Accessibility links

Azərbaycanda döyüş sursatının partlayışı nəticəsində iki nəfər həlak olub, iki nəfər xəsarət alıb


Mina təhlükəsi (Mənbə: ANAMA)
Mina təhlükəsi (Mənbə: ANAMA)

Son günlər Azərbaycanda mina və hərbi sursat partlayışı nəticəsində iki nəfər həlak olub, iki nəfər isə xəsarət alıb.

Baş Prokurorluğun Mətbuat xidmətinin məlumatında deyilir ki, aprelin 29-da Qazax rayonunun Quşçu Ayrım kəndinin (Bakıdan 454 kilometr qərb) əvvəllər Ermənistanla təmas xətti olmuş və minalardan təmizlənməmiş hissəsində mina partlaması nəticəsində Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçusu Vüsal İsmayılovun ayağından xəsarət alması faktı ilə bağlı Şəmkir hərbi prokurorluğunda araşdırma aparılır.

Qazax Rayon Mərkəzi Xəstəxanası mina partlayışı nəticəsində xəsarət alan şəxsin ayağının bir neçə barmağının amputasiya olunduğu barədə məlumat yayıb.

Azərbaycan Respublikasının Baş Prokurorluğu, Daxili İşlər Nazirliyi və Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat xidmətlərinin birgə məlumatına görə, aprelin 28-də Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Qaraağac kəndi ərazisində Ermənistan tərəfindən vaxtilə atılmış hərbi sursatın partlaması nəticəsində Vilayət Rzayev və Adəm Əliyev həlak olub.

Bundan öncə aprelin 27-də Şuşa rayonunun Qaybalı kəndi (Bakıdan 385 kilometr qərb) ərazisində Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşı xidməti vəzifəsini yerinə yetirərkən mina partlaması nəticəsində xəsarət alıb.

ABŞ-ın Azərbaycandakı səfirliyi aprelin 27-də ANAMA əməkdaşının mina partlaması nəticəsində xəsarət alması xəbərindən kədərləndiyini bildirib.

“Birləşmiş Ştatlar ölkəni minalardan təmizləmək səylərində Azərbaycana dəstək vermək öhdəliyində qətiyyətlidir. Bütün mina qurbanlarının və onların ailələrinin kədərini bölüşürük”, səfirliyin məlumatında deyilir.

Rəsmi məlumatlara görə, Azərbaycanda 2020-ci il noyabrın 10-dan bu günədək 360 nəfər mina partlayışının qurbanı olub. Onlardan 67 nəfəri həlak olub, 293 nəfəri xəsarət alıb. Mina partlayışı nəticəsində ölənlərin 52 nəfəri, xəsarət alanların 126 nəfəri mülki şəxslərdir. Partlayışlar nəticəsində 15 hərbçi həlak olub, 167 hərbçi xəsarət alıb.

Azərbaycan Prtezidentinin köməkçisi Hikmət Hacıyev X Platformasında yazıb ki, demək olar ki, hər gün Azərbaycanın mülki əhalisi ölümcül “müharibə qalıqları” - Ermənistanın yerləşdirdiyi minalarla üzləşir.

Minalar Əleyhinə Azərbaycan Kampaniyasının sədri Hafiz Səfixanovun sözlərinə görə, Azərbaycandakı mina qurbanlarının sayı Cənubi Qafqazın digər ərazilərindəki bütün mina qurbanlarının sayından çoxdur, hər ay yeni mina qurbanları barədə məlumatlar alınır.

“Problemimiz çox böyükdür, illərlə davam edəcək, ona görə də maarifləndirmə proqramlarında verilən tövsiyələrə və tapşırıqlara ciddi əməl etməliyik”, Səfixanov qeyd edib.

ABŞ-ın Azərbaycandakı səfirliyi bildirib ki, regional sülhü və əməkdaşlığı təşviq etmək üçün ABŞ 2021-ci ilin noyabr ayından münaqişədən təsirlənən ərazilərdə humanitar minalardan təmizləmə əməliyyatları üçün 2,5 milyon dollar ayırıb.

Məlumatda qeyd edilib ki, ABŞ 1993-cü ildən bəri 100-dən çox ölkəyə 4,6 milyard dollardan çox sərmayə yatırmaqla adi silahların məhv edilməsi üzrə dünyanın ən böyük maliyyə dəstəkçisidir.

Forum

XS
SM
MD
LG