Accessibility links

Bakı Avropa İttifaqının insan hüquqlarının vəziyyətinə dair tənqidini "qərəzli" adlandırır


Azərbaycan Xarici İşlər Nazirliyi
Azərbaycan Xarici İşlər Nazirliyi

Rəsmi Bakı Avropa İttifaqının (Aİ) Azərbaycanda insan hüquqlarının vəziyyətinə dair ötən gün yaydığı tənqidi bəyanatının “qərəzli və qəbuledilməz” olduğunu deyərək rədd edib.

İttifaqın xarici siyasət və təhlükəsizlik məsələləri üzrə mətbuat katibi Peter Stano mayın 29-da media və vətəndaş cəmiyyətinə qarşı təzyiqlərlə bağlı narahatlıq ifadə edib, Azərbaycan hakimiyyətini əsassız yerə həbs edilənləri azad etməyə çağırıb.

Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Ayxan Hacızadə mayın 30-da bildirib ki, Aİ nümayəndəsinin bəyanatı Azərbaycanda insan hüquqlarının vəziyyəti ilə bağlı reallıqdan uzaq olmaqla yanaşı, açıq-aşkar saxtakarlıqlarla doludur.

“Cinayət işlərinin və təhqiqatların, habelə məhkəmə qərarlarının nəticələrini gözləmək əvəzinə, təqsirləndirilən şəxslərin azad edilməsi üçün Azərbaycana çağırışların edilməsi hüquqi prosedurlarla açıq ziddiyyət təşkil edir. Bununla yanaşı, saxlanılan şəxslərin tibbi və digər yardımdan məhrum edilməsi ilə bağlı iddiaların heç bir əsası yoxdur”, Hacızadə vurğulayıb.

Bakı iddia edir ki, Aİ tərəfinin istinad etdiyi bütün şəxslər qanunla müəyyən edilmiş qayda və çərçivədə lazımi yardımla təmin olunurlar və Aİ-nin “bir sıra Avropa ölkələri və siyasətçilərinin siyasi baxımdan verdikləri üstünlüklər əsasında” müəyyən şəxsləri əfv etmək üçün “əsassız ictimai tələbləri” Avropanın qanunun aliliyinə həqiqətən sadiq olduğunu şübhə altına alır.

Hacızadə əlavə edib ki, Azərbaycanın COP29-a sədrliyinin bu prosesə aidiyyəti olmayan siyasi motivlərlə şərtləndirilməsi, iqlim dəyişikliyi ilə mübarizədə əməkdaşlıq istiqamətində ideyanın mahiyyətinə ziddir.

“Azərbaycan beynəlxalq hüquqi öhdəliklərini yerinə yetirməyə bundan sonra da davam edəcək və Aİ-nin müəyyən institutlarını İttifaq ərazisində insan hüquqlarının kobud şəkildə pozulmasına diqqət yetirməyə, Azərbaycana qarşı müdaxilə və təxribatlarını dayandırmağa çağırır”, Azərbaycan XİN-in bəyanatında qeyd edilir

Avropa İttifaqı mayın 29-da yaydığı bəyanatında Azərbaycan hakimiyyətini əsassız yerə həbs edilən bütün şəxsləri azad etməyə, həbsdə olanların hüquqlarını, o cümlədən onlar üçün ləyaqətli və təhlükəsiz şəraiti təmin etməyə çağırıb.

Bəyanatda Azərbaycan prezidenti İlham Əliyevin mayın 25-də əfv sərəncamı imzaladığı, ancaq keçmişdən fərqli olaraq bu dəfə əfv edilənlər sırasında “fundamental hüquqlarını həyata keçirdiklərinə görə cəza çəkən” şəxslərin yer almadığını vurğulanıb.

Aİ qeyd edib ki, son aylar müstəqil jurnalistlərin, hüquq müdafiəçilərinin və siyasi fəalların siyasi motivli ittihamlarla həbslərinin narahatedici artımı müşahidə olunur. Xüsusilə Abzas Media, Toplum TV, Kanal 11 və Kanal 13 kimi müstəqil mediaların nümayəndələri, III Respublika Platforması kimi siyasi hərəkatlar, əmək hüquqlarını müdafiə edən qruplar və Demokratik Təşəbbüslər İnstitutu kimi digər təşkilatlar hədəfə alınıb və onların bir çoxunun həbs müddəti dəfələrlə uzadılıb.

“Avropa İttifaqı Azərbaycanı əsas hüquqlarını həyata keçirdiklərinə görə həbs edilən bütün şəxsləri azad etməyə, məhbuslar üçün ləyaqətli və təhlükəsiz şəraiti, o cümlədən onların sağlamlıq və müstəqil hüquqi xidmətlərdən tam istifadəsini təmin etməyə çağırmaqda davam edir”, bəyanatda qeyd edilir.

Aİ həmçinin Qubad İbadoğlu və Ələsgər Məmmədlinin səhhəti ilə bağlı narahatlıq ifadə edib və Azərbaycan hakimiyyətini İbadoğlunun xaricdə tibbi müalicə ala bilməsi üçün ona qarşı qoyulan səhayət qadağasını ləğv etməyə çağırıb.

Bəyanatda Azərbaycanın ev sahibliyi edəcəyi COP29 konfransının mərkəzində vətəndaş cəmiyyətinin dayandığı, bu tədbirin Azərbaycanın beynəlxalq hüquq üzrə öhdəliklərinə sadiqliyini təsdiqləməsi, azad və müstəqil vətəndaş cəmiyyətinin işinə şərait yaratması üçün fürsət olduğu bildirilir.

Sonda Aİ Azərbaycanda hər kəsin mənafeyi naminə insan hüquqları və qanunun aliliyi də daxil olmaqla əməkdaşlığın bütün əsas istiqamətləri üzrə dialoqu davam etdirməyə sadiq olduğunu vurğulayıb.

Azərbaycanda ötən ilin noyabrından başlayaraq 20-dən artıq jurnalist, vətəndaş cəmiyyəti nümayəndəsi “qaçaqmalçılıq” və digər cinayət ittihamları ilə saxlanılıblar. Korrupsiya araşdırmaları ilə tanınan Abzas Media və Toplum TV kimi müstəqil media orqanlarının redaksiyaları bağlanıb.

Bugünədək bir sıra ölkələr, çoxsaylı beynəlxalq hüquq-müdafiə təşkilatları Azərbaycan hakimiyyətini tənqidi səslərə qarşı siyasi təqibləri dayandırmağa, həbs edilən jurnalistləri və fəalları azad etməyə çağırıblar.

Forum

XS
SM
MD
LG