2023-cü ilin sonundan Ukrayna Silahlı Qüvvələrinin rəsmi keşişi kimi xidmət edən 50 yaşlı Yevgeni Savçenko tez-tez cəbhə bölgəsində öz vəzifəsini yerinə yetirir. Savçenko həm də səkkiz uşaq atası və Ukraynanın Luhansk vilayətindəki Yevangelist Baptist kilsəsinin keşişidir.
Yevgeni Savçenko: "Salam! Ukraynanın Tanrı xidməti sizin üçün buradadır!"
Yevgeni Savçenko 30 ilə yaxındır doğulduğu Luhansk vilayətinin Rubijne şəhərindəki "Nadya" Yevangelist Baptist Kilsəsinin keşişidir. 50 yaşlı səkkiz uşaq atası 2017-ci ildən bəri ukraynalı döyüşçülərə yardım etmək üçün cəbhə bölgələrinə gedir.
O, yeddi ildir qeyri-rəsmi olaraq keşiş vəzifəsini icra etdiyini deyir. 2023-cü ildə isə o, rəsmi olaraq Ukrayna Silahlı Qüvvələrində hərbi keşiş kimi xidmət göstərməyə başlayıb. Ukrayna hərbi keşişi Yevgeni Savçenko: "Mən döyüşçülərimizlə, əsgərlərimizlə görüşürəm. Və deməliyəm ki, həqiqətən də bütün güclərini verən insanlar olduqları üçün döyüşçülərimizi sevirəm".
O, yaralılara da baş çəkir. "Ya Rəbbim, mərhəmətinə görə təşəkkür edirəm. Ya Rəbbin, ona şəfa ver və tez sağalması üçün güc ver!"
Ukrayna Silahlı Qüvvələrində hərbi keşiş kimi xidmət göstərmək yeni bir haldır.
Ukrayna Parlamenti digər NATO ölkələrində olduğu kimi bununla bağlı qanunu 2021-ci ilin noyabrında qəbul edib.
Savçenko deyir ki, söhbət təkcə hansısa inancdan deyil, sadəcə olaraq əsgərlərə yaxın olmaqdan gedir. "Mən din xadimi olaraq xidməti tolerantlıq, qardaşlıq nümunəsi kimi görürəm. Həqiqətən də, müxtəlif məzhəblər və müxtəlif dinlərdən olan məsələn, müsəlmanlara mənsub din xadimləri var. Amma biz hamımız bir-birimizi başa düşürük və bir-birimizlə razılaşırıq".
Bu, təkcə mənəvi şəfa verməklə bağlı deyil. Məsələn, Donbas bölgəsində ukraynalı döyüşçülər üçün nəzərdə tutulmuş bu səyyar hamam Savçenkonun ideyasıdır. Yevgeni Savçenko: "Mənim üçün ən böyük mükafat onların hamamdan istifadə etdiyini görmək, sonra çıxıb "özümü evdəki kimi hiss edirəm" demələrini eşitməkdir."
Səyyar hamama eyni zamanda 5 nəfər daxil ola bilər. Amma əsgərlər burada yalnız çimmir, burada həm də onların istifadə edə biləcəyi paltaryuyan maşınlar da var.
Əsgər: "Mən hamamı çox bəyəndim. O qədər istidir ki, buxar da qəbul etdim. Sabah yenə gələcəm. Mən bir neçə şey yuyacam."
Savçenko deyir ki, bu yarı gün görüləcək iş kimi deyil. "Bu, ailə həyatı və gündəlik həyatı qurban vermək deməkdir. Bu, evinizi tərk etmək və hər zaman briqadanızda qalmaq deməkdir. Təəssüf ki, hər keşiş bu yolla gedə bilmir."
Savçenkonun ailəsi, o cümlədən bütün səkkiz övladı onu evdə gözləyir. Onun 20 yaşlı böyük oğlu artıq atasının yolunu davam etdirir və könüllü olaraq keşişin köməkçisi kimi cəbhə bölgələrinə gedib.
Forum