Accessibility links

Jurnalist Nərgiz Absalamovanın apellyasiya şikayəti təmin edilməyib


Nərgiz Absalamova
Nərgiz Absalamova

İyunun 3-də Bakı Apellyasiya Məhkəməsində “Abzas Media işi” üzrə həbs olunan jurnalist Nərgiz Absalamovanın apellyasiya şikayətinə baxılıb. Bu barədə məlumatı onun vəkili Rövşanə Rəhimli verib. Vəkilin sözlərinə görə mayın 25-də Xətai Rayon Məhkəməsi jurnalistin həbs qətimkan tədbirini daha 22 gün uzadıb, şikayət də bu qərardan verilib.

“Şikayətimiz təmin olunmadı. Əsaslandırmanı belə göstərirlər ki, guya Nərgiz azadlıqda qalarsa istintaqın gedişatına hər hansı formada mane törədə bilər, şahidlərə təsir göstərə bilər və sair. Yəni hər zaman olduğu kimi ittiham tərəfinin bu cür şablon ehtimallardır”.

Nərgiz Absalamovanın həbs müddəti artıq ikinci dəfədir ki, uzadılır. Bu ilin fevralından etibarən “Abzas Media”nın bu iş üzrə həbs edilmiş digər 5 əməkdaşının da həbs müddəti uzadılıb.

"Abzas Media" ilə bağlı cinayət işi üzrə ötən ilin noyabrın 20-də saytın direktoru Ülvi Həsənli həbs olunub. İstintaqın həmin gün onun evində və "Abzas Media"nın ofisində axtarış apardığı və ofisdən 40 min avro pul tapıldığı bildirilir.

Daha sonra noyabrın 20-də direktor müavini Məhəmməd Kekalov, 21-ə keçən gecə xaricdən qayıdanda hava limanında saytın baş redaktoru Sevinc Vaqifqızı həbs olunub. Həmin iş üzrə jurnalistlər Nərgiz Absalamova, Elnarə Qasımova və araşdırmaçı jurnalist Hafiz Babalı da həbs olunub.

Mayın 30-da isə Xətai Rayon Məhkəməsi “Agora – Analitik Kollektiv”in həmtəsisçisi, iqtisadçı Fərid Mehralızadə barəsində 3 ay 20 gün müddətinə həbs qətimkan tədbiri seçib. Mehralızadə məhkəmədə təqsiri olmadığını və "Abzas Media" ilə heç bir işgüzar fəaliyyətinin olmadığını deyib.

Onların hamısına Cinayət Məcəlləsinin 206.3.2-ci (öncədən əlbir olan bir qrup şəxs tərəfindən qaçaqmalçılıq) maddəsi ilə ittiham verilib. Bu maddənin sanksiyasında 5 ildən 8 ilədək həbs cəzası nəzərdə tutulub.

Həmin iş üzrə bir sıra vətəndaş cəmiyyəti nümayəndəsi müxtəlif vaxtlarda Bakı Şəhər Baş Polis İdarəsində şahid qismində dindirilib, daha sonra sərbəst buraxılıblar.

Həbs olunanların heç biri özünü təqsirli bilmir, həbslərinin peşə fəaliyyətləri ilə bağlı olduğunu bildirir.

Beynəlxalq media müdafiə təşkilatları Azərbaycan hakimiyyətini saxlanan jurnalistləri dərhal azad etməyə, müstəqil mediaya təzyiqləri dayandırmağa çağırıb.

Azərbaycan hakimiyyəti isə ölkədə insanların siyasi baxışlarına görə təqib edilmədiyini və bütün fundamental hüquqların tam təmin edildiyini bəyan edir.

Forum

XS
SM
MD
LG