Accessibility links

Azərbaycanda "Fransa casus şəbəkəsi" işi üzrə daha bir nəfərin saxlanıldığı bildirilir


Paris
Paris

Azərbaycanda "Fransanın casus şəbəkəsinin" ifşa edilməsi haqqında iş üzrə rəsmi məlumatlar verilməsə də, xarici mediada yeni təfərrüatlar barədə məlumatlar yer alıb.

Ötən il dekabrın 4-də bu iş üzrə özəl bizneslə məşğul olan Fransa vətəndaşı Martin Rian Bakıda saxlanılıb. O, casusluqda ittiham olunur, bu zəmində Fransanın Azərbaycandakı səfirliyinin iki əməkdaşı persona non-qrata elan olunub.

Fransa Xarici İşlər Nazirliyi dekabrın 27-də diplomatlarına qarşı rəsmi Bakı tərəfindən irəli sürülən ittihamları qəti şəkildə rədd edib və qarşılıq olaraq Azərbaycanın iki diplomatını "persona non grata" elan etdiyini açıqlayıb.

Fransanın "Observer Online" qəzeti aprelin 6-da yazıb ki, bu iş üzrə daha bir nəfər - Azərbyacan vətəndaşı A.Məmmədli həbs olunub. O, "Fransa vətəndaşlığı verilməsi və maddi mükafat müqabilində" Fransa vətəndaşı Rianla "geniş məxfi əlaqələr" qurmaqda ittiham olunur.

Onun regionla bağlı məlumat toplamaqla və Fransa xüsusi xidmətlərinə ötürməklə məşğul olduğu iddia olunur.

Mənbənin məlumatına görə, Rian və A.Məmmədli kəşfiyyat əməkdaşlarının tapşırığı ilə Fransanın "Societe Generale" bankının əməkdaşları ilə əlaqələr qurublar.

Məmmədli Azərbaycan banklarında bankın "müxbir hesablarının" açılmasında və digər məsələlərlə bağlı banklararası müqavilələrin bağlanmasında iştirak edib.

Bütün bu məlumatlardan casusluğun nədən ibarət olduğu və bank hesabları açılmasının məsələ ilə hansı əlaqəsinin olduğu aydın deyil.

Qeyd edək ki, Rianın azərbaycanlı vəkili Amerikanın Səsinə işin məğzi ilə bağlı şərh verməyib.

"İstintaq sirri olduğuna görə məlumat verə bilmirəm. Onu deyə bilərəm ki, həbs müddəti 2023-cü il dekabrın 4-dən hesablanıb və bu il martın sonunda həbs müddəti daha 4 ay uzadılıb", o qeyd edib.

A.Məmmədlini isə kimin müdafiə etdiyini öyrənmək mümkün olmayıb. Onun ailə üzvləri də hələ hər hansı açıqlama verməyib.

Forum

XS
SM
MD
LG