbəblərindən danışıb.

Amerikanın Səsi: AŞPA-da Azərbaycan nümayəndə heyətinin səlahiyyətinin təsdiq edilməməsi cəmiyyətdə birmənalı qəbul olunmur. Bəziləri bunu Azərbaycana qarşı qərəzli addım kimi qəbul edir. Siz bu barədə nə düşünürsüz?

Emin Şaiq İbrahimov: Mən ümumiyyətlə fikirləşirəm ki, bu bizim AŞPA ilə əməkdaşlığımız dövründə qəbul etdiyi ən səmimi və ən düzgün qərardır. Çünki biz AŞPA-ya 2001-ci ildə daxil olanda böyük ümidlər var idi. Hətta bizi şərti götürmüşdülər ki, demokratiya, insan haqları, hüququn üstünlüyünün təmin olunması sahəsində hansısa islahatlar keçirilsin. Amma, bu istiqamətdə heç bir şey olmadı. Əksinə avtoritar rejim daha da mürtəceləşdi, daha da avtoritarlaşdı. Bu prosesdə AŞPA bu prosesi “malaladı” deyə bilərik. Bu proses boyunca AŞPA-nin biz hansısa bir müsbət rolunu görə bilmədik. Yəni, o baxımdan mən hesab edirəm ki, vəziyyətin çılpaq görünməsi baxımından vəziyyət budur ki, öhdəliklər yerinə yetirilməyib. Əksinə vəziyyət pisləşib. Pisləşibsə bizim orada olmağımızın mənası yoxdur. Üstəlik o deputatlar saxta seçiliblər. Onların legitimliyi yoxdur. Yəni deputatların legitimliyini AŞPA indiyə qədər tanımaqla əslində avtoritar rejimə bir don geyindirib və “malalıyıb”. Mən hesab edirəm ki, bu həm də Azərbaycan xalqına bir hörmətsizlikdir. Onlar orada deyirlər ki, bizi Azərbaycan xalqı seçib. Amma o deputatların siyasi olaraq Azərbaycan xalqına heç bir aidiyyatı yoxdur. Ona görə də mən bu vəziyyətdə bu qərarı, belə deyək, düzgün sayıram. Amma təəssüflənirəm. Məyusedici bir hadisə sayıram ki, biz bura gəlib çıxmamalıydıq. 23 illik birgə münasibətlərdən, 30 illik müstəqillikdən sonra Azərbaycan oradan, yəni AŞPA-nın nümayəndə heyətindən çıxarılması vəziyyətinə gəlib çıxmamalı idi.

Sabiq Azərbaycan diplomatı AŞPA-da baş verənləri şərh edir
please wait

No media source currently available

0:00 0:06:05 0:00

Amerikanın Səsi: Azərbaycan və AŞPA arasında yaranan problemin həllini necə görürsünüz?

Emin Şaiq İbrahimov: Yəni, həlli deyəndə, ümimiyyətlə həlli ondan ibarətdir ki, Azərbaycan səmimi olaraq öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməlidir. Yəni Azərbaycanda səmimi demokratikləşmə getməlidir. Hansısa səmimi islahatlar getməlidir. Ümumiyyətlə məsələnin iki tərəfi var. Var obyektiv tərəfi, var siyasi tərəfi. Obyektiv tərəf odur ki, Azərbaycanda yəni, islahatlar getmir. AŞPA üzvlərinin bağlı olmalı olduqları prinsiplərə bağlılıq yoxdur. Yəni, obyektiv olaraq məsələni həll eləmək üçün hansısa islahatlar olmalıdır. Hansısa insan hüquqları, seçki, məhkəmə sahəsində. Bunu da açığı bu hakimiyyətdən gözləmirəm. Bu məsələnin obyektiv tərəfidir. Bir də bu məsələnin siyasi tərəfi var. Siyasi tərəfi ondan ibarətdir ki, 23 ildə var idi bu məsələlər. Amma bu illərdə bu qərar yox idi? Deməli nəsə baş verir, ona görə bu hadisə oldu. Bu da geosiyasi proseslərlə bağlıdır. Belə ki, artıq hamıya məlumdur ki, regionda Qərblə Rusiya arasında bir geosiyasi konfrantasiya gedir. Bu konfrantasiyada da təəssüflər olsun ki, Azərbaycan hakimiyyəti Azərbaycanı Rusiyanın yanında qoymuşdur. Qərb istər-istəməz burada ona görə Azərbaycan hakimiyyətinin rusiyayönümlü siyasətinə qarşı bir mövqe ortaya qoyur. Yəni bizim üçün maraqlı olan təbii ki, Qərbin marağı deyil. Bizim üçün maraqlı olan odur ki, bu strategiya bizim öz maraqlarımıza ziddir. Çünki Rusiyadan aslılığı artırır. Ümumiyyətlə Azərbaycanın tərəqqi üçün üfüqlərini bloklayır.

Amerikanın Səsi: Əgər problem dərinləşərsə və sonda Azərbaycan təşkilatı tərk edərsə, bunun dövlət və vətəndaşlar üçün siyası, hüquqi, iqtisadi nəticələri nə ola bilər?

Emin Şaiq İbrahimov: Mən ümumiyyətlə, belə deyək də, birinci suala cavab verəndə dedim ki, bunu ilk dəfə AŞPA tərəfindən düzgün qərar kimi qiymətləndirdim. Yəni əksinə bu tendensiya Azərbaycanın, belə deyək, bu rejimin özünü maskalaması, manipulasiya imkanlarının daralmasını mən müsbət sayıram. Çünki mahiyyət etibarı ilə Azərbaycan Xəzər dənizindən, belə deyək, Avropa tərəfə baxanda Belarus, Rusiya səviyyəsində bir ölkədir. Üç rejim var ki, bunlar klassik avtoritar rejimdirlər. Bunlarda seçki falan yoxdur, heç nə yoxdur. Məsələn, Türkiyədə nəsə problem var. Macarıstanda da problem var. Amma bu üç ölkə eyni tip avtoritar rejimdirlər. Rusiya AŞPA üzvlüyündən çıxarılıb. Belarus heç bir zaman olmayıb. Amma Azərbaycan sanki məzmun bir şeydir. Amma forma olaraq AŞPA-dadır. Mən hesab edirəm ki, forma da məzmuna uyğun olmalıdır. Hər kəs rejimin mahiyyətini çılpaq olaraq bilməlidir.

Amerikanın Səsi: Ümumiyyətlə avrointeqrasiya xəttindən imtina mümkündürmü? Bu Azərbaycanın xarici siyasətinə və beynəlxalq arenada mövqeyinə necə təsir göstərə bilər?

Emin Şaiq İbrahimov: Yəni Azərbaycan hakimiyyəti avroatlantikadan çoxdan imtina edib. Bunu İlham Əliyev də dəfələrlə deyib ki, ora inteqrasiya etmək niyyətimiz yoxdur. Düzdür milli təhlükəsizlik konsepsiyasına elə bir şey yazıblar. Amma o çoxdan yaddan çıxıb. Amma faktiki olaraq qeyd elədim ki, vəziyyət ondan ibarətdir k, əksinə nəinki avrointeqrasiya xətti tutulub. Azərbaycan hakimiyyəti eyni kateqoriyalı bir rejim olan Putin rejimi ilə əlbir olaraq avrointeqrasiyanın regionda güclənməsinə qarşı birgə işləyir. Xarici siyasətin də əsas məqsədlərindən biri bu prosesin regionda güclənməsinin qarşısını almaqdır. Çünki bu onların hakimiyyətləri üçün birbaşa təhdiddir.

Qeyd: Bu Emin Şaiq İbrahimovun fikirləridir. Rəsmi Bakı Azərbaycan nümayəndə heyətinin AŞPA-da bir il müddətinə səlahiyyətlərinin təsdiq edilməməsini ölkənin ərazi bütövlüyünü təmin etməsi ilə əlaqələndirir.

Fevralın 1-də Azərbaycan Prezidenti İlham Əliyev bildirib ki, AŞPA-da Azərbaycan nümayəndə heyətinin hüquqları bərpa edilməlidir.

“Azərbaycan nümayəndə heyətinin hüquqları bərpa olunmayacağı təqdirdə, Azərbaycan tərəfindən də Avropa Şurası və Avropa İnsan Haqları Məhkəməsində iştirak məsələsinə yenidən baxılacaq. Avropa Şurası Parlament Assambleyasında anti-Azərbaycan xarakteri daşıyan və Azərbaycan nümayəndə heyətinin etimadnaməsinin ratifikasiya edilməməsi ilə bağlı azlıq olan bir qrupun təşəbbüsü dialoqa xidmət etmir. Bu, ümumiyyətlə, parlament platformasının ənənələri ilə ziddiyyət təşkil edir ”, Əliyev qeyd edib.

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov da Avropa Şurası Parlament Assambleyasını "qərəzli" olmaqda ittiham edib.

"Biz AŞPA-nın ölkəmizə qarşı qərəzli addımını qətiyyətlə pisləyirik. Azərbaycan nümayəndə heyəti öz mövqeyini bildirib. Mən tamamilə razıyam ki, bizə qarşı bu pis niyyətli addım Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini bərpa etməsi ilə bağlıdır", nazir bildirib.

Onun fikrincə, Azərbaycanın nümayəndə heyətinin səlahiyyətlərinin təsdiq edilməsindən imtina haqqında təklif "Avropa Şurasının etibarlılığına və qərəzsizliyinə ciddi zərbə olacaq".

Bayramov hesab edir ki, bu addımın "ciddi və dönülməz nəticələrinə görə məsuliyyət tamamilə onun təşəbbüskarlarının üzərinə düşür".

Forum

XS
SM
MD
LG