Accessibility links

Mehman Əliyev: Azərbaycanda azad medianın inkişafı üçün mühit yoxdur


Mehman Əliyev
Mehman Əliyev

Turan İnformasiya Agentliyinin direktoru Mehman Əliyev Amerikanın Səsinə müsahibəsində ölkədə media azadlığının durumundan, bu sahədə qəbulu zəruri olan islahatlardan danışıb.

Amerikanın Səsi: 3 May - Beynəlxalq Mətbuat Azadlığı günüdür. Azərbaycanda mətbuat azadlığının durumu necədir?

Mehman Əliyev: Mətbuatın azadlığından söhbət gedirsə qənaətbəxş deyil. Çünki azad mətbuatın inkişafı üçün birinci növbədə sağlam iqtisadi baza, maliyyə bazası olmalıdır. O Azərbaycanda yoxdur. Bizim sonuncu rəqəmlərimiz var. Ölkədə reklam bazarının həcmi cəmi 16 milyon manatdır. Onun da 15 milyon manatı televiziyaların payına düşür. Cəmi bir milyon manatı isə bütün onlayn, çap və sairə mediaya düşür. Yəni, bu onu göstərir ki, azad medianın iqtisadi imkanları sıfır vəziyyətindədir. İnformasiya əldə etmək məsələsi kifayət qədər çətindir. Dövlət orqanları informasiya vermir, saytlarında informasiyaları yerləşdirmirlər, konfranslara azad medianı dəvət etmirlər. Burada çox böyük problemlər var. Jurnalistlərə təzyiqlər, təqiblər, əsasən də araşdırıcı jurnalistlərdən söhbət gedir. Bu gün həbs olunanların arasında belə şəxslər var. Saytlarda plüralizmi məsələsi yoxdur. Bunu hər bir şəxs görə bilər. Televiziya şirkətlərində və dövlət tərəfindən himayə olunan əksər saytlarda plüralizmi adlı bir şey yoxdur. Yəni orada müxalif, azad səsləri görə və eşidə bilməzsiniz. Bu bir problemdir.

Mehman Əliyev: Azərbaycanda azad medianın inkişafı üçün mühit yoxdur
please wait

No media source currently available

0:00 0:08:25 0:00

Amerikanın Səsi: Son bir ildə ölkədə mətbuat azadlığının genişləndirilməsi istiqamətində hansı addımlar atılıb? Azərbaycanda mövcud qanunvericilik mətbuat azadlığına təminat yaradırmı?

Nə oldu birdən-birə hüquq mühafizə orqanları hansı bir jurnalistin hansısa bir əməlini qiymətləndirir ki, nə bilim bu cinayətdir, qanun pozuntusudur. Bəs qanun pozuntularını jurnalistlər göstərəndə, niyə bunlar görmək istəmirlər? Niyə reaksiya vermirlər?

Mehman Əliyev: Yox, mövcud qanunvericilik belə bir təminat yaratmır. Bilrisinizmi, söhbət media ilə bağlı qanundan gedirsə, biz bunu dəfələrlə demişik. Biz əvvəlcə bu qanunun qəbuluna etiraz eləmişik. Bununla bağlı bizim rəylərimiz olub. Venesiya Komissiyasının rəyi olub. Bu qanun kütləvi informasiya vasitələrinin azadlığının, ümumiyyətlə informasiya cəmiyyətinin inkişafının qabağını alan qanundur. Bizim qanun bazamız belə vəziyyətdədir, qənaətbəxş deyi.

Amerikanın Səsi: İllərdir bir neçə jurnalistin qətlinin araşdırılması davam edir. Sifarişçilər və icraçılar hələ də məhkəmə qarşısına çıxarılmayıb. Bunun səbəbi nədir?

Mehman Əliyev: Bunun səbəblərini daha çox hakimiyyətin özündə axtarmaq lazımdır. Çünki bəzi məsələlər var ki, hansı ki, hakimiyyətdaxili çəkişmələrin bir nəticəsi olub. Məsələn, Elmar Hüseynovun qətlini götürəndə, deyirlər ki, burada Hacı Məmmədovun qrupunun əli var idi və kimsə sifariş eləmişdi. Bəziləri isə deyirdilər ki, başqa bir qrup var, hansı ki, xaricdən gəlib icra edib. Hətta bəzi informasiyalarda filan nazirin adı çəkilirdi ki, onların sifarişi olub. Bunlar hamısı göstərir ki, bu hakimiyyətdaxili məsələlərdir. Ümumilikdə götürəndə jurnalistlərin bu formada cəzalandırılması göstərir ki, əlbəttə hakimiyyət cinayətin açılmasında maraqlı deyil. Əslində bu onu da göstərir ki, hakimiyyət bu cinayətlərin arxasındadır. İndi hakimiyyətin hansı qanadı, hansı şəxsləri durub, o başqa məsələdir.

Amerikanın Səsi: Yerli hüquq müdafiə təşkilatlarının məlumatına görə hazırda Azərbaycanda iyirmiyə yaxın jurnalist və bloger həbsdədir. Jurnalistlər tənqidi yazılarına, jurmalist fəaliyyətlərinin məhdudlaşdırılmasına görə həbs edildiklərini bildirir. Hökumət isə onların konkret cinayət əməllərinin araşdırıldığını bəyan edir? Sizcə həbslərin səbəbləri nədir?

Mehman Əliyev: Həbslərin səbəbi azad səsləri susdurmaqdır. Jurnalistikanın ictimai nəzarət funksiyasını həyata keçirməsinin qarşısını almaqdır. Çünki bizdə korrupsiya kifayət qədər geniş yayılıb. Məsələn, həbs olunan jurnalistlər ki, var və ümumilikdə götürdükdə bu gün də jurnalsitlər, ekspertlər hakimiyyətin nöqsanlarını, hətta cinayətlərini göstərir. Biz görmürük ki, hansısa bu şəxslər, məmurlar məsuliyyətə cəlb olunsun. Biz bunu görmürük. Məsələn, iqtisadiyyatın ayrı-ayrı sahələrinin pis vəziyyətə gətirilib çıxarılmasına görə kimsə məsuliyyətə cəlb olunubmu? Ancaq bunun arxasında milyonlarla insanın taleyi durur. Məsələn deyirəm, kim məsuliyyətə cəlb olunub? Korrupsiya faktları kifayət qədər açılıb, göstərilib, kimlər məsuliyyətə cəlb olunub? Bunu görmürük. Məsələn, mən özüm bu yaxında kanalizasiya sisteminin çəkilməsi ilə bağlı məqalə yazmışam. Orada birbaşa korrupsiya amillərinin olduğu görünür. Neçə aydır ki, mən bunun üzərində “vuruşuram”. Hələ ki, heç bir nəticə yoxdur. Nə oldu birdən-birə hüquq mühafizə orqanları hansı bir jurnalistin hansısa bir əməlini qiymətləndirir ki, nə bilim bu cinayətdir, qanun pozuntusudur. Bəs qanun pozuntularını jurnalistlər göstərəndə, niyə bunlar görmək istəmirlər? Niyə reaksiya vermirlər? Hətta məktub da yazırsan cavab vermirlər. Deyirlər ki, biz belə istəyirik, belə edəcəyik. Azərbaycanda özbaşınalıq, korrupsiya sistemi çiçəklənir. Bu ikili standartdır. Sən jurnalisti məsuliyyətə cəlb edirsən, məmurları cəlb etmirsən. İkili standartdır. Bu məsələdə məmurların çəkisi qat-qat, min dəfə artıqdır. Çünki jurnalist öz əməli ilə cəmiyyətə, dövlətə heç bir xələl gətirmir, problem yaratmır. Amma, onların yaratdığı problemlər böyük vəsaitlərlə və ciddi mənəvi dəyərlərlə hesablanır.

Amerikanın Səsi: Ölkədə media azadlığı sahəsində hansı islahatlara zəruri ehtiyac duyulur?

Mehman Əliyev: Azərbaycanda demokratik islahatlar keçirilməli, ümumilikdə Azərbaycanın bir dövlət kimi inkişaf fəlsəfəsi yenidən dəyişməlidir. Yenidən baxılmalıdır. O çərçivədə medianın rolu da dəyişə bilər. Media iqtisadi, biznes subyektdir. Onun üçün ayrıca şərait yaratmaq və ayrıca yaşayacaq, çiçəklənəcək, inkişaf edəcək, bu mümkün deyil. Bundan öncə sizə dedim ki, reklam bazarının vəziyyəti nədir. Onda media günahkar deyil ki, reklam bazarı bu vəziyyətdədir. Burada hökümətin günahı var ki, Azərbaycanda mediada reklam bazarı bu vəziyyətdədir. Reklam iqtisadiyyatın, biznesin inkişafının bir lokomatividir. Bu bütün dünyada belədir. İstehsalçılar, xidmət göstərən şirkətlər birinci növbədə öz gəlirlərinin 60-70 faizini reklama yönəldirlər ki, öz bizneslərini inkişaf elətdirsin. Azərbaycanda bu niyə yoxdur? Çünki azad biznes, azad mühit, azad imkanlar yoxdur. Ona görə bu vəziyyətdədir. Ona görə də, medianı ayrıca subyekt kimi inkişaf elətdirmək mümkün deyil.

Qeyd: Rəsmi Bakı ölkədə media azadlığının tam təmin edildiyini, jurnalistlərə qarşı basqıların olmadığını bildirir. Ölkə rəhbərləri jurnalistlərin yazılarına görə deyil cinayət faktı üzrə saxlanıldığını bildirib. Bununla yanaşı beynəlxalq media azadlığı indeksində Azərbaycan 180 ölkə arasında 164 yeri bölüşür.

Forum

XS
SM
MD
LG