Accessibility links

Paris Azərbaycanı sosial şəbəkələrdə Fransanı hədəfə alan kampaniya aparmaqda ittiham edir


Fransanın Xarici rəqəmsal müdaxilələrdən müdafiə üzrə Dövlət xidməti - Viginum Azərbaycanın Yeni Kaledoniyadakı iğtişaşlar fonunda sosial şəbəkələrdə Fransanı hədəf alan qaralama kampaniyası apardığını bildirib.

Viginum aprelin 17-də yaydığı hesabatında Azərbaycan mənşəlli hesabların son günlərdə X və Facebook platformalarında Fransa polisini Yeni Kaledoniyada etirazçılara atəş açmaqda ittiham edən “aşkar qeyri-dəqiq və ya aldadıcı məzmunun kütləvi və koordinasiyalı şəkildə” yaymasını aşkarladığını qeyd edib.

Hesabatda təkcə mayın 15-də X plaftormasında 1686 istifadəçinin Fransanı hədəfə alan saxta məlumatlar paylaşdığını, onlardan ən az 86-sının öz hesablarında Azərbaycanın hakim partiyası - Yeni Azərbaycan Partiyası (YAP) üzvü olduqlarını qeyd etmələrinə diqqət çəkilir.

Mayın 16-da isə X platformasında oxşar paylaşımlar edən 301 istifadəçinin ən az 112-sinin bioqrafiyasında YAP və Azərbaycandan olduqlarını qeyd etdikləri bildirilir.

Viginum foto və videomontajlardan ibarət saxta məlumatları ilk yayan istifadəçilərdən İslam Bafadarov adlı şəxsin YAP-da məsləhətçi işlədiyini, X hesabında Azərbaycan Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasında çalışdığını qeyd edən Elməddin Behbud adlı digər bir şəxsin isə daha əvvəl də oxşar kampaniyalarda iştirak etdiyini vurğulayıb.

Hesabatda həmçinin kampaniyada iştirak edən istifadəçilərin bir hissənin siyahısı, yayılmış saxta məlumatlara dair nümunələr əks etdirilir.

YAP iddialarla bağlı hələlik münasibət bildirməyib, Amerikanın Səsinin partiyanın məsələ ilə bağlı mövqeyini öyrənmək cəhdi isə uğursuz olub.

Fransanın daxili işlər naziri Jerald Darmanan mayın 16-da “France 2” televiziyasına müsahibəsində Azərbaycanı Fransanın Sakit okeandakı xüsusi inzibati-ərazi vahidi, həftə ərzində iğtişaşların baş verdiyi Yeni Kaledoniyanın daxili siyasətinə qarışmaqda ittiham edib. Rəsmi Bakı ittihamları rədd edib.

“Bu, fantaziya deyil, reallıqdır. Təəssüf edirəm ki, Kaledoniyanın müstəqillik tərəfdarlarının bəzi liderləri Azərbaycanla sövdələşiblər. Bu, danılmazdır”, Darmanan qeyd edib və Azərbaycanı diktatura adlandırıb.

Azərbaycanın Xarici İşlər Nazirliyi dərhal bəyanat yayaraq fransalı nazirin “əsassız fikirləri”ni tamamilə rədd etdiyini vurğulayıb.

“Fransanın daxili işlər naziri Azərbaycanı Yeni Kaledoniyada müstəqillik tərəfdarı etirazları dəstəkləməkdə ittiham etmək əvəzinə, ölkəsinin bu cür etirazlara səbəb olan dənizaşırı bölgələri ilə bağlı uğursuz siyasətinə diqqət yönəltməlidir”, Azərbaycan XİN-in sözçüsü Ayxan Hacızadə deyib.

Azərbaycan-Fransa münasibətləri İkinci Qarabağ müharibəsindən sonra tədricən pisləşməyə başlayıb. 2022-ci ilin sentyabrında Azərbaycan və Ermənistan arasında sərhəddə qanlı toqquşmalardan, daha sonra Azərbaycanın Qarabağa tam nəzarəti bərpa etməsi və yerli erməni əhalinin bölgəni tərk etməsi nəticələnən hərbi əməliyyatından sonra Fransanın Ermənistana açıq siyasi və hərbi dəstəyi artırması ilə daha da gərginləşib.

Bu dövr ərzində fransalı rəsmilər Azərbaycanı Qarabağ ermənilərinin hüquqlarını pozmaqda və Ermənistanın ərazi bütövlüyünü təhdid etməkdə, Bakı isə Fransanı Azərbaycanda separatçılığa dəstək verməkdə və Ermənistanı silahlandıraraq növbəti müharibəyə hazırlamaqda günahlandırıb.

Münasibətlərin gərginləşməsi fonunda ötən ilin dekabrında Azərbaycan Fransanın Bakıdakı səfirliyində fəaliyyət göstərən iki diplomatını ölkədən çıxarıb. Paris cavab olaraq eyni addımı atıb. Azərbaycan həmçinin Bakıda yaşayan Fransa vətəndaşını casusluq ittihamı ilə həbs edib.

Digər tərəfdən, Azərbaycan prezidenti İlham Əliyev 2023-cü ilin martında, daha sonra iyul ayında Qoşulmama hərəkatının Bakıda keçirilən konfranslarında Fransanı neokolonializmdə günahlandırıb.

2023-cü ilin iyulunda Bakıda Fransanın dənizaşırı ərazilərindən, o cümlədən Yeni Kaledoniyadan olan separatçı və müstəqillik tərəfdarlarını bir araya toplayan konfrans keçirilib.

Konfransın yekununda “Fransa müstəmləkəçiliyinə” qarşı mübarizə aparmaq məqsədi ilə “Bakı Təşəbbüs Qrupu” yaradılıb. Qrup son dönəmlərdə bu mövzu ətrafında bir sıra tədbirlər, görüşlər və kampaniyalar həyata keçirib.

Ötən bir il ərzində Azərbaycanın hökumətə yaxın mediasında, o cümlədən Azərbaycan Dövlət İnformasiya Agentliyində Yeni Kaledoniya və Fransanın digər əraziləri ilə bağlı adətən Fransanı “müstəmləkəçilikdə” ittiham edən yazıların sayı artıb, Yeni Kaledoniyada müstəqillik tərəfdarların nümayişlərində Azərbaycan bayraqları və Azərbaycan prezidenti İlham Əliyevin portretləri peyda olub.

“Bakı Təşəbbüs Qrupu” mayın 16-da yaydığı bəyanatında Fransa hökumətinin Yeni Kaledoniyada apardığı siyasəti pisləyib, baş verən iğtişaşlardan Fransa hökumətinin məsuliyyət daşıdığını qeyd edib və yerli Kanak xalqına dəstəyini ifadə edib.

Forum

XS
SM
MD
LG