Accessibility links

AXCP kütləvi etiraz aksiyaları ilə bağlı müzakirələrə başladığını bildirir


AXCP aksiya (11 noyabr, 2022)
AXCP aksiya (11 noyabr, 2022)

Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) Bakıda kütləvi etiraz aksiyaları təyin etməklə bağlı müzakirələrə başladığını bildirib. Bu barədə məlumatı AXCP sədri Əli Kərimli verib.

AXCP sədrinin sözlərinə görə, bir neçə ay sonra parlament seçkiləri keçiriləcək və etiraz aksiyaları ilə vəziyyəti minimal da olsa, dəyişmək niyyətindədirlər:

“Tofiq Yaqublu, Qubad İbadoğlu, “Toplum TV”nin, “Abzas Media”nın jurnalistlərinə, inanclı insanlara, ümumilikdə 289 siyasi məhbusa görə mintinq etmək fikrindəyik. Mitinq meydanlarında seçki islahatı tələb etmək niyyətindəyik. Azərbaycan hökuməti inflyasiyanı kompensasiya haqda düşünmür, sosial vəziyyət günü-gündən pisləşir. Buna görə biz sosial islahatlar da tələb etmək niyyətindəyik”.

Kərimli qeyd edib ki, hökumət etirazların fonunda ən azından minimum dəyişikliklərə getməlidir.

“Gün müəyyənləşdirib mitinq təyin edəcəyik və Azərbaycan hökumətini mövqe bildirməyə məcbur edəcəyik. Hakimiyyət bu məsələləri düzgün anlasa, minimum dəyişikliklərə belə olsa, getməlidir. Mitinqlərimizə konstitusion qaydada razılıq verilməlidir. Ya Azərbaycan hökuməti sərbəst toplaşmaq azadlığına tətbiq etdiyi 5 illik qadağanı götürüb parlament seçkilərində minimal iştirak üçün şərait yaradacaq, ya da bir daha göstərəcək ki, bu qədər təzyiqlərdən sonra zərrə qədər də olsa, dəyişmirlər və repressiya kursunda davam edirlər”- deyə, partiya sədri bildirib.

Rəsmi qurumlar mitinqlə bağlı mövqe bildirməyiblər.

Azərbaycanda sonuncu kütləvi mitinq Milli Şuranın təşkilatçılığı ilə 2019-cu ilin yanvarında baş tutub. Mitinqdə Müsavat və Respublikaçı Alternativ partiyaları da iştirak ediblər. Daha sonra hökumət həmin ilin sonunda yalnız 1 piketə razılıq verib.

Müxalifətin mitinq keçirməklə bağlı çoxsaylı müraciətlərinə ya rədd cavabı gəlib, ya da aksiyanı Bakının mərkəzi yerlərindən kənarda keçirmək təklif olunub.

Azərbaycan Siyasi Məhbusların Azadlığı Uğrunda İttifaqın məlumatına görə, ölkədə 288 siyasi məhbus var.

Azərbaycan hökuməti isə ölkədə siyasi məhbus kimi tanınan şəxslərlə bağlı beynəlxalq tənqidləri qəbul etmir və qərəzli sayır. Hökumət rəsmiləri Azərbaycanda insanların siyasi baxışlarına görə təqib edilmədiyini və bütün fundamental hüquqların tam təmin edildiyini bəyan edir.

Forum

XS
SM
MD
LG