Fransa Azərbaycandakı səfiri Ann Buayonu məsləhətləşmələr üçün geri çağırıb. Bu barədə aprelin 16-da Fransanın Avropa və Xarici İşlər Nazirliyi məlumat yayıb.
“Son aylarda Azərbaycan tərəfindən ölkələrimiz arasında münasibətlərə xələl gətirən birtərəfli hərəkətlərin davam etməsi ilə əlaqədar Fransa Azərbaycandakı səfirini məsləhətləşmələr üçün geri çağırmaq qərarına gəlib”, məlumatda qeyd edilir.
Nazirlik bildirir ki, Fransa prezidenti Emmanuel Makron aprelin 16-da səfir Buayonu qəbul edərək Azərbaycanın hərəkətlərindən təəssüfləndiyini bildirib və Azərbaycan tərəfinin niyyətlərinə aydınlıq gətirməsini istəyib.
Rəsmi Paris həmçinin Azərbaycan və Ermənistan arasında münasibətlərin beynəlxalq hüquq normalarına və iki ölkənin ərazi bütövlüyünə hörmət etməklə normallaşmasını dəstəklədiyini bildirib, normallaşmanın hər iki ölkəyə və regiona fayda verəcəyini qeyd edib.
Azərbaycan tərəfi məsələ bağlı hələlik münasibət bildirməyib.
Azərbaycan-Fransa münasibətləri Azərbaycanın Qarabağda 2023-cü ilin sentyabrında apardığı əməliyyatlardan sonra gərginləşib.
Ötən ilin oktyabrında Fransanın Ermənistanla hərbi əməkdaşlığın dərinləşdirilməsi, o cümlədən Yerevanın silah və hərbi texnika ilə təhciz olunmasına dair sənədlər imzalaması fonunda Azərbaycan-Fransa münasibətləri daha da pisləşib.
Növbəti aylar ərzində fransalı rəsmilər Azərbaycanı Ermənistanın ərazi bütövlüyünü təhdid etməkdə, Bakı isə Fransanı Ermənistanı silahlandıraraq növbəti müharibəyə hazırlamaqda ittiham edib.
Ötən il dekabrın 26-da Azərbaycan Fransanın Bakıdakı səfirliyində fəaliyyət göstərən iki diplomatı “persona non grata” elan edərək, onların ölkəni tərk etməsini istəyib. Azərbaycan Xarici İşlər Nazirliyi fransalı diplomatları “diplomatik statuslarına uyğun olmayan” fəaliyyətdə ittiham etsə də, məsələnin detallarını açıqlamayıb.
Ancaq bu hadisədən bir neçə gün əvvəl Azərbaycanın hökumətə yaxın mediasında Fransanın Azərbaycandakı casus şəbəkəsinin ifşa edilməsinə dair xəbərlər yayılıb. Daha sonra isə Bakıda biznes fəaliyyəti ilə məşğul olan Fransa vətəndaşının dekabr ayının əvvəlində casusluq ittihamı ilə həbs edildiyi məlum olub.
Fransa Xarici İşlər Nazirliyi dekabrın 27-də diplomatlarına qarşı rəsmi Bakı tərəfindən irəli sürülən ittihamları qəti şəkildə rədd edib və qarşılıq olaraq Azərbaycanın iki diplomatını “persona non grata” elan etdiyini açıqlayıb.
Azərbaycan prezidenti İlham Əliyev yanvar 10-da “bu gün Ermənistanı silahlandıran, onlara ürək-dirək verən, onların hərbiçilərini hazırlayan və növbəti müharibəyə hazırlayan ölkə məhz Fransadır” deyib.
Fransa prezidenti Emmanuel Makron fevralın 21-də Parisdə Ermənistan baş naziri Nikol Paşinyanla görüşdən sonra keçirdiyi mətbuat konfransında Azərbaycanın Ermənistanın ərazi bütövlüyünə hörmətlə bağlı hər hansı qeyri-müəyyənliyi aradan qaldırmalı olduğunu, Qarabağ ermənilərinin öz yurdlarına “azad və tez bir zamanda” qayıtmasını təmin etməli olduğunu deyib.
Rəsmi Bakı isə Prezident Makronun “Azərbaycana qarşı səsləndirdiyi və Ermənistanı birtərəfli qaydada müdafiə edən əsassız iddialarını” qətiyyətlə pislədiyini bildirib.
Ən son aprel ayının əvvəlində Fransanın Avropa və xarici işlər naziri Stefan Sejurne Azərbaycanı Ermənistanın ərazi bütövlüyünü təhdid etməkdə və saxta xəbərlərlə gərginliyi artırmaqda ittiham edib. Öz növbəsində rəsmi Bakı Fransanı bölgədə gərginlik yaratmaqda və sülh prosesinə mane olmaqda günahlandırıb.
Forum