Noyabrın 12-də BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Liderlər Sammitində Azərbaycanın müsəlman, xristian və yəhudi dini liderləri də qatılıb.
Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülisalm Hacı Allahçükür Paşazədə dünyadakı münaqişlərdə atəşkəs elan edilməsi təşəbbüsü ilə bağlı Amerikanın Səsinin sualını cavablandırıb.
Paşazadə Amerikanın Səsinin COP29-da “Azərbaycan dünyadakı münaqişələrdə atəşkəs elan edilməsi ilə bağlı bəyanatla çıxış edib. Bu dövrdə dünyada münaqişə ocaqlarında hələ də atəşkəs yoxdur. Sizin münasibət necədir?” sualının cavabında deyib.
“Mən elə bilirəm ki, atəşkəsin elan olunması mühüm məsələdir. Bu bir daha göstərir ki, Azərbaycan sülh istəyir. Sülhməramlıdır. Ona görə də, dünyada sülhün bərqərar olmağını istəyir. Biz 5-6 noyabr tarixlərində COP29 çərçivəsində dünya dini liderlərinin qlobal sammitini keçirdik. Orada da bizim bəyanat var idi. COP29-a ünvanladıq. Oradada biz atəşkəs məsələsini dəstəklədik. Amma bu atəşkəs necə olacaq? Nə cür təsir edəcək bilmirik. Onu bilirik ki, bu, yaxşı addımdır. Bütün dünya ictimaiyəti bunu bəyənməlidir,” Qafqaz Müsəlmanları İdaqəsinin sədri Amerikanın Səsinə bildirib.
Sentyabrın 29-da Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 79-cu sessiyasında ümumi müzakirələrdəki çıxışında noyabr ayında Azərbaycanda keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) ayında münaqişələrdə bütün tərəfləri atəşkəsə çağırıb.
Azərbaycan xarici işlər naziri çıxışında həmçinin COP29, karbon təsirlərinin azaldılması, qlobal temperatur artımı, beynəlxalq sülh və təhlükəsizlik, Ermənistan və Azərbaycan arasında sülh prosesi, yaşıl enerjiyə keçid məslələrini diqqətə gətirib.
“COP29 eyni zamanda, fikir ayrılıqlarının bir kənara qoyulması və qlobal sülhə və iqlim gündəliyinə töhfə verilməsi üçün bir fürsət olacaqdır. Münaqişələr və getdikcə kəskinləşən iqlim böhranı kimi məsələlər arasında əlaqəni nəzərə alaraq, Azərbaycan bir neçə gün əvvəl COP29 naminə Birgə Atəşkəs Çağırışı flaqman təşəbbüsünü elan edib. Mindən çox qeyri-hökumət təşkilatı, dini liderlər və görkəmli şəxsiyyətlər və bir çox tərəf artıq bu çağırışa qoşulub. Biz COP29 ayı ərzində hər kəsi siyasi fikir ayrılıqlarını aşmağa, həmrəy olmağa və Atəşkəsə hörmət etməyə çağırırıq”, nazir qeyd edib.
Forum