Accessibility links

Həbsdə olan jurnalist həbs olunarkən zorakılığa məruz qaldığını bildirir


Teymur Kərimov
Teymur Kərimov

Mayın 29-da Bakı Ağır Cinayətlər Məhkəməsində “Kanal 11” internet televiziyasının rəhbəri, həbsdə olan jurnalist Teymur Kərimovun işi üzrə məhkəmə prosesi davam edib. Teymur Kərimov məhkəmədə bildirib ki, polis özbaşınalığı haqqında hazırladığı reportajlara görə şərlənərək həbs olunub.

Teymur Kərimov reportyor İstək Totiyeva ilə birlikdə mühakimə olunsa da, Totiyeva həbsdə deyil, məhkəmənin hökmünə qədər onun haqqında polis nəzarətinə vermə qətimkan tədbiri seçilib.

İttihama əsasən, Teymur Kərimov onun rəhbərlik etdiyi kanalda reportyor olan İstək Totiyeva vasitəsilə Fərrux Ələkbərov və Leyla Almaszadə adlı şəxslərdən onlar haqqında materialların saytdan silinməsi üçün pul tələb edib və alıb. Jurnalist bu ittihamın yalan olduğunu, özünü təqsirli bilmədiyini deyib.

O bildirib ki, Fərrux Ələkbərovu tanımayıb, heç vaxt görməyib. Bir neçə dəfə bu şəxs ona zəng etsə də, əksər hallarda onun zənglərinə cavab verməyib:

“Mən onu nə görmüşəm, nə də pul istəmişəm. Əksinə, onun mənə yazdığı mesajlarda təhrik var. Qanuna görə, təhrik də cinayət sayılır. Amma istintaq bunu araşdırmayıb. Niyə?”.

Teymur Kərimov qeyd edib ki, onu həbs etmək üçün qurama ittihamlardan istifadə olunub. O məhkəmədə öz ifadəsində bildirib ki, həbsindən əvvəl onun özünü hədələyib, cəzalandırılacağı barədə xəbərdarlıq ediblər:

“Həm “Bandotdel”dən hədələmişdilər, həm də Daxili İşlər Nazirliyinin mətbuat katibi Elşad Hacıyev. Səs yazıları da var”.

Jurnalist dekabrın 11-də necə həbs olunması barədə danışarkən bildirib ki, ona zorakılıq göstərilib.

Kərimovun sözlərinə görə, Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsində onu əvvəl narkotiklə şərləməyə çalışıblar. Hətta cibinə 3 büküm narkotik də qoyub, çəkiliş də aparıblar. Lakin o, çəkiliş vaxtı həmin narkotikin ona aid olduğunu deməkdən imtina edib.
Jurnalist bildirib ki, onu döysələr də, narkotiki üzərinə götürməkdən imtina edib:

“Mənə dedilər ki, burada etiraf eləməyən olmayıb, sən də edəcəksən. Sonra fikirlərini dəyişdilər. Biri o birinə dedi ki, jurnalistə narkotik uyğun gəlmir, yaxşısı budur, 182 (hədə-qorxu ilə tələb etmə) ilə göndərək. Polkovnik bunlara deyirdi ki, elə yerinə vurun, üzdə görünməsin. Məni müstəntiqin yanına aparanda dedi ki, “əmrin yuxarıdan gəlib”, yaxşısı budur, özünü döydürmə, sənə 182.1-ci maddəsini verəcəyik, o da 2 ildən 5 ilə qədərdir. Yenə də razılaşmadım. Məni çox döydülər. Axırda biri gəldi, məni zorlamaq göstərişi verdi. Dubinkanı götürəndə dedim ki, bundansa lap istəyirsiniz, dədəmin də üzünə durum”.

İddialarla bağlı aidiyyatı qurumlardan mövqe almaq mümkün olmayıb.

Ötən il dekabrın 12-də Bakının Nərimanov Rayon Məhkəməsi "Kanal 11" İnternet Televiziyasının rəhbəri Teymur Kərimov barəsində həbs qətimkan tədbiri seçib. Kərimov Cinayət Məcəlləsinin 182.2.1-ci (hədə-qorxu ilə tələb etmə-qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə), 182.2.2-ci və 182.2.4-cü maddələri ittiham olunur.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı İbrahim Əmiraslanlı Amerikanın Səsinə bildirib ki, ötən il dekabrın 11-də bir neçə vətəndaşdan daxil olan şikayət əsasında Teymur Kərimov barəsində hədə-qorxu ilə tələb etmə maddəsi ilə cinayət işi qaldırılıb.
Kərimov yerli hüquq müdafiə təşkilatları tərəfindən siyasi məhbus kimi tanınıb.

Xatırladaq ki, hazırda Azərbaycanda 20-dən çox jurnalist və bloger həbsədədir. Bir sıra yerli və beynəlxalq təşkilatlar, həmçinin ABŞ Dövlət Departamenti jurnalistlərin həbsi ilə bağlı bəyanatla çıxış edərək Azərbaycan hakimiyyətini müstəqil mediaya və tənqidi səslərə qarşı təqibləri dayandırmağa çağırıb.

Forum

XS
SM
MD
LG