Azərbaycan dekabr ayında Bakıda biznes fəaliyyəti ilə məşğul olan Fransa vətəndaşını casusluq ittihamı ilə həbs edib. Azərbaycanın hökumətə yaxın mediasının bu barədə bazar ertəsi yaydığı məlumatı Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva təsdiqləyib.
“Casusluq əməlləri törətməkdə şübhəli bilinən Fransa vətəndaşı Martin Rayan 2023-cü il dekabrın 4-də həbs edilib”, Leyla Abdullayeva yanvarın 9-u Fransa xəbər agentliyinə (AFP) açıqlamasında bildirib.
Səfir məhkəmə tərəfindən Rayan barəsində dörd ay müddətinə həbs qətimkan tədbiri seçildiyini və Fransanın Bakıdakı səfirliyinə bu barədə dərhal məlumat verildiyini əlavə edib.
Martin Rayanın atası Riçard AFP-yə bildirib ki, onunla telefonda danışıb. “Onunla hər dəfə iki dəqiqə olmaqla dörd dəfə danışmışıq. Oğlum deyir ki, onunla yaxşı rəftar olunur və vəkili ilə əlaqə saxlayır”, o bildirib.
Atasının sözlərinə görə, Rayan onun saxlanmasının iki ölkə arasındakı gərginliklə bağlı olduğuna inanır.
Azərbaycan-Fransa münasibətləri Azərbaycanın Qarabağda apardığı əməliyyatlar fonunda pisləşib və son aylarda daha da gərginləşib.
Dekabrın 26-da Azərbaycan Fransanın Bakıdakı səfirliyində fəaliyyət göstərən iki diplomatı “persona non grata” elan edərək, onların ölkəni tərk etməsini istəyib. Azərbaycan Xarici İşlər Nazirliyi fransalı diplomatları “diplomatik statuslarına uyğun olmayan” fəaliyyətdə ittiham etsə də, məsələnin detallarını açıqlamayıb.
Ancaq bu hadisədən bir neçə gün əvvəl Azərbaycanın hökumətə yaxın mediasında Fransanın Azərbaycandakı casus şəbəkəsinin ifşa edilməsinə dair xəbərlər yayılıb.
Fransa Xarici İşlər Nazirliyi dekabrın 27-də diplomatlarına qarşı rəsmi Bakı tərəfindən irəli sürülən ittihamları qəti şəkildə rədd edib və qarşılıq olaraq Azərbaycanın iki diplomatını “persona non grata” elan etdiyini açıqlayıb.
Forum