Azərbaycan prezidenti İlham Əliyev Birləşmiş Ştatların yeni seçilmiş prezidenti Donald Trampı təbrik edib. Təbrikdə Azərbaycanın Birləşmiş Ştatlarla münasibətlərinin hərtərəfli inkişafına xüsusi əhəmiyyət verdiyi qeyd edilir. Birləşmiş Ştatlar administrasiyası son bir neçə il ərzində Azərbaycan və Ermənistan arasında münaqişənin həlli istiqamətində səylərini artırıb. ABŞ iki ölkə arasında davamlı və ləyaqətli sülhün əldə edilməsinə sadiqiyini dəfələrlə bəyan edib. Prezident Bayden Azərbaycan prezidenti İlham Əliyevə və Ermənistanın baş naziri Nikol Paşinyana keçən ay göndərdiyi məktubda hər iki lideri sülh sazişini yekunlaşdırmağa çağırıb. Vaşinqtonda fəaliyyət göstərən jurnalist Ələkbər Raufoğlu Amerikanın Səsinə müsahibədə Respublikaçılar partiyasından 2024-cü il seçkilərində prezidentliyə namizəd Donald Trampın yenidən ABŞ lideri seçilməsindən sonra Birləşmiş Ştatların növbəti administrasiyasının Cənubi Qafqazda prioritetləri və ABŞ-Azərbaycan münasibətlərinin gələcəyi ilə bağlı fikirlərini bölüşüb.