Avropa İttifaqı (Aİ) ərazilərin minalardan təmizlənməsi üçün Azərbaycana əlavə 2 milyon avro ayırmağı planlaşdırır.
Bu barədə Avropa Komissiyasının Qonşuluq və Genişlənmə danışıqları üzrə daş direktoru Gert Yan Kupman ( Gert Jan Koopman) “Avropa Komandasının Mina Əleyhinə Təşəbbüsü” mövzusunda tədbirdə söyləyib.
Avropa Komissiyasının rəsmisi deyib ki, Aİ-yə üzv olan 10 dövlət bu gün elan edilən təşəbbüsə töhfə verir və buna qoşulanların sayı artacaq.
Onun sözlərinə görə, minatəmizləmə fəaliyyəti insan amili ilə sıx bağlıdır.
"Aİ Azərbaycanda minatəmizləmə sahəsində ən böyük donorlardan biridir. 2020-ci ilə qədər Avropa İttifaqı Azərbaycanda humanitar minatəmizləmə işlərinin asanlaşdırılması üçün 10 milyon avrodan çox qrant yardımı ayırıb. Ayrılan əlavə vəsait də nəzərə alınmaqla bu rəqəmin 13 milyon avroya yaxın artacağı gözlənilir", o qeyd edib.
Gert Yan Kupman regionda səfərdədir. O əvvəlcə Ermənistan və Gürcüstana səfər edib.
ANAMA-nın məlumatına görə, 1991-ci ildən bəri 3429 şəxs mina qurbanı olub ki, onların 358-i gənc və ya uşaq, 38-i isə qadındır.
2020-ci ildəki 44 günlük müharibədən sonrakı dövrdə isə ümumilikdə 350 nəfər azərbaycanlı mina qurbanına çevrilib. Onlardan 50 nəfər mülki şəxs, 15 nəfər hərbi qulluqçu olmaqla, 65 nəfər həlak olub.
Minalar Əleyhinə Azərbaycan Kampaniyasının sədri Hafiz Səfixanovun sözlərinə görə, Azərbaycandakı mina qurbanlarının sayı Cənubi Qafqazın digər ərazilərindəki bütün mina qurbanlarının sayından çoxdur, hər ay yeni mina qurbanları barədə məlumatlar alınır.
Forum