Accessibility links

Fransa Azərbaycanı Yeni Kaledoniyanın daxili siyasətinə müdaxilədə ittiham edir


Yeni Kaledoniyada bu həftənin əvvəlindən iğtişaşların müşahidə olunduğu nümayişlər keçirilir
Yeni Kaledoniyada bu həftənin əvvəlindən iğtişaşların müşahidə olunduğu nümayişlər keçirilir

Fransa Azərbaycanı bir neçə gündür iğtişaşların baş verdiyi Yeni Kaledoniyanın daxili siyasətinə müdaxilə etməkdə günahlandırıb, rəsmi Bakı dərhal ittihamları rədd edib.

“Bu fantaziya deyil, reallıqdır”, Fransanın daxili işlər naziri Jerald Darmanan mayın 16-da “France 2” televiziyasına müsahibəsində jurnalistin Yeni Kaledoniya siyasətinə xarici təsirlər, o cümlədən Rusiya, Çin və Azərbaycanın təsirləri ilə bağlı sualına cavab olaraq deyib.

“Təəssüf edirəm ki, Kaledoniyanın müstəqillik tərəfdarlarından bəzi liderləri Azərbaycanla sövdələşiblər. Bu, danılmazdır”, Darmanan qeyd edib və Azərbaycanı diktatura adlandırıb.

Fransalı nazir əlavə edib ki, müdaxilə cəhdləri olsa belə, Fransa öz ərazisində suverendir.

Azərbaycanın Xarici İşlər Nazirliyi gecikmədən bəyanat yayaraq Jerald Darmananın Azərbaycana qarşı, eləcə də Azərbaycanla Yeni Kaledoniyanın müstəqillik tərəfdarlarının liderləri arasında iddia edilən münasibətlərə dair səsləndirdiyi “növbəti əsassız fikirləri” tamamilə rədd etdiyini vurğulayıb.

“Fransanın daxili işlər naziri Azərbaycanı Yeni Kaledoniyada müstəqillik tərəfdarı etirazları dəstəkləməkdə ittiham etmək əvəzinə, ölkəsinin bu cür etirazlara səbəb olan dənizaşırı bölgələri ilə bağlı uğursuz siyasətinə diqqət yönəltməlidir”, Azərbaycan XİN-in sözçüsü Ayxan Hacızadə deyib və Fransanı Azərbaycana qarşı “əsassız iddiaları” dayandırmağa çağırıb.

Son bir neçə gündə Sakit okeanın cənubunda Fransanın xüsusi inzibati-ərazi qurumu olan Yeni Kaledoniyanı iğtişaşlar, müstəqillik tərəfdarları və əleyhdarları arasında toqquşmalar bürüyüb.

Etirazların Yeni Kaledoniyada yaşayan fransızların səsvermə hüquqlarını genişləndirən qanun layihəsinə etiraz olaraq başladığı bildirilir.

Azərbaycan-Fransa münasibətləri İkinci Qarabağ müharibəsindən, xüsusən də 2022-cü ilin sentyabrında Azərbaycan və Ermənistan arasında sərhəddə qanlı toqquşmalardan sonra Fransanın Ermənistana dəstəyi artırması ilə gərginləşməyə başlayıb.

Diplomatik gərginlik ötən ilin əvvəli Laçın yolu ətrafındakı vəziyyət və nəhayət Azərbaycanın 2023-cü ilin sentyabrında Qarabağda həyata keçirdiyi, Qarabağ ermənilərinin bölgəni tərk etməsi ilə nəticələnən hərbi əməliyyat fonunda daha da pisləşib.

Ötən ilin oktyabrında Fransa Ermənistanla hərbi əməkdaşlığın dərinləşdirilməsi, o cümlədən Yerevanın silah və hərbi texnika ilə təhciz olunmasına dair sənədlər imzalayıb.

Fransalı rəsmilər Azərbaycanı Ermənistanın ərazi bütövlüyünü təhdid etməkdə və Qarabağ ermənilərinin hüquqlarını pozmaqda, Bakı isə Fransanı Ermənistanı silahlandıraraq növbəti müharibəyə hazırlamaqda və Azərbaycanda separatçılığa dəstək verməkdə günahlandırıb.

Yeni Kaledoniyada keçirilən nümayişdə Azərbaycan bayrağı, dekabr 2023
Yeni Kaledoniyada keçirilən nümayişdə Azərbaycan bayrağı, dekabr 2023

Digər tərəfdən, Azərbaycan prezidenti İlham Əliyev 2023-cü ilin martında, daha sonra iyul ayında Qoşulmama hərəkatının Bakıda keçirilən konfranslarında Fransanı neokolonializmdə günahlandırıb.

2023-cü ilin iyulunda Bakıda Fransanın dənizaşırı ərazilərindən, o cümlədən Yeni Kaledoniyadan olan separatçı və müstəqillik tərəfdarlarını bir araya toplayan konfrans keçirilib.

Konfransın yekununda “Fransa müstəmləkəçiliyinə” qarşı “Bakı Təşəbbüs Qrupu” yaradılıb.

Qrup bu gün yaydığı bəyanatda Fransa hökumətinin Yeni Kaledoniyada apardığı siyasəti pisləyib, baş verən iğtişaşlardan Fransa hökumətinin məsuliyyət daşıdığını qeyd edib və yerli Kanak xalqına dəstəyini ifadə edib.

Forum

XS
SM
MD
LG