BMT-nin İqlim Dəyişiklikləri üzrə Çərçivə Konvensiyasının (UNFCCC) icraçı katibi Saymon Stil COP 29 çərçivəsində Bakıda "Yeni Kollektiv Kəmiyyət Məqsədi" (NCQG) adlandırılan iqlim maliyyə hədəfinin qəbul olunması üçün üzv dövlətlərə müraciət edib.
O, UNFCCC-nin 29-cu sessiyasında 22 noyabra qədər davam edəcək müzakirələrin iqlim böhranına cavab vermək üçün vacib platforma olduğunu vurğulayıb.
"Bu böhran bütün dünyada hər bir insana təsir edir. Tərəflər bu qarışıqlıqdan çıxış yolu tapmalıdır. Məhz buna görə də burada, Bakıda iqlim maliyyəsi üçün yeni qlobal hədəfi razılaşdırmalıyıq", o bildirib.
Stil xəbərdarlıq edib ki, əgər dünyanın ən azı üçdə iki hissəsi sürətlə emissiyaları azaltmaq imkanına malik olmazsa, bütün ölkələr ağır bədəllər ödəyəcək. O, təchizat zəncirlərində dayanıqlığın təmin edilməsinin iqtisadi itkilərin qarşısını almaq üçün zəruri olduğunu qeyd edib.
"İqlim maliyyəsinin xeyriyyəçilik kimi qəbul edilməsindən imtina edək", icraçı katib vurğulayıb.
"İqlim dəyişikliyinə qarşı mübarizə üçün yeni, ambisiyalı maliyyə hədəfi, o cümlədən ən böyük və ən varlı ölkələrin də maraqlarına tam cavab verir. Lakin yalnız bir məqsədi razılaşdırmaq kifayət deyil. Ölkələrə zəruri büdcə manevr imkanları yaratmaq üçün qlobal maliyyə sistemini islah etməliyik".
Stil həmçinin Paris Sazişinin 6-cı maddəsi üzrə müzakirələrin tamamlanmasından sonra beynəlxalq karbon bazarlarının işə salınmasının vacibliyini vurğulayıb.
"COP 28-də Dubayda razılaşdırılan hədəflərin həyata keçirilməsi üçün iqlim mitiqasiya səylərini irəli aparmalıyıq. Qlobal orta temperaturun 1,5 dərəcə selsi ilə məhdudlaşdırılması hədəfinin əlçatmaz olmasına imkan verməməliyik. Hətta temperatur artsa belə, razılaşmalarımız bu prosesi geri çevirməyə kömək etməlidir", o bildirib.
İcraçı katibin sözlərinə görə, 2024-cü ildə təmiz enerji və əlaqəli infrastruktur sahəsinə yatırımların 2 trilyon dollara çatacağı gözlənilir ki, bu da fosil yanacaqlara ayrılan məbləğin iki qatına yaxındır.
"Təmiz enerji və iqlim dayanıqlılığına keçid dayandırıla bilməz. Bizim vəzifəmiz bu prosesi sürətləndirmək və onun faydalarını bütün ölkələrə və icmalara çatdırmaqdır", o əlavə edib.
Stil 2025-ci ildə başlayacaq Zərərlərin və İtkilərin Qarşılanması Fondunu da qeyd edərək maliyyə və texniki dəstək mexanizmlərinin təkmilləşdirilməsinin davam etdirilməsinin vacibliyini vurğulayıb. O əlavə edib ki, 2024-cü ilin sonuna qədər təqdim ediləcək BMT-nin ikiillik şəffaflıq hesabatları (BTR) iqlimlə bağlı irəliləyişi və aradan qaldırılmalı olan boşluqları daha aydın göstərəcək.
"Gələn il bütün ölkələr üçüncü nəsil Milli Müəyyənləşdirilən Töhfələrini (NDC 3.0) təqdim edəcək. Hazırlıq və yayılmada dəstək olmaq üçün UNFCCC COP 29-dan başlayaraq gələn ilin sentyabrına qədər davam edəcək 'İqlim Planı' kampaniyasına start verəcək", icraçı katib qeyd edib.
O əlavə edib ki, kampaniya BMT Baş katibi və COP 30-a sədrlik edəcək Braziliyanın iqlim fəaliyyətini dəstəkləyən səylərlə uyğunlaşdırılacaq. 2025-ci ildən etibarən keçiriləcək İqlim Həftələri isə müzakirə prosesi və COP 29 nəticələri ilə daha sıx əlaqələndiriləcək.
"Biz Bakını əhəmiyyətli nəticələr əldə etmədən tərk edə bilmərik", Stil vurğulaıb.
"Tərəflər bu anın əhəmiyyətini dərk etməli və müvafiq şəkildə hərəkət etməlidir. COP 29-da qətiyyət və yaradıcı yanaşma nümayiş etdirin. Bütün tərəflərin birləşməsi və qlobal əməkdaşlığın nəyə qadir olduğunu göstərməsi lazımdır. İndi məğlub olmadığımızı sübut etmək vaxtıdır - biz möhkəm dayanırıq. Gəlin birgə səylərlə bu fürsətdən maksimum istifadə edək", icraçı katib qeyd edib.
Azərbaycanda Tərəflər Konfransının builki tədbirləri noyabrın 11-dən 22-dək davam edəcək. Noyabrın 12-13-də Dünya liderlərinin İqlim Fəaliyyətinin Təqdimatı baş tutacaq.
Rəsmi məlumata görə, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyanın tərəf dövlətlərindən 80-ə yaxın dövlət və hökumət başçısı noyabrın 12-dən 13-dək COP29 çərçivəsində Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammitinin yüksək səviyyəli seqmentində rəsmi bəyanatlarla çıxış edəcək.
BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının (UNFCCC) Tərəflər Konfransı 1995-ci ildən hər il keçirilir. Bu tədbirin keçirilməsində əsas məqsəd dünyada iqlim dəyişikliyi ilə mübarizədə irəliləyişləri qiymətləndirməkdir.
Forum