Accessibility links

Fransanın Ermənistana SEZAR haubitsaları verilməsi barədə müqavilə imzalaması Azərbaycanda etirazla qarşılanıb


Azərbaycan Müdafiə Nazirliyinin binası
Azərbaycan Müdafiə Nazirliyinin binası

Fransanın Ermənistana SEZAR (Caesar) özüyeriyən haubitsalarının verilməsi ilə bağlı müqavilə imzalaması rəsmi Bakı tərəfindən etirazla qarşılanıb.

“Bəyan edirik ki, Cənubi Qafqaz regionunda vəziyyətin gərginləşməsinə və yeni müharibə ocağının yaranmasına görə məsuliyyəti tam şəkildə revanşist siyasət yürüdən Ermənistan rəhbərliyi və Makron diktaturası daşıyacaq”, Azərbaycan Müdafiə Nazirliynin iyunun 19-da yaydığı açıqlamada deyilir.

Nazirliyin bəyanatı Fransa ilə Ermənistan arasında SEZAR özüyeriyən artilleriya qurğularının alqı-satqısı barədə müqavilənin imzalanmasından bir gün sonraya təsadüf edir.

France and Armenia officials
France and Armenia officials

Azərbaycan Müdafiə Nazirliyinin açıqlamasında bildirilir ki, Azərbaycan tərəfinin xəbərdarlığına rəğmən Fransanın Ermənistanı öldürücü və hücum təyinatlı artilleriya qurğuları və digər silah növləri ilə təchiz etməsi Fransanın Cənubi Qafqaz regionunda təxribatçı fəaliyyət aparmasının növbəti sübutudur.

“Fransa Müdafiə Nazirliyi keçən ilin oktyabrında verdiyi açıqlamasında Ermənistana tədarük edilən hərbi texnikanın müdafiə xarakteri daşıdığını iddia etsə də, hazırkı hərbi sövdələşmə ilə Ermənistanın öldürücü silahlarla təchiz edilməsi Fransa rəhbərliyinin riyakarlığının növbəti təzahürüdür”, sənəddə qeyd edilir.

Nazirlik bildirir ki, Cənubi Qafqaz regionunda “militarizasiya və geosiyasi intriqa siyasəti yürüdən Makron rejimi Ermənistan ilə Azərbaycan arasında normallaşmaya və regionda davamlı sülhün təmin olunmasına maneə olur. Bu kimi destruktiv və qərəzli siyasətinə görə normallaşma və regional proseslərdən kənarda qalan Fransanın indiki rəhbərliyi bunu Azərbaycana bağışlaya bilmir və ona görə də pozucu siyasətini davam etdirir”.

Öz növbəsində Ermənistan Xarici İşlər Nazirliyi rəsmi Bakının bəyanatına cavab olaraq bildirir ki, Bakının Ermənistan-Fransa hərbi-texniki əməkdaşlığına cavabı şübhələrə səbəb olur.

“Döyüş qabiliyyətli və müasir hərbi texnika ilə silahlanmış orduya malik olmaq hər bir ölkənin suveren hüququdur. Ermənistan bütün qonşularının ərazi bütövlüyünü və sərhədlərinin toxunulmazlığını tanıyır. Ermənistan və Azərbaycan 1991-ci il Alma-Ata Bəyannaməsi əsasında bir-birinin ərazi bütövlüyü və suverenliyini tanıması barədə ən yüksək səviyyədə razılığa gəliblər. Ermənistan bu prinsipə sadiqdir və beynəlxalq səviyyədə tanınmış 29 743 kvadrat kilometr ərazisindən kənarda heç bir ambisiyaya malik deyil. Biz Azərbaycanı Ermənistanın 30-dan çox kəndinin həyati əhəmiyyətli ərazilərinin işğalına son qoymağa çağırırıq.

Azərbaycanın hər dəfə regional eskalasiyaları proqnozlaşdırmaq davranışı bir çox düşüncələrə yol açır və bir sıra mərkəzlərin Azərbaycanın 2024-cü ildə Ermənistanla sülh sazişi bağlamaq prosesini dayandırmaq, noyabrda Bakıda keçiriləcək COP29 sammitindən sonra Ermənistana qarşı yeni təcavüzə başlamaq üçün hər şeyi edəcəyi ilə bağlı apardıqları təhlilləri əsaslandırır.

Biz beynəlxalq ictimaiyyətin diqqətini buna, eləcə də rəsmi Yereanın 1 ay ərzində sülh sazişi bağlamaq təklifinin rəsmi Bakı tərəfindən cavabsız qalmasına yönəldirik”, bəyanatda deyilir.

Fransanın müdafiə naziri Sebastien Lekornu iyunun 18-də Parisdə Ermənistanın müdafiə naziri Suren Papikyanla görüşündən sonra ölkəsinin Ermənistana SEZAR özüyeriyən haubitsalarının verilməsi ilə bağlı müqavilə imzaladığını deyib. O bu müqaviləni “yeni mühüm mərhələ” kimi qiymətləndirib.

Lekornunun sözlərinə görə, Paris Ermənistanla “müdafiə əlaqələrini gücləndirməyə davam edir”.

SEZAR özüyeriyən 155 millimetrlik, 52 kalibrli topdur və qabaqcıl mərmilərlə atış məsafəsi 50 kilometri ötür. SEZAR NATO-nun döyüş sursatları standartlarına uyğundur və ondan Ukraynada Rusiya qüvvələrinə qarşı davam edən müharibədə geniş şəkildə istifadə edilir.

Azərbaycan-Fransa münasibətləri İkinci Qarabağ müharibəsindən sonra gərginləşməyə başlayıb. Belə ki, 2020-ci ilin sentyabr-noyabr aylarında Azərbaycan və Ermənistan arasında 44 günlük müharibədən sonra Azərbaycanın Qarabağa tam nəzarəti bərpa etməsi və yerli erməni əhalinin bölgəni tərk etməsindən sonra Fransanın Ermənistana açıq siyasi və hərbi dəstəyini artırması ilə münasibətlər daha da gərginləşib.

Bu dövr ərzində fransalı rəsmilər Azərbaycanı Qarabağ ermənilərinin hüquqlarını pozmaqda və Ermənistanın ərazi bütövlüyünü təhdid etməkdə, Bakı isə Fransanı Azərbaycanda separatçılığa dəstək verməkdə və Ermənistanı silahlandıraraq növbəti müharibəyə hazırlamaqda günahlandırıb.

Münasibətlərin gərginləşməsi fonunda ötən ilin dekabrında Azərbaycan Fransanın Bakıdakı səfirliyində fəaliyyət göstərən iki diplomatını ölkədən çıxarıb. Paris də cavab olaraq eyni addımı atıb. Azərbaycan həmçinin Bakıda yaşayan Fransa vətəndaşını casusluq ittihamı ilə həbs edib.

Digər tərəfdən, Azərbaycan prezidenti İlham Əliyev 2023-cü ilin martında, daha sonra iyul ayında Qoşulmama hərəkatının Bakıda keçirilən konfranslarında Fransanı neokolonializmdə günahlandırıb.

2023-cü ilin iyulunda Bakıda Fransanın dənizaşırı ərazilərindən, o cümlədən Yeni Kaledoniyadan olan separatçı və müstəqillik tərəfdarlarını bir araya toplayan konfrans keçirilib.

Konfransın yekununda “Fransa müstəmləkəçiliyinə” qarşı mübarizə aparmaq məqsədi ilə “Bakı Təşəbbüs Qrupu” yaradılıb. Qrup son dönəmlərdə bu mövzu ətrafında bir sıra tədbirlər, görüşlər və kampaniyalar həyata keçirib.

Ötən bir il ərzində Azərbaycanın hökumətə yaxın mediasında, o cümlədən Azərbaycan Dövlət İnformasiya Agentliyində Yeni Kaledoniya və Fransanın digər əraziləri ilə bağlı adətən Fransanı “müstəmləkəçilikdə” ittiham edən yazıların sayı artıb, Yeni Kaledoniyada müstəqillik tərəfdarların nümayişlərinin keçirdikləri aksiyalarda Azərbaycan bayraqları qaldırılıb.

“Bakı Təşəbbüs Qrupu” mayın 16-da yaydığı bəyanatında Fransa hökumətinin Yeni Kaledoniyada apardığı siyasəti pisləyib, baş verən iğtişaşlardan Fransa hökumətinin məsuliyyət daşıdığını qeyd edib və yerli Kanak xalqına dəstəyini ifadə edib.

Forum

XS
SM
MD
LG