"Meclis.info" platformasının həbsdə olan rəhbəri İmran Əliyevə qarşı yeni ittiham irəli sürülüb.
Əliyevin yaxınları Amerikanın Səsinə deyib ki, aprelin 26-da İmran Əliyevə qarşı Cinayət Məcəlləsinin 206.3.1 (Qaçaqmalçılıq- təkrar törədildikdə) maddəsi ilə yeni ittiham irəli sürülüb.
Bundan əvvəl ona qarşı Cinayət Məcəclləsinin 206.3.2 (Qaçaqmalçılıq- qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsilə ittiham elan olunmuşdu. Beləliklə indi Əliyev Cinayət Məcəlləsinin hər iki maddəsi ilə ittiham olunur.
İttiham sübut olunarsa jurnalisti 7 ildən 12 ilədək həbs gözləyir.
Platformanın rəhbəri aprelin 18-də "Abzas Media işi" üzrə həbs olunub. O, ittihamları qəbul etmədiyini bildirib.
Aprelin 26-da Azərbaycan Prezidenti İlham Əliyevin Almaniyaya səfəri zamanı müzakirə edilən məsələlər sırasında azad media da olub.
Almaniya kansleri Olaf Şolts media bəyanatında bildirib ki, danışıqlarda həmçinin sivil ictimaiyyət, azad media haqqında da müzakirə aparılıb.
"Mən deyərdim ki, sivil cəmiyyətdə demokratiyanın ayrılmaz hissəsi canlı tənqidin mövcud olmasıdır. Fikir azadlığı, mətbuat azadlığı mövcud olmalıdır”, o qeyd edib.
Prezident Ilham Əliyev media azadlığı və İmran Əliyevin həbsi ilə bağlı sualın cavabında deyib ki, Azərbaycanda media azadlığı təmin edilir.
“Azərbaycanda heç bir senzura yoxdur, azad internet, yüzlərlə media orqanı fəaliyyət göstərir. Ona görə Azərbaycanı medianın inkişafını guya əngəlləmək istiqamətində atılmış addımları ilə tənqid etmək ədalətsiz olardı. Əgər internet azaddırsa, hansı məhdudiyyətdən söhbət gedə bilər?
Fərdi məsələlərə, hadisələrə gəldikdə isə təbii ki, hüquq-mühafizə orqanları bütün məsələləri araşdırırlar. Bir müddət bundan əvvəl xaricdən qanunsuz maliyyələşən bəzi media orqanlarının nümayəndələri istintaq orqanları tərəfindən saxlanılıb. Bu da Azərbaycan qanunvericiliyinə tam uyğun şəkildə aparılıb. İstənilən ölkə öz qanunlarını müdafiə etməlidir. Əgər xaricdən qanunsuz vəsait alan hansısa media nümayəndəsi istintaqa cəlb edilibsə, o demək deyil ki, bizdə media azad deyil. Sadəcə olaraq, hər kəs qanun çərçivəsində fəaliyyət göstərməlidir. Biz istənilən ölkə kimi öz media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq və hər kəs qanunlara əməl etməlidir. Bir sözlə, demək istərdim ki, Azərbaycanda azad cəmiyyət var, insanlar tam azad və sərbəst şəkildə yaşayırlar, qururlar, yaradırlar, o cümlədən media nümayəndələri də”, o qeyd edib.
Bununla yanaşı, Freedom House təşkilatının aprelin 11-də yaydığı illik “Keçid ölkələri” hesabatına əsasən, 20 ildir ki, regionda demokratik idarəetmə tənəzzülə uğramaqda davam edir. Bu xüsusda Rusiya, Tacikistan və Qırğızıstanla yanaşı Azərbaycanın göstəriciləri son 20 ildə ən aşağı nöqtəsinə düşüb.
Azərbaycan demokratiya göstəricilərinə görə 1.7 balla (minimum 1, maksimum 7 bal) yalnız Türkmənistan (1.0 bal), Tacikistanı (1.04) qabaqlayır və Rusiya (1.7) ilə eyni sıranı bölüşür.
ABŞ Dövlət Departamentinin “2023-cü il İnsan Hüquqları Təcrübələri” üzrə dünya ölkələrində insan hüquqlarına dair illik hesabatının Azərbaycan aid hissəsinin ifadə azdlığı bölümündə deyilir ki, qanun ifadə azadlığını, o cümlədən mətbuat və digər KİV nümayəndələrinin azadlığını ehtiva etsə də, mətbuatın senzurasını xüsusi olaraq qadağan etsə də, hökumət adətən bu hüquqları pozur.
“Hökumət ifadə azadlığını və media müstəqilliyini məhdudlaşdırır. Jurnalistlər, redaktorlar və müstəqil blogerlər hədə-qorxu ilə üzləşir, bəzən döyülür və həbs edilir. Bundan əlavə, ölkə hüdudlarından kənarda şübhəli zorakılıq aktları baş verib”, sənəddə qeyd edilir.
Forum