Accessibility links

Jurnalist Nərgiz Absalamovanın həbs müddəti üç ay uzadıldı


Nərgiz Absalamova
Nərgiz Absalamova

"AbzasMedia işi" üzrə həbs edilmiş jurnalist Nərgiz Absalamovanın həbs-qətimkan tədbirinin müddəti uzadılıb. Bu barədə iyunun 11-də Xətai rayon Məhkəməsində qəbul olunub.

Məhkəmə bununla bağlı istintaq orqanın təqdimatını təmin edib.

Nərgiz Absalamovanın vəkili Şəhla Hümmətovanın verdiyi açıqlamaya görə, məhkəmə jurnalistin həbs müddətini daha üç ay (sentyabrın 20-dək) uzadıb.

“İstintaq orqanı həbs müddətinin uzadılmasını onunla əsaslandırdı ki, əlavə istintaq hərəkətlərinin aparılması zərurəti yaranıb. Bu istintaq hərəkətləri keçirilən zaman o azadlıqda qalarsa, digər şəxslərlə əlaqəyə girib məlumat mübadiləsi edə bilər. İstintaqın gedişatına mane ola bilər”, vəkil qeyd edib.

Onun sözlərinə görə, məhkəməyə jurnalist Nərgiz Absalomava da gətirilib.

Vəkil qeyd edib ki, hazırda jurnalistin səhhətində problem yaranıb.

Müdafiə tərəfi apellyasiya şikayəti verəcəyini bildirib.

Jurnalist Nərgiz Absalamova-Xətai rayon məhkəməsindən çıxarkən.
Jurnalist Nərgiz Absalamova-Xətai rayon məhkəməsindən çıxarkən.

Eyni zamanda Xətai rayon Məhkəməsində "Abzas Media" medianın təsisçisi Ülvi Həsənli və saytın baş redaktoru Sevinc Vaqifqızının da həbs müddətinin uzadılması ilə bağlı təqdimata baxılmalı idi. Lakin müəyyən səbəbdən məhkəmə iyunun 12-dək təxirə salınıb.

"Abzas Media" ilə bağlı cinayət işi üzrə ötən ilin noyabrın 20-də saytın direktoru Ülvi Həsənli həbs olunub. İstintaqın həmin gün onun evində və "Abzas Media"nın ofisində axtarış apardığı və ofisdən 40 min avro pul tapıldığı bildirilir.

Daha sonra noyabrın 20-də direktor müavini Məhəmməd Kekalov, 21-ə keçən gecə xaricdən qayıdanda hava limanında saytın baş redaktoru Sevinc Vaqifqızı həbs olunub. Həmin iş üzrə jurnalistlər Nərgiz Absalamova, Elnarə Qasımova və araşdırmaçı jurnalist Hafiz Babalı da həbs olunub.

Mayın 30-da isə "Abzas Media" işi üzrə iqtisadçı Fərid Mehralızadə saxlanılıb. İyunun 1-də Xətai Rayon Məhkəməsi iqtisadçı barəsində 3 ay 20 gün müddətinə həbs qətimkan tədbiri seçib. Mehralızadə məhkəmədə təqsiri olmadığını və "Abzas Media" ilə heç bir işgüzar fəaliyyətinin olmadığını deyib.

Onların hamısına Cinayət Məcəlləsinin 206.3.2-ci (öncədən əlbir olan bir qrup şəxs tərəfindən qaçaqmalçılıq) maddəsi ilə ittiham verilib. Bu maddənin sanksiyasında 5 ildən 8 ilədək həbs cəzası nəzərdə tutulub.

Həmin iş üzrə bir sıra vətəndaş cəmiyyəti nümayəndəsi müxtəlif vaxtlarda Bakı Şəhər Baş Polis İdarəsində şahid qismində dindirilib, daha sonra sərbəst buraxılıblar.

Həbs olunanların heç biri özünü təqsirli bilmir, həbslərinin peşə fəaliyyətləri ilə bağlı olduğunu bildirir.

Beynəlxalq media müdafiə təşkilatları Azərbaycan hakimiyyətini saxlanan jurnalistləri dərhal azad etməyə, müstəqil mediaya təzyiqləri dayandırmağa çağırıb.

Azərbaycan hakimiyyəti isə ölkədə insanların siyasi baxışlarına görə təqib edilmədiyini və bütün fundamental hüquqların tam təmin edildiyini bəyan edir.

Forum

XS
SM
MD
LG