Accessibility links

"Toplum TV" işi üzrə həbs olunan Elmir Abbasov quru aclığa başlayıb


Elmir Abbasov
Elmir Abbasov

Martın 6-da "Toplum TV" işi üzrə Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq) maddəsi ilə şübhəli şəxs qismində saxlanılan Nida Vətəndaş Hərəkatının üzvü Elmir Abbasov həbsinə etiraz olaraq quru aclığa başlayıb. Bu barədə məlumatı Nida Vətəndaş Hərəkatı yayıb.

"Həmçinin eyni iş üzrə həbs edilən Ramil Babayevin də aclıq aksiyasına başladığı qeyd edilir. Hər iki şəxsin səhhəti ilə bağlı dərin narahatlıq keçirməklə yanaşı şərlənərək həbs edilmələrinə qarşı etirazlarına sayğı duyuruq", deyə, açıqlamada bildirilir.

Martın 6-da hüquq-mühafizə orqanları "Toplum TV"nin, Demokratik Təşəbbüslər İnstitutunun, həmçinin III Respublika Platformasının ofislərində, bir neçə əməkdaşın evində axtarış aparıb. Məlumata görə, iyirmidən çox əməkdaş polis tərəfindən saxlanılıb, bir neçə saat sonra əməkdaşların əksəriyyəti sərbəst buraxılıb. Onlardan Fərid İsmayılova, Müşfiq Cabbara, Elmir Abbasova və Demokratik Təşəbbüslər İnstitutunun rəhbəri, həmçinin III Respublika Platformasının spikeri Akif Qurbanova, eləcə də Əli Zeynala, Ramil Babayevə, İlkin Əmrahova qaçaqmalçılıq ittihamı ilə cinayət işi açılıb.

Martın 8-də Xətai Rayon Məhkəməsi Akif Qurbanov, İlkin Əmrahov, Ramil Babayev və Əli Zeynal barəsində 4 aylıq həbs qətimkan tədbiri seçib.

"Toplum TV"nin baş redaktoru Xədicə İsmayıl bildirib ki, "cinayət işinin hədəfi tənqidi səslərdir".

Baş redaktor deyib ki, "Toplum TV"-nin avadanlıqları götürülən kimi birinci işləri nəşrin YouTube kanalının materiallarını silmək və adını dəyişmək olub.

"Bunun özü də bir göstəricidir, ola bilsin ki, tam məqsədləri olmasa da, məqsədlərinin bir hissəsi medianı susdurmaqdır", İsmayıl qeyd edib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Amerikanın Səsinin sorğusuna cavab olaraq bildirilib ki, paytaxtın Nərimanov rayonu Y.V.Çəmənzəminli ev 98 B ünvanında yerləşən ofisdə və əlavə digər ünvanlarda bir qrup şəxsin fəaliyyəti ilə bağlı daxil olan məlumat üzrə polis əməkdaşları tərəfindən əməliyyat-axtarış tədbirləri keçirilib.

"Əlavə məlumat veriləcək" - deyə, açıqlamada bildirilib.

"Toplum TV" 2016-ci ilin oktyabr ayından fəaliyyətə başlayan müstəqil informasiya resursudur. Əsas məqsədi insan hüquq və azadlıqlarını, ifadə azadlığını ön planda tutaraq cəmiyyətin obyektiv informasiya ilə təmin olunmasına xidmət etməkdir. Sayt həmçinin Demokratik Təşəbbüslər İnstitutunun (IDI) "Demokratiya Məktəbi" proqramının jurnalistika təlimlərində iştirak edən gənclərin peşəkarlıqlarını artırmaq üçün platforma rolunu oynayır.

Forum

XS
SM
MD
LG