Accessibility links

Sərhədsiz Reportyorların mətbuat azadlığı indeksində Azərbaycan 164-cü yerdədir


Azərbaycan Sərhədsiz Reportyorların mətbuat azadlığı indeksində 13 pillə geriləyib
please wait

No media source currently available

0:00 0:03:23 0:00

Azərbaycan Sərhədsiz Reportyorların mətbuat azadlığı indeksində 13 pillə geriləyib

Azərbaycan Sərhədsiz Reportyorların (RSF) bu ilki mətbuat azadlığı indeksində 13 pillə geriləyərək 180 ölkə sırasında 164-cü yerdə qərarlaşıb. Sərhədsiz Reportyorlar xüsusən də prezident seçkiləri öncəsi mediaya qarşı təzyiqlər və jurnalist həbslərinin Azərbaycanın bütün göstəricilər üzrə geriləmə nümayiş etdirməsinə səbəb olduğunu bildirib.

Azərbaycan indi mətbuat azadlığının vəziyyətinə görə yalnız Şimali Koreya, Türkmənistan, Əfqanıstan kimi ölkələri qabaqlaya bilir.

Sərhədsiz Reportyorların Şərqi Avropa və Mərkəzi Asiya bürosunun rəhbəri Janna Kavelye bildirir ki, Azərbaycan ötən bir il ərzində regionda ən çox geriləmə nümayiş etdirən ölkədir

“[Azərbaycan Prezidenti] İlham Əliyev bu yaxınlarda [Almaniya Kansleri] Olaf Şoltsla görüşdə çox sinik şəkildə deyib ki, Azərbaycanda media azadlığı təmin edilir, heç bir senzura yoxdur. Ancaq demək olar bütün media sektoru faktiki olaraq rəsmi nəzarət altındadır və pluralizmə dair hər şey məhv edilib”, Kavelye qeyd edib.

Sərhədsiz Reportyorlar indeksi hazırlayarkən ölkədə mətbuat azadlığının vəziyyətinə dair beş əsas göstəricini nəzərə alır: siyasi vəziyyət, qanunvericilik, iqtisadi vəziyyət, sosial-mədəni vəziyyət və təhlükəsizlik.

Bu il Azərbaycanın bütün beş göstərici üzrə, xüsusən siyasi vəziyyət və təhlükəsizlik üzrə göstəriciləri aşağı düşüb. Janna Kavelye bunu 7 fevral növbədəndənkənar prezident seçkiləri öncəsi başlayan təzyiqlər və jurnalistlərin kütləvi həbsi ilə əlaqələndirir.

“İlham Əliyev yenidən seçildiyi fevral ayındakı seçkilərədək xanədanlığını qorumaq üçün müstəqil jurnalistləri həbs edib. Xüsusən də, Azərbaycan siyasi elitasının korrupsiyasını işıqlandıran Abzas Media jurnalistlərini. Sərhədsiz Reportyorlar bugün ən az 9 jurnalistin həbsdə olduğunu hesab edir. Jurnalistlərin hədəfə alınması indi də davam edir. Bu yaxınlarda Toplum TV jurnalistləri xarici valyuta qaçaqmalçılığı ilə həbs edilib”, Kavelye vurğulayıb.

Hesabatda bildirilir ki, Azərbaycanda ölkə daxilindən müstəqil televiziya və ya radio yayımlanmır, tənqidi mövqedən çıxış edən bütün çap qəzetləri bağlanıb. Medianı tənzimləyən qurumların, eləcə də jurnalistlər federasiyasının rəhbərləri hökumət tərəfindən təyin olunan şəxslərdir. Hakimiyyət hökumətyönlü media vasitəsilə tənqidçilərini təhdid edir, üstəlik sosial şəbəkələrdə tənqidi fikirlər yazan şəxslər cəzalandırılır.

RSF həmçinin 2014-cü ildən xarici donorlarla əməkdaşlığın qadağan edildiyini, hökumətin reklam sektoruna nəzarət etdiyi üçün ölkədə heç bir müstəqil media orqanının fəaliyyət göstərə bilmədiyini vurğulayır. Digər tərəfdən, hökumətyönlü media da öz növbəsində pul mükafatları və rəsmi subsidiyalar alır. Hakimiyyət onların tərəfində olan jurnalistlərə rüşvət kimi mənzil və ya digər hədiyyələr verməkdən çəkinmir.

RSF: “Mətbuat azadlığı onun qarantı olmalı olan siyasi hakimiyyət orqanları tərəfindən təhdid edilir”

Sərhədsiz Reportyorlar qeyd edir ki, bütün dünyada mətbuat azadlığına dəstək və hörmətlə bağlı tənəzzül müşahidə edilir, mətbuat azadlığı onun qarantı olmalı olan siyasi hakimiyyət orqanları tərəfindən təhdid edilir. Getdikcə artan sayda hökumətlər və siyasi hakimiyyətlər jurnalistika üçün mümkün ən yaxşı mühitin təmin edilməsi, ictimaiyyətin etibarlı, müstəqil və plüralist məlumat almaq hüququnun təminatçısı kimi öz rolunu yerinə yetirmir.

Bu il prezident seçkilərinə hazırlaşan Birləşmiş Ştatlar (55-ci) isə ötən illə nisbətdə 10 pillə geriləyib. Sərhədsiz Reportyorlar bunu mediaya artan inamsızlıq, rəsmilərin açıq antaqonizmi, o cümlədən jurnalistlərin həbsinə çağırışlar edilməsi ilə əlaqələndirir.

Hesabata əsasən, Şərqi Avropa və Mərkəzi Asiyada, xüsusən Belarusda (indeksdə 167-ci yer), Gürcüstanda (103), Qırğızıstanda (120) və Azərbaycanda (164) Rusiyanın repressiv üsullarının təqlidi ilə media senzurasının güclənib. Rusiya isə 2 pillə irəliləyərək 162-ci sırada yer tutub. Rusiyanın irəliləyiş göstərməsi ölkədə mətbuat azadlığının yaxşılaşması ilə deyil, ötən ilki sıralamada Rusiyaya yaxın olan ölkələrin daha pis nəticə göstərməsi ilə əlaqədardır.

Gürcüstan ötən illə nisbətdə 26 pillə geriləyərək mətbuat azadlığının ən çox tənəzzül etdiyi ölkələr sırasındadır. Ermənistan isə ötən ildən bəri 6 pillə irəliləyərək 43-cü sırada yer alıb.

İndeksdə ilk 10-luq Avropa ölkələridir. Norveç, siyasi vəziyyətə dair göstəricilərində geriləmə olsa da, yenidən sıralamada ilk yeri tutub. İkinci və üçüncü yerdə isə Danimarka və İsveç gəlir. Almaniya ötən illə nisbətdə 11 pillə irəliləyərək ilk 10-luğa geri qayıdıb. Digər tərəfdən ilk 10-luq ölkələrindən İrlandiya 6 pillə geriləyərək 8-ci yerə düşüb.

Sıralamada son beş ölkə isə İran, Şimali Koreya, Əfqanıstan, Suriya və Eritreyadır. Sərhədsiz Reportyorlar son iki ölkənin media üçün “qanunsuz zonaya” çevrildiyini, bu ölkələrdə rekord sayda jurnalistin saxlanıldığı, itkin düşdüyü və ya girov götürüldüyünü qeyd edir.

Forum

XS
SM
MD
LG