Accessibility links

Brüsseldə NATO-Azərbaycan tərəfdaşlığının vəziyyəti və perspektivləri müzakirə edilib


Brüsseldə NATO-Azərbaycan tərəfdaşlığının mövcud vəziyyəti və gələcək perspektivləri müzakirə edilib. (Foto: Cəfər Hüseynzadə X platformasından götürülüb)
Brüsseldə NATO-Azərbaycan tərəfdaşlığının mövcud vəziyyəti və gələcək perspektivləri müzakirə edilib. (Foto: Cəfər Hüseynzadə X platformasından götürülüb)

Brüsseldə NATO Daimi Nümayəndələrin Müavinləri Komitəsi ilə Azərbaycanın iclası keçirilib.

Bu barədə Azərbaycanın NATO-dakı nümayəndəsi Cəfər Hüseynzadə “X” platformasında paylaşım edib.

O qeyd edib ki, iclasda Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev də iştirak edib.

Cəfər Hüseynzadə paylaşımda qeyd edib ki, Hikmət Hacıyev NATO-Azərbaycan tərəfdaşlığının mövcud vəziyyəti və gələcək perspektivləri, Azərbaycanın regional əlaqələnmə və enerji təhlükəsizliyində mühüm rolu, COP29-a hazırlıq prosesi, iqlim və yaşıl həmrəylik gündəliyi, eləcə də Ermənistanla normallaşma prosesi və sülh gündəminin irəliləməsi ətrafında məhsuldar müzakirələr aparıb.

Azərbaycan-NATO əlaqələri

NATO Azərbaycanla təhlükəsizlik, müdafiə islahatları və terrorla mübarizə də daxil olmaqla, bir çox sahələrdə əməkdaşlıq edir. Ölkənin islahatlar səylərinə dəstək NATO üçün prioritetdir.

Bu barədə NATO-nun Azərbaycanla əməkdaşlığı əks etdirən rəsmi məlumatında deyilir.

NATO ilə münasibətlər 1992-ci ildə Azərbaycanın Şimali Atlantika Əməkdaşlıq Şurasına üzv olması ilə başlayıb. İkitərəfli əməkdaşlıq isə Azərbaycanın 1994-cü ildə Sülh Naminə Tərəfdaşlıq (SNT) proqramına qoşulması ilə başlayıb.

NATO və Azərbaycan 2008-ci ildə NATO standartlarını ölkənin Peşəkar Hərbi Təhsil (PME) müəssisələrinin tədris metodologiyalarına və kurikulumlarına inteqrasiya etmək üçün birgə razılaşdırılmış Müdafiə Təhsilinin Təkmilləşdirilməsi Proqramı (DEEP) üzərində işə başlayıb.

DEEP həmçinin Azərbaycanda yeni yaradılmış dil tədris mərkəzini dəstəkləyir.

1999-2008-ci illərdə Azərbaycan qoşunları NATO-nun Kosovodakı sülhməramlı qüvvələrinin tərkibində olub.

Azərbaycan 2002-ci ildən 2014-cü ilədək, NATO-nun rəhbərlik etdiyi əməliyyatın sonuna qədər Əfqanıstanda NATO-nun rəhbərlik etdiyi Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələrinə fəal dəstək verib. Ölkə həmçinin təlim, məsləhət və yardım məqsədilə növbəti Qətiyyətli Dəstək Missiyasını dəstəkləyib. Əfqanıstan təhlükəsizlik qüvvələri və NATO-nun Əfqanıstan Milli Ordusu Etimad Fonduna töhfə verib.

Rəsmi məlumatda deyilir ki, Azərbaycan mühüm enerji infrastrukturunun, o cümlədən terror hücumlarından qorunmasında maraqlıdır və Milli Təhlükəsizlik Nazirliyi Beynəlxalq Antiterror Təlim Mərkəzinin yaradılması üçün NATO elementləri ilə əməkdaşlıq edib.

NATO-nun Avro-Atlantik Fəlakətlərə Cavab Koordinasiya Mərkəzi (EADRCC) ilə əməkdaşlıq çərçivəsində Azərbaycan milli mülki fövqəladə hallar və fəlakətlərin idarə edilməsi imkanlarını inkişaf etdirir. Ölkə təlimlərdə iştirak edir, EADRCC-yə öz heyətini verib. EADRCC-nin təcili yardım sorğularından sonra Azərbaycan müttəfiq və tərəfdaş ölkələrə fəlakətlərə cavab vermək imkanlarını (yanğınsöndürən təyyarə və helikopterlər kimi) təklif edib.

1995-ci ildən Azərbaycan NATO-nun Sülh və Təhlükəsizlik Naminə Elm (SPS) Proqramı çərçivəsində fəaliyyət göstərir. Praktiki əməkdaşlığın aparıcı sahələrinə kibermüdafiə və terrorla mübarizə daxildir.

Əməkdaşlığın digər əsas istiqaməti informasiyaya çıxışın yaxşılaşdırılması və ictimaiyyətin NATO və NATO-Azərbaycan əməkdaşlığının faydaları haqqında məlumatlılığının artırılmasıdır.

Azərbaycanın Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyi partlamamış hərbi sursatların demilitarizasiyasına yardım edən NATO Etimad Fondunun bir sıra layihələri üzrə müttəfiqlərlə əməkdaşlıq edib. Belə layihələrdən biri keçmiş sovet hərbi sursat anbarında baş vermiş partlayışdan sonra 5,68 milyon kvadrat metr sahədən 640 000 ədəd partlamamış hərbi sursatın təhlükəsiz şəkildə utilizasiyası ilə nəticələnib.

Martın 17-də NATO-nun Baş katibi Yens Stoltenberqin Azərbaycana rəsmi səfəri başlayıb.

NATO-nun Baş katibi Yens Stoltenberq səfəri çərçivəsində Prezident İlham Əliyev, müdafiə naziri Zakir Həsənovla, xarici işlər naziri Ceyhun Bayramovla görüşüb.

Danışıların əsas istiqamətləri Azərbaycan-NATO tərəfdaşlığının prespektivləri, hərbi əlaqələr, Azərbaycan-Ermənistan sülh danışıqları, enerji təhlükəsizliyi, regional təhlükəsizlik, COP 29 olub.

Turan agentliyinin Siyasi redaksiyasının redaktoru Şahin Hacıyev Amerikanın Səsinə deyib ki, NATO Cənubi Qafqazı özünün maraq dairəsi sayır və buradakı ölkələri tərəfdaş hesab edir. NATO-Azərbaycan əməkdaşlığının genişləndirilməsinin Azərbaycan üçün perspektivlərinə toxunan Hacıyev hesab edir ki, bu, Azərbaycan Ordusunun gücləndirilməsi üçün lazımdır.

Forum

XS
SM
MD
LG