Accessibility links

Türkiyə və Ermənistan münasibətlərin normallaşmasını müzakirə edib


 Rəcəb Tayyib Ərdoğan və Nikol Paşinyan (Mənbə: Sosial media)
Rəcəb Tayyib Ərdoğan və Nikol Paşinyan (Mənbə: Sosial media)

İyunun 18-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Ermənistanın Baş naziri Nikol Paşinyan arasında telefon danışığı olub.

Türkiyə Prezidenti Administrasiyası və Ermənistan Baş Naziri Aparatı telefon dasnışığı ilə bağlı eyni məzmunlu məlumat yayıb.

Məlumatlarda deyilir ki, hər iki lider Türkiyə-Ermənistan münasibətlərinin ilkin şərtsiz tam şəkildə normallaşdırılması istiqamətində siyasi iradənin mövcudluğunu vurğulayıb.

“Telefon danışığı zamanı xüsusi nümayəndələr səviyyəsində danışıqların davam etdirilməsinin vacibliyi qeyd olunub, indiyədək razılaşdırılmış məsələlər təsdiq edilib. Liderlər həmçinin Türkiyə və Ermənistanın yüksək səviyyəli dövlət rəsmiləri arasında davam edən dialoqu məmnunluqla qeyd ediblər. Telefon danışığında regional və beynəlxalq proseslər də müzakirə predmeti olub”, məlumatda qeyd edilir.

Türkiyə-Ermənistan münasibətləri barədə

1991-ci il sentyabrın 21-də Ermənistan müstəqilliyini elan etdikdən sonra Türkiyənin rəsmi nümayəndə heyəti Yerevanda ölkənin birinci Prezidenti Levon Ter-Petrosyanla görüşüb. 1991-ci il dekabrın 16-da Türkiyə Ermənistanı ilk tanıyan ölkələrdən olub.

1993-cü il aprelin 3-də Ermənistan hərbçiləri Azərbaycanın Kəlbəcər rayonuna daxil olduqdan sonra rəsmi Ankara bu ölkə ilə bütün sərhədləri bağladığını, dəmir yolu və hava əlaqələrini, tranzit ticarət xətlərini kəsdiyini elan edib.

22 aprel 2009-cu ildə Türkiyə, Ermənistan və İsveçrə xarici işlər nazirləri birgə bəyanatla çıxış edərək iki ölkənin "əhatəli çərçivə haqqında razılığa gəldiyini və normallaşma üçün yol xəritəsinin müəyyən olunduğunu" elan edib.

Bu razılaşma rəsmi Bakı tərəfindən kəskin tənqidlərlə qarşılanıb.

Tənqidlərdən sonra ozamankı Baş nazir Rəcəb Tayyib Ərdoğan 14 may 2009-cu ildə Bakıya səfər edib və Azərbaycan parlamentindəki çıxışında bəyan edib ki, Ermənistan-Türkiyə sərhədləri Yuxarı Qarabağ “Ermənistanın işğalı altına düşəndə bağlanıb. Bu vəziyyət dəyişəndə qapılar açılacaq. Azərbaycanlı qardaşlarımızla razılaşmadan bu məsələylə bağlı heç bir addım ata bilmərik".

Bunlara baxmayaraq 2009-cu il oktyabrın 10-da İsveçrənin Sürix şəhərində ABŞ-ın Dövlət katibi Hillari Klinton, Rusiyanın xarici işlər naziri Sergey Lavrov və Fransanın xarici işlər naziri Bernard Kouchnerin iştirakıyla Türkiyə və Ermənistanın xarici işlər nazirləri Ahmet Davutoğlu və Edvard Nalbandyan protokollar imzalayıb.

Bu yaxınlaşma Azərbaycanla yanaşı Türkiyə və Ermənistanda da narazılıqlara səbəb olub.

2010-cu il yanvarın 10-da Ermənistanın Konstitusiya Məhkəməsi müəyyən şərtlər yerinə yetirildiyi təqdirdə protokolların icrasının konstitusiyaya zidd olmayacağı barədə qərar qəbul edib. Əsas şərtlərdən biri "1915-ci il hadisələrinin qeyd-şərtsiz soyqırımı kimi qəbul edilməsi" idi.

Bundan sonra Türkiyə Xarici İşlər Nazirliyi sərt bir bəyanatla çıxış edərək bu şərtin qəbul edilməyəcəyini açıqlayıb.

2010-cu il aprelin 10-da Vaşinqtonda keçirilən Nüvə Təhlükəsizliyi Sammiti çərçivəsində Ərdoğan və Ermənistan prezidenti Sarkisyan sonuncu dəfə görüşüb. Bu görüşdən sonra sərhədlərin açılması qeyri-müəyyən vaxtadək təxirə salınıb.

2020-ci ilin sentyabr-noyabr aylarında 44 günlük müharibə nəticəsində Azərbaycan beynəlxalq birlik tərəfindən tanınan ərazisində suverenliyini bərpa etdikdən sonra Türkiyə-Ermənistan münasibətlərində yeni səhifə açılıb. Hazırda Azərbaycan və Ermənistan arasında sülh sazişinin bağlanması üçün intensiv danışıqlar davam etdirilir. İki ölkənin sərhədlərinin delimitasiyası sahəsində addımlar atılmaqdadır. Türkiyə dəfələrlə bəyan edib ki, Türkiyə-Ermənistan münasibətlərinin müsbət məcrada inkişafı Azərbaycan-Ermənistan münasibətlərindəki inkişafla ehtiva edilir.

Forum

XS
SM
MD
LG