Accessibility links

Dunya Miyatoviç Azərbaycan hakimiyyətini jurnalistlərə və fəallara qarşı təqiblərə son qoymağa çağırıb


Dunya Miyatoviç, Avropa Şurasının insan hüquqları üzrə komissarı
Dunya Miyatoviç, Avropa Şurasının insan hüquqları üzrə komissarı

Avropa Şurasının insan hüquqları üzrə komissarı Dunya Miyatoviç Azərbaycan hakimiyyətini jurnalistlərə və vətəndaş cəmiyyəti fəallarına qarşı təhdid və təqibləri son qoymağa çağırıb.

“Azərbaycanda jurnalistlərin və vətəndaş cəmiyyəti üzvlərinin üzləşdiyi repressiyaların artması dərin narahatlıq doğurur”, Miyatoviç martın 25-də yaydığı bəyanatda qeyd edib.

Bəyanatda vurğulanır ki, son aylarda Azərbaycan hakimiyyəti öz işlərini qanuni şəkildə aparan, fərqli və ya hökumətə qarşı tənqidi fikirlər səsləndirən müstəqil mediaya, vətəndaş cəmiyyətinə və fəallara qarşı repressiyaları gücləndirib.

2023-cü ilin noyabrında “Abzas Media”nın direktoru Ülvi Həsənli və baş redaktoru Sevinc Vaqifqızı, Kanal 13 onlayn televiziya kanalının təsisçisi Əziz Orucov və aparıcısı Rüfət Muradlı, müstəqil jurnalist Teymur Kərimov da daxil olmaqla azı altı jurnalist şübhəli ittihamlarla həbs edilib.

Daha bir neçə jurnalist dindirilib və onlar jurnalist fəaliyyətləri, tənqidi reportajları ilə əlaqədar təqib və təhdidlərə məruz qaldıqlarını bildiriblər.

2024-cü il martın əvvəlində polis müstəqil internet televiziyası Toplum TV-nin ofisinə basqın edərək qurumun təsisçisi Ələsgər Məmmədlini və jurnalist Müşfiq Cabbarı saxlayıb.

“Mən Azərbaycanda qanuni fəaliyyətlərinə görə saxlanılan və ya təzyiqə məruz qalan digər şəxslərin, o cümlədən akademik və tanınmış vətəndaş cəmiyyəti xadimi, həbsdə olarkən bir sıra ciddi sağlamlıq vəziyyətlərindən əziyyət çəkən Qubad İbadoğlunun vəziyyətini də narahatlıqla izləyirəm”, Dunya Miyatoviç deyib.

Bəyanatda həmçinin ötən ay 9 il həbs cəzasına məhkum edilən jurnalist Əvəz Zeynallının və 2022-ci ilin dekabrından həbsdə olan insan hüquqları fəalı Bəxtiyar Hacıyevin işləri vurğulanır.

2019-cu ildə bəri dəfələrlə Azərbaycanda ifadə və media azadlığı ilə bağlı vəziyyətin pisləşməsinə, habelə hüquq müdafiəçiləri və vətəndaş cəmiyyəti fəallarına qarşı düşmənçilik mühitinin davam etməsinə diqqət çəkdiyini bildirən Miyatoviç, Azərbaycan hakimiyyətinin insan hüquqları ilə bağlı öhdəliklərinə məhəl qoymadığını əlavə edib.

“Mən Azərbaycan hökumətini insan hüquqları ilə bağlı öhdəliklərinə tam riayəti təmin etmək üçün qətiyyətli addımlar atmağa çağırıram. Bunun üçün qanuni fəaliyyətinə, fərqli və ya tənqidi fikir bildirdiyinə görə həbs edilmiş bütün şəxslər, o cümlədən jurnalistlər və vətəndaş cəmiyyəti fəalları azad edilməli, jurnalistlərin, vətəndaş cəmiyyətinin və hüquq müdafiəçilərinin fəaliyyəti üçün əlverişli mühitin yaradılmalıdır”, Dunya Miyatoviç vurğulayıb.

Bugünədək bir sıra dövlətlər və beynəlxalq təşkilatlar oxşar çağırışlar etsə də, rəsmi Bakı Azərbaycanda fikir və mətbuat azadlığının hədəf alınması, jurnalistlərin əsassız həbsi ilə bağlı ittihamları rədd edir və ölkədə fundamental hüquq və azadlıqların, eləcə də media azadlığın tam olaraq təmin edildiyini vurğulayır.

Forum

Dünyaya Baxış

Dünyaya Baxış. Kyiv Rusiyanın Ukraynaya qitələrarası ballistik raket atdığını bildirib
please wait

No media source currently available

0:00 0:11:56 0:00
XS
SM
MD
LG