Accessibility links

Teymur Kərimov barəsində əlavə ittiham irəli sürülüb


Teymur Kərimov
Teymur Kərimov

"Kanal 11" internet televiziyasının həbsdə olan rəhbəri Teymur Kərimova qarşı əlavə ittiham irəli sürülüb. Bu barədə Amerikanın Səsinə onun vəkili Nemət Kərimli məlumat verib.

"İttiham olunduğu maddənin əlavə hissəsi ilə yeni ittiham verilib. O, artıq Cinayət Məcəlləsinin 182.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə də ittiham olunur".

Vəkil Nemət Kərimlinin sözlərinə görə, bundan öncə Teymur Kərimov Cinayət Məcəlləsinin 182.2.2-ci və 182.2.4-cü (hədə-qorxu ilə tələb etmə) maddələri ittiham olunurdu.

"Kanal 11" internet televiziyası Teymur Kərimova qarşı əlavə ittiham irəli sürülməsini Azərbaycan dövlətinin jurnalistlərə qarşı repressiya dalğasını davam etdirməsi kimi qiymətləndirib:

"Şübhəsizdir ki, ötən ildən həm ictimai-siyasi fəallara, həm də jurnalistlərə qarşı aparılan bu repressiya dalğası Azərbaycan iqtidarının ölkədə mövcud olan sonuncu müstəqil səsləri belə məhv etmək planının tərkib hissəsidir. "Kanal 11" İnternet Televiziyası olaraq "Toplum TV" və "Abzas Media" ilə həmrəy olduğumuzu bildiririk və avtoritarizmə qarşı eyni cəbhədə mübarizə apardığımızı bəyan edirik".

Ötən il dekabrın 12-də Nərimanov Rayon Məhkəməsi "Kanal 11" İnternet Televiziyasının rəhbəri Teymur Kərimov barəsində 4 aylıq həbs qətimkan tədbiri seçib.

Kərimov məhkəmədə ittihamları rədd edib. O, peşəkar jurnalist fəaliyyətinə və qanunsuzluqları işıqlandırdığına görə təqib olunduğunu bildirib.

Nemət Kərimli qeyd edib ki, Teymur Kərimov həbsinin jurnalist fəaliyyəti ilə bağlı olduğunu xatırladıb.

"Bundan əlavə Teymur Kərimov bildirdi ki, onu Daxili İşlər Nazirliyinin Mütəşəkkil Cinayətkarlıqla Baş Mübarizə İdarəsində döyüblər. Əvvəlcə narkotik ittihamını etiraf etməsini tələb ediblər. Lakin o etiraf etməyib. Bundan sonra bir neçə şəxslə üzləşmə olub. Sonra onun barəsində qərar seçilib", vəkil əlavə edib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı İbrahim Əmiraslanlı Amerikanın Səsinə faktı təsdiqləyib.

"Dekabrın 11-də bir neçə vətəndaşdan daxil olan şikayət əsasında Teymur Kərimov barəsində Cinayət Məcəlləsinin hədə-qorxu ilə tələb etmə maddəsi ilə cinayət işi qaldırılıb. Hazırda istintaq hərəkətləri aparılır," o, qeyd edib.

Forum

XS
SM
MD
LG